Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Həbs edilən bələdiyyə sədrindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ŞİKAYƏT…

Həbs edilən bələdiyyə sədrindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ŞİKAYƏT…

Məhəmmədi bələdiyyəsinin həbs edilən keçmiş sədri Vaqif Nəbiyevin özbaşınalığının qurbanı olan daha bir qadın- Astara sakini Mirzəyeva Nuranə Hərif qızı Moderator.az-a danışıb.  
“Mən Mirzəyeva Nuranə Hərif qızı 1974-cü ildə Astara rayon Şiəkəran kəndində anadan olmuşam. Təhsil aldıqdan sonra bir müddət rayon Mədəniyyət evində işləmişəm. Artıq səkkiz  ildir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıram. Həyat yoldaşımdan boşandıqdan sonra beş yaşlı qızım Dənizlə birlikdə yaşayıram. Sosial durumum elə də yaxşı deyil, hər ay 300 manat əmək haqqı alıram.
Qızımla Bakıda kirayə yaşayırdıq. 2013-cü ildə Kürdəxanı qəsəbəsinin yeni yaşayış massivində qəsəbə sakini İslamov Ruhulla Fətəli oğlundan ev tikmək üçün iki sot həyətyanı torpaq sahəsi aldım. Bunun müqabilində R.İslamova 2400 manat pul verdim. R.İslamov mənə etibarnamə verdi. Sənəd Bakı şəhəri 14 saylı Notariat kontorunda xüsusi qaydada təsdiq edildi. Xatırladım ki, yeni yaşayış massivi Məhəmmədi bələdiyyəsinin ərazisindədir.
 
Kredit götürüb ev tikdim və işdə olduğum bir vaxtda Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyevin müavini Elnur adlı şəxs və bir neçə əməkdaşı gələrək mənim evimin uçurtdular. İddia etdilər ki, guya tikili qanunsuzdur. İşdən gəldikdən sonra məsələylə bağlı polisə müraciət etdim. Həmin şəxslər polisə dəvət edilsələr də, sonradan sərbəst buraxıldılar. Polisə müraciət etdiyimə görə bələdiyyə sədri Vaqif Nəbiyev və onun işçiləri mənimlə “prinsip” aparmağa başladılar. Hələ evi tikəndə Elnura şirinlik olaraq 150 manat pul verdim. Dedi ki, azdır, 500 manat ver. Mənim də imkanım olmadı ona bu pulu verməyə. Bir müddət qonşularda qaldım. Təzədən borca-xərcə düşüb evi təmir etdirdim. Böyük bir hissəsini dağıtmışdılar. Mənə dəyən maddi ziyan da ödəmədilər. Baxın, indi gördüyünüz bu evi iki dəfə tikməli olmuşam: bir dəfə bankdan kredit götürüb tikdim, gəlib dağıtdılar. Sonra borca girib təzədən təmir elətdirdim. Mənə zülm elədilər.
Mən evimdə yaşadığım bir vaxtda Məhəmmədi bələdiyyəsinin sədri Vaqif Nəbiyev mənim evimi torpaq qarışıq Əliyev Zahir Tahir oğluna satdı. Zahirin həyat yoldaşı Nəzakət xanım da əraziyə gəldi və bildirdi ki, bura bizim yer deyil, bizə başqa yeri söz vermişdilər. Nəzakət xanım getdi və bir saat sonra Vaqif Nəbiyevin kadrı Elnur adlı şəxslə qayıtdı. İddia etdi ki, bura mənim torpağımdı, çıx evdən. 2013-cü ilin avqust ayından mübahisəmiz başladı. Əliyev Zahir və onun həyat yoldaşı Nəzakət Əliyeva məni məhkəməyə verdi. Abşeron Rayon Məhkəməsində hakim Şövkət Nəcəfova qərar çıxardı ki, ev sökülməlidi və sən evdən çıxmalısan. Mən də Abşeron Rayon Məhkəməsindən Apellyasiya məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi mənim prosesdə iştirakım olmadan Abşeron Rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.
Vaqif Nəbiyevin həbs edilməsini bu gün eşitdim. Xahiş edirəm ki, məni də Korrupsiyaya qarşı Mübarizə İdarəsi  istintaqa çağırıb izahatımı alsın. Bələdiyyə sədrinin vaxtilə mənim başıma nə oyun açmasını onlara deyim. O gündən, bu günə kimi məhkəmə yollarında qalmışam. Görünür Vaqif Nəbiyevi mənim kimi kisəsiz qadınların ahı  tutdu”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın