Bazar , Yanvar 24 2021
Ana səhifə / Media / “Həyatımız 180 dərəcə dəyişmişdi” – Jurnalistin döyüş xatirələri

“Həyatımız 180 dərəcə dəyişmişdi” – Jurnalistin döyüş xatirələri

Vətən müharibəsində iştirak edən könüllü döyüşçülərdən biri jurnalist Hafiz Əhmədovdur. O, sentyabrın 21-dən təlimlərə qatılaraq Qarabağın işğaldan azad olunması uğrunda döyüşüb.

Bu yaxınlarda təxris olunan jurnalist Vətən Müharibəsi ilə bağlı xatirələrini Azvision.az-la bölüşüb.O, Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələrində xidmət edib.

“Tovuz döyüşləri ərəfəsində Prezident çıxış edərək dedi ki, kim döyüşlərə qatılmaq istəyirsə, hərbi komissarlığa müraciət etsin. Bundan sonra könüllü gedib adımı yazdırdım. Sentyabrın 21-i komissarlığa çağırıldım və müharibə başlayana qədər təlimlərdə oldum, ağır proqramları icra etdik. Hər şey nizam-intizama uyğun həyata keçirilirdi. Həmin gündən geyindiyim hərbi formanı 99 gün sonra çıxarıb təhvil verdim.

Əsgərlikdə Hərbi Hava Qüvvələrində xidmət etdiyim üçün məni hava hücumundan müdafiə bölmələrinə ayırdılar. Mənimlə birlikdə 247 könüllü var idi. Sonradan bizi böldülər. Hərə bir peşənin sahibi idi. Onların arasında fəhləyə, çobana, ofisianta, hətta qəbir qazana da rast gəlmək olardı. Bir çoxu bəlkə də, Qarabağın xəritədə yerini, yolunu tanımırdı. Ancaq içlərindəki Qarabağ yanğısı, erməniyə nifrət yollarını ora salmışdı.

Ən bahalı raket kompleksləri ixtiyarımızda idi. Hava məkanımızı düşmənin zərbələrindən qoruyurduq. Ermənilər dəfələrlə Mingəçevir Su Elektrik Stansiyasını vurmağa cəhd etdilər. Ancaq oranın mühafizəsini çox güclü təşkil etmişdik. Ordumuzun, zabitlərimizin, könüllülərin peşəkarlığı nəticəsində hücumun və böyük bir faciənin qarşısı alındı. Oranın vurulması 8 rayonun suyun altında qalmasına və ölkənin elektrik enerjisinin kəsilməsinə səbəb olardı.
Batareyamızın sonrakı xidməti Qubadlıda, Zəngilanda, Cəbrayılda davam etdi. Mən özüm də həmin ərazilərin bəzi kəndlərində oldum.Tərtərin çox yaxınlığında, Goranboy istiqamətində müdafiələr təşkil edirdik. Texnikaları erməni ilə ön xəttə yerləşdirmirdilər. Hər an nəsə ola bilərdi.

Gəncə şəhərində raket zərbələri endirilən günün səhəri bölməmiz ora getdi. Gəncənin hava məkanının müdafiəsində iştirak etdik. Bizim orada çox uğurlu atışlarımız oldu. Əks halda Gəncədə növbəti belə bir faciəvi hadisə ola bilərdi”.

Jurnalist H. Əhmədov Ordumuzun döyüş texnikaları ilə təchizatının mükəmməl olduğunu vurğulayıb:

“Gecə-gündüz mövqelərimizdə növbədə olurduq. Bizə məlumat daxil olurdu ki, bu istiqamətdə düşmənin qırıcı təyyarələri gəlir. Belə bir vəziyyətdə dəqiqə deyil, saniyələr belə qiymətli idi. Bir neçə saniyə ərzində hansısa strateji obyekti vura bilərdilər. Ancaq komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlara heç qalxmağa imkan vermirdik. Polkovnik və yüksək rütbəli hərbçilər deyirdilər ki, hava hücumundan müdafiə sisteminin döyüşü bir neçə saniyə çəkir. Bu saniyələr ərzində ya məhv ola bilərsən, ya da qarşı tərəfi məhv edə bilərsən. Düşmənə qısa zaman ərzində milyardlarla zərər vura bilərik. Düşmən qırıcıları havaya qalxanda raketlərimiz tam hazır vəziyyətə gətirilirdi. Bu zaman texnikamız şüa buraxırdı, düşmən müəyyənləşdirirdi ki, bu yerdə onların qoşunları yerləşir. Buna görə də saniyələr ərzində mövqe dəyişməli olurduq.

Biz özümüz də eyni taktika ilə düşmən təyyarələrinin haradan qalxdığını müəyyənləşdirirdik. Buna görə də onlar ən bahalı qırıcı təyyarələrini göyə qaldırmağa çəkinirdilər. Müharibənin sonlarına yaxın yenidən başladılar. Kapitanımız düşmənin iki Su-25 təyyarəsini məhv etdi. Biz onunla qürur duyuruq. Bu, ermənilərə milyonlarla zərər vurmaq demək idi. Həmin qırıcı təyyarələrin qiyməti çox bahadır.

Bizim də bahalı raket sistemlərimiz var idi. İnanmaq olmurdu ki, Ordumuz belə bahalı və xeyli sayda sistemlə təchiz olunub. Arada düşünürdüm ki, texnikalarımız bitə bilər, amma görürdüm ki, qətiyyən arası kəsilmir. Onda başa düşdüm ki, dövlət Ordunun silahlandırılmasına kifayət qədər vəsait ayırıb. Müharibə davam edərdisə, yenə də silah baxımından problem olmayacaqdı. Həyatımız 180 dərəcə dəyişmişdi. Heç vaxt görmədiyimiz texnikalarla qarşılaşmışdıq.

Sizə maraqlı bir hadisəni danışım: Kəlbəcərə texnika göndərirdik. Orada çox ağır işlər həyata keçirilirdi. Mən təmizləmə, mazlama ilə məşğul idim. Həmin an yüksək rütbəli zabit gəldi və hamı ilə əl verib görüşdü. Mən əlimi mazlı olduğundan uzatmaqda tərəddüd etdim. O, mənim əlimi özünə tərəf çəkdi və dedi ki, sizin əlləriniz bərəkətlidir, sizin kimi əsgərlərin sayəsində bu gün torpaqlarımızı azad edirik. Komandirlər deyirdi ki, könüllülərin gəlməsinə böyük ehtiyac var idi”.

Həmsöhbətimiz deyir ki, işğaldan azad olunan ərazilərə ilk ayaq basanlardan biri olmaq onun üçün qürurverici haldır:

“Deyirlər, kişilər ağlamaz. Ancaq Şuşa azad olunan gün səhərə kimi ağladım. Hamı əl çalırdı. Hətta zabitlərimiz, polkovniklərimiz göz yaşlarını saxlaya bilmirdilər. Hər şey qələbəyə köklənmişdi. Humanitar atəşkəs imzalananda elə bildik ki, müharibə dayandırılacaq, çox əsəb, stress keçirdik.

Axşam növbəsində mənimlə birgə olan zabitlərimizdən birinin 3 yaxın ailəvi dostu şəhid olmuşdu. Kefsiz idi. Ona başsağlığı verdim və dedim ki, müharibə bəlkə də dayansa yaxşıdır. Üzümə baxdı, bildirdi ki, dayanmamalıdır, sona kimi getməliyik. Onda başa düşdüm ki, nə qədər itki olmasından asılı olmayaraq, Ordumuz sona kimi getməyə iddialıdır. Kimi qardaşını, kimi dostunu itirirdi. Gözündən yaş axırdı, amma texnikasının yanından ayrılmırdı. Xidmətinin başında idi.

Şuşadan sonra biz Xankəndini və başqa rayonları gözləyirdik. Müharibənin qəfil bitəcəyi ağlımıza da gəlməzdi. Gecə növbədən gəlmişdim. Prezident çıxış edərək müharibənin bitdiyini elan etdi. Həmin vaxt kədər və sevinc dolu qarışıq hisslər keçirdim.

Çox istərdim ki, gənclərimiz bundan sonra da yüksək təhsilə sahiblənsinlər. Bizə təhsilli, savadlı kadrlar lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizi inkişaf etdirsinlər, çiçəkləndirsinlər”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …