Cümə , Fevral 23 2024
Ana səhifə / Media / Hafiz Babalıya qarşı irəli sürülən ittiham bəlli oldu

Hafiz Babalıya qarşı irəli sürülən ittiham bəlli oldu

Dekabrın 13-də saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı “AbzasMedia” işində həbs olunan jurnalistlərlə eyni ittihamla, Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilir.

Yaxınlarının verdiyi məlumata görə, dekabrın 14-də onun Xətai Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı gözlənilir.

Dekabrın 13-də jurnalistin ailə üzvləri bildirmişdilər ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları evlərində axtarış da aparıb. Bundan sonra isə Hafiz Babalı BŞBPİ-yə aparılıb.

Hafiz Babalı noyabrın 28-də BŞBPİ-də ifadəyə çağırılmışdı. “AbzasMedia” işi ilə bağlı şahid qismində dindirilmişdi. Özünün də deməsinə görə, o, “AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifidir və bunu heç vaxt gizlətməyib.

Son zamanlar hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir. Həmin materiallarda Hafiz Babalının da adı hallanıb.

“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıblar. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb.

Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.

Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib. Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Medianın ofisindən 40 min avro tapıldığı iddia edilib. Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.

Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.

Həmçinin oxuyun

“SalamNews” və “İnterAz”ın rəhbəri məhkəmə qarşısına çıxarılır

“SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri, bir ildən çoxdur həbsdə olan Mətləb Bağırov yaxın günlərdə …