Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Hamımız vərəm, rematizma xəstəsiyik” altı nömrəli xəstəxananın morqundan – REPORTAJ

“Hamımız vərəm, rematizma xəstəsiyik” altı nömrəli xəstəxananın morqundan – REPORTAJ

Məncburi köçkünlərin yaşadığı bu zirzəmidən onların dediyinə görə yazanlar çox olub, amma aidiyyatı qurumlar onları bu ölüm düşərgəsindən çıxarmağa maraqlı deyillər. Altı nömrəli xəstəxananın morquna getmək üçün “Gənclik” metrosundan çıxıb bir az piyada yol qətt edərək, “Odlar Yurdu” universitetinin yaxınlığında yerləşən “Koroğlu Rəhimov” küçəsinə yollanırıq. Küçənin girişində Zəngilan rayonundan olan yaşlı kişi jurnalist olduğumuzu biləndə, başını bullayır:“Oğul, aşağı tərəfə düşün, orda adamlar var onlar sizə öz problemlərini deyərlər. Mənim danışası halım yoxdu”.
Yaşlı kişidən ayrılıb dediyi yerə gedirik. Binanın qarşısında bir neçə sakini görüb onlara yaxınlaşırıq. Elə hardan gəldiyimizi yaxşı anlayırlar.
Bununla da bir qrup məcburi köçkün yaşadıqları bu şəraitdən gileylənirlər: “Burda iyirmi ailənin uşağı vərəm dispanserində qeydiyyatdadı. Bu zirzəmidə iyirmi ildən çoxdur ki, yaşayan adamlar var. Bir otaqda beş ailə yaşayır. Təsəvvür elə valideyn böyük oğlunun – qızının yanında necə narahat olur. Təsəvvür elə keçib şifanerin arxasında paltarımızı dəyişirik. Bununla bağlı bütün qurumlara müraciət etmişik. Mavi qaz yoxdu, təkcə işığımız var və qışda da hamı elektriktən istifadə edəndə, aləm bir – birinə dəyir. Kanalizasiya təmizləyənlərə buranın ünvanını deyəndə, qan ağlayırlar. Hər dəfə nə qədər gəlib kanalizasiya təmizləmək olar. Yerləşdiyimiz bu binanın zirzəmisi 6 nömrəli xəstəxananın morqu kimi nəzərdə tutulub. Yuxarı mərtəbələr isə xəstəxana üçün nəzərdə tutulubmuş. Amma, görünür o morqun canlı meyidləri olmaq bizim qismətimizə yazılıb”.
 
“Biz torpaqlarımıza qayıtmaq istəyirik…”
“Bizimki yaşamaq deyil” – deyir Qarabağ döyüşçüsü Röfşən Yusifov: “Mən özüm üç dəfə döyüşdə yaralanmışam. Qarabağ veteranıyam. Zəngilan rayonundanam və Zəngilanın, Cəbrayılın, Qubadlının müdafiəsində döyüşmüşəm. Biz torpaqlarımıza qayıtmaq istəyirik. Mən bir köhnə döyüşçü kimi deyirəm ki, müharibə başlasa, bizim kimi köhnə döyüşçüləri orduya cəlb etsinlər ki, biz o yol – yolağı yaxşı tanıyırıq. Torpaqlarımızı alaq qoy övladlarımız öz torpaqlarımızda rahat yaşasınlar. Bu zirzəmidən canımız qurtarsın”.
“Beş nəfər bir otağa sığınmışıq…”
Daha bir narazı sakin isə Namiq Ağayevdi: “Beş nəfər bir otağa sığınmışıq. İki qız və bir oğlum var. Qızlarım da, oğlum da böyük uşaqlardı. Oğlum təzə əsgərlikdən gəlib. Mən bir otaqda böyük qızlarımın – oğlumun yanında necə oturum – durum?! Evin içində tərpənə bilmirik. Adam paltarını belə dəyişə bilmir. Oğlumu evləndirmək istəyirəm, amma imkanım olmadığı üçün qalıb. Evlənsə, gərək kirayə qala. Mənimlə bir otaqda qalası deyil ki?! Binanın üstündən yağış suları evin içinə tökülür. Üç dəfə yazmışıq ki, binanın üstün təmir etmək lazımdı, su başımıza tökülür. Amma, baxan yoxdu”.
 
“Kimin pulu yoxdu, evində ləyən qoyub çimir…”
 
Adamlardan ayrılıb adı çəkilən binanın zirzəmisinə yollanırıq. Zirzəminin girişində hava almaq üçün əyləşən qadınlar bizi görən kimi yenə iyirmi ildir ki, təkrar etdikləri giley –güzarlarından danışrılar: “Şəklimizi çəkməyin siz Allah. Ərlərimiz buna görə bizimlə neçə dəfə dalaşıb. Deyirlər ki, çəkilmədiyiniz televiziya kanalı qalmayıb. Qaldı ki, güzəranımıza, baxın – görün nə gündə yaşayırıq. Hamımız o zirzəmidən yaşayırıq. İndi çıxıb burda hava alırıq. Axşam düşəndə içəri girəcəyik. Burda elə ailələr var ki, vərəm xəstəsidi. Hamısı bu zirzəmidə yaşamaqdan olub. Xəstəxanalarda qeydiyyatdayıq. Uşqlarımız küçədə böyüyür. Axşam düşəndə evə yığışırlar. Bizimlə maraqlanan yoxdu. Ancaq seçkilərdə gəlirlər ki, bizi seçin sizə köməklik göstərəcəyik. Seçki qurtaran kimi heç kimi tapa bilmirik. Üç metr torpağın altında yaşayırıq. Bizi qınayanın başına gəlsin. Ayaqyolumuz yoxdu. Bunun üçün 300 – 400 metr yol gedib ayaqyoluna gedirik. Hamamımız da yoxdu. Kimin pulu var gedib pullu hamamda çimir, kimin pulu yoxdu evində ləyən qoyub çimir. Təsəvvür edirsiniz 2016 – cı ildə bizim hamamımız yoxdu. Rematizma xəstəsiyik hamımız. Bundan sonra söz vermişik ki, heç kimə səs verməyəcəyik. Deyirik ki, bizi burdan köçürün. Deyirlər ki, növbənizi gözləyin. Biz nə qədər növbə gözləyək? Ölürük e artıq. Mənim oğlum əsgərdi. Bu zirzəmidən çıxıb – gedib orduya. Burda böyüyən uşaq orduda necə xidmət edəcək?
 
“Ərlərimizi aparıb o qədər döymüşdülər ki, qabırğaları sınmışdı…”
Millət vəkili Qənirə xanım Paşayeva da bura gəlmişdi. Bizi görüb ağladı. Dedi ki, bura necə yaşayırsınız? Bilmirik hara gedək. Neçə dəfə yanğın olub burda az qalmışıq ki, ölək. Bura palana düşsə, bizi köçürərlər. Bina plana düşmədiyi üçün bizi buradan köçürmürlər. Bir dənə pəncərəmiz yoxdu. Bayıra çıxıb havaya baxandan sonra qərara gəlirik ki, bu gün necə geyinək. Havanın isti və ya soyuq olmasından qəbərimiz olmur. Bununla bağlı Qaçkınkomun sədri Əli Həsənovunda qəbulunda olmuşuq. Amma, heç bir nəticəsi olmadı. Gedib həyətdə çadır qurub yaşamaq istəyirik. Qaçkınkomun qəbuluna getmişdik. Gördük ki, qəbul eləmirlər, biz də yolu kəsdik. Polis gəlib bizləri döyüdü. Ərlərimizi aparıb o qədər döymüşdülər ki, qabırğaları sınmışdı. Əlli manat da cərimə elədilər”.
“Təqaütümü ancaq iynə – dərmanıma verirəm…”
Xocalı sakini Alidə xanım da bu zirzəmidə yaşayır: “Özüm şəkər xəstəsiyəm oğul. Ürəyim də xəstədi. Təqaütümü ancaq iynə – dərmanıma verirəm. Bir oğlum var o da evlənib qaynanasıgildə yaşayır. Bizə də gün ağlasınlar. Ölürük bu zirzəmidə oğul. İşıq sönəndə zülmət qaranlıq olur”
Binanın zirzəmisinə daxil olub baxış keçirəndə dəhşətə gəlirik. Elektrik naqilləri o qədər aşağıdan çəkilib ki, başımızı aşağı əyməsək, hər an bizi tok vura bilər. Üfunət və nəmişgənlikdən zirzəmidə dayanmaq mümkün deyil. Sakinlərin ümüdi bizlərə qalır. Bizim də ümüdimiz aidiyyatı qurumlara. Sakinlərlə sağollaşıb oradan ayrılıq. Biz təmiz havaya çıxdığımız bir vaxta, onlar təmiz havadan üfunətli, havası ağır olan zirzəmiyə girirlər. Moderator.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın