Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Həyat üçün vacib məhsullar kəskin – BAHALAŞDI

Həyat üçün vacib məhsullar kəskin – BAHALAŞDI

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri keçən ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarınınkı 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb.
Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarınınkı 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.
Ət, toyuq, kolbasada qiymət sıçrayışı baş verib
Ay ərzində düyü, un, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, şokolad və konfetlər, qəhvə, çay və kakao, armud, üzüm, göyərti, pomidor, xiyar, kartof, kök, çuğundur, sarımsağın qiymətlərində bahalaşma, alma, limon, naringi, heyva, nar, xurma, soğan, kələm, balqabağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.
İnşaat materialları, məişət cihazları, telefon, mebel, ev əşyaları bahalanıb
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, telefon və fotoaparatlar, dəftərxana ləvazimatları, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik müşahidə edilməyib.
İcarə haqları, avtomobil təmiri, stomatoloji xidmətin də qiyməti artıb 
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqları, paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabılar, məişət cihazları, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətləri, stomatoloji xidmətlərin qiymətləri bahalaşıb, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb.
168 ölkədən məhsul idxal edilib, 108 ölkəyə ixrac olunub
Yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal edilib.
Xarici ticarət dövriyyəsi 15,8 milyard dollardır
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 15781,3 milyon dollar, o cümlədən ixracın dəyəri 9579,8 milyon dollar, idxalın dəyəri 6201,5 milyon dollar təşkil edib, nəticədə 3378,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 38,3 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 49,6 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracda neft, qaz, meyvə-tərəvəz çoxdur 
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları əsasdır.
İdxalda ərzaq, dərman, plastik, maşın, avadanlıq üstünlük təşkil edir
İdxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
10 ayda əhali 23,9 milyard manatlıq alış-veriş edib
Yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.
Qazancımızın tam yarısı yeməyə gedib
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. (Bizimyol.info)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın