Ana səhifə / Media / Hacıbala Abutalıbova neçə ərizə yazmaq lazımdır ki, tədbir görsün? – Şəhid anası 14-cünü yazıb,ancaq hələ ki…

Hacıbala Abutalıbova neçə ərizə yazmaq lazımdır ki, tədbir görsün? – Şəhid anası 14-cünü yazıb,ancaq hələ ki…

DİA.AZ: – Ölkəmizdə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU qəbul olununb. Qanunda qeyd olunur ki, vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Həmin qanunun birinci maddəsində yazılır: Müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Ölkəmizdə vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUnun 5-ci MADDƏSİNDƏ yazılır:

-Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.

Yəqin ki, bu qanunla hər bir Azərbaycan vətəndaşı tanışdır. Bu maddələri ona görə təkrarlayırıq ki, bəlkə Bakı Şəhər İcra Hakimiyyəti rəhbərlərinin belə bir qanunun qəbul olunması haqqında məlumatları olsun. Təbii ki, məlumatları var. Bəs niyə Qanuna əməl etmirlər?

Şəhid anası Rüxsarə Məmmədova deyir ki, onu və qonşuları narahat edən məsələ barəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova 14 ərizə yazıb. Ərizələrin məzmunu eynidir: Mustafa Sübhi küçəsi 16-da, yaşayış məhəlləsinin tən ortasında fəaliyyət föstərən “Şəki Xan Klub” restoranı Süleyman Tağızadə küçəsi, 41-də yaşayan sakinlərinin pəncərəsinin qarşısını kəsərək, onları təmiz havadan və günəş işığından məhrum edib. Üstəlik burada gecə saatlarında maşınların səsi, tüstüsü, yeib-içən müştərilərin hay-küyü sakinlər üçün ciddi narahatlıq yaradır. Şəhid anası deyir ki, dünyanın heç bir ölkəsində yaşayış məhəlləsinin tən ortasında restoran fəaliyyət göstərmir. Ancaq Bakıda isə var.

Şəhid anası bu narahatlıq barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova elektron müraciət vasitəsilə 14 ərizə göndərib. Lakin ərizələrin heç birinə cavab verilməyib. Hər dəfə isə restoran rəhbərliyi şəhid anasına acıq verərək deyir ki, istəyirsən Moskvanın, Vaşinqtonun merlərinə müraciət et. Hacıbala müəllim sənin ərizələrinə cavab verəndə onlardan da cavab alarsan.

Şəhid anası fikirləşir ki, görəsən Hacıbala müəllimə neçə ərizə yazandan sonra cavab verəcək? Bəlkə müəyyən bir limit var? O da tez-tez yazsın ki, həmin limit doldurulsun və ondan sonra bəlkə Hacıbala müəllim ərizələrdən birinə cavab versin. Axı, Hacıbala Abutalıbov bütün çıxışlarında Prezident İlham Əliyevə çox sadiq olduğunu deyir. Hətta, onun Prezidentə müraciəti də digərlərindən fərqlənir. Demək, bütün bunların hamısı kimlərinsə gözündə özünü Prezidentə sədaqətli göstərmək naminə edilir. Əgər Hacıbala müəllim Prezidentə sədaqətli olsaydı, ölkə rəhbərinin VƏTƏNDAŞLARIN MÜRACİƏTİNƏ, ƏRİZƏ VƏ ŞİKAYƏTLƏRİNƏ BAXILMASI HAQQINDA TAPŞIRIQLARINA DA ƏMƏL EDƏRDİ. Belə olmasaydı, şəhid anasının 14 ərizəsi bu vaxta qədər cavabsız qalmazdı.

Görünür bəzi icra hakimiyyəti orqanları “Şəki Xan Klub” restoranının sahibindən gözükölgəlidir. Ona görə də ona yaşayış məhəlləsinin tən ortasında fəaliyyət göstərməyin qadağan olması, gecələr burada hay-küy salmağın yolverilməz olması, qadınların əcaib səslər çıxarmasının milli mentalitetimizə ləkə olması barədə heç nə deyə bilmirlər. Heç olmasa, yalandan da olsa, şəhid anasının 14 ərizəsindən birinə cavab versinlər. Axş, biz müstəqil, demokratik, hüquqi dövlətdə yaşayırıq. Bundan ötrü də beynəlxalq təşkilatlara müraciət etmək lazımdırmı?

İndi şəhid anası səbrsizliklə gözləyir ki, görəsən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova neçə ərizə yazmalıdır ki, ondan sonra cavab versinlər və ya tədbir görsünlər.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın