Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Gürcüstandan mal-qara idxalı niyə qadağan olundu?

Gürcüstandan mal-qara idxalı niyə qadağan olundu?

Ət mafiyasının oyunu, yoxsa xəstəlik…

Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalı rəsmən müvəqqəti qadağan edilib. Buna səbəb qonşu ölkədə xırda və iribuynuzlu mal-qara arasında göydil virusunun yayılması göstərilir.

Qeyd edək ki, məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətindən verilib. Qurum bununla bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumatın daxil olmasını gözləyir. Bu məlumat daxil olduqdan sonra  Dövlət Baytar Müfəttişinin əmri ilə Gürcüstandan diri heyvan və heyvan mənşəli məhsulların idxalına rəsmən müvəqqəti qadağa qoyulacaq və bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları məlumatlandırılacaq.
Mətbuatda yayılan bu məlumat əhali tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri bunun yerli ət monopoliyasının başında duran oliqarxların oyunu kimi qiymətləndirib. Belə ki, ölkədə yüksək rütbəli məmurların ət biznesində iştirak etməsi, özlərinin mal-qara sürülərinin olması sirr deyil.
Məsələyə  aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladır. Y.Xanvəli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məsələ ilə əlaqədar hazırda müzakirələr gedir, qadağa ilə bağlı qərar verilməyib: “Gözlənilir ki, beynəlxalq bürodan məlumat daxil olsun. Bizim mütəxəssislər onu müzakirə etdikdən sonra qərar verə bilər. Ancaq Gürcüstanda heyvanlarda göydil xəstəliyi var, bu xırdabuynuzlu heyvanlarda qara isitmə ilə müşahidə olunur. Bu xəstəlik Gürcüstanda, Tiflis yaxınlığında  4 məntəqədə qeydə alınıb.
Lakin bu barədə hələ ki rəsmi məlumat verilməyib. Rəsmi məlumat olandan sonra bu məsələlər bizim mütəxəssislərimiz tərəfindən araşdırılacaq və müəyyən qərar qəbul ediləcək. Gürcüstandan bizə gətirilən mal-qara elə də çox deyil, cəmi bir faizdir. Əsasən diri formada qoyunlar gətirilir. Sonuncu dəfə yanvar ayından əvvəl Gürcüstandan heyvan idxal olunub. Bizdə bu məlumat öncədən olduğu üçün yanvar ayında bu ölkədən heyvan idxalını dayandırmışıq. Yanvarın 1-dən heç bir məhsul almamışıq. Əgər gətirilərsə, həmin heyvanlar bir müddət karantində saxlanılır, daha sonra müxtəlif xəstəliklərə görə vaksinasiya olunur, daha sonra sahibinə təqdim edilir”.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, belə bir xəstəlik varsa, idxalın dayandırılması normal bir addımdır: “Azərbaycan ekspertizası, dünya ekspertizasının arxasınca sürünür. Mən bu yaşına qədər görməmişəm ki, Azərbaycanda hansısa xəstəlik müəyyən edilə və başqa ölkələrə də xəbər verilə ki, belə bir xəstəlik var. Əlbəttə, Baytarlıq Komitəsi başqa ölkələrdən, xüsusən beynəlxalq qurumlardan məlumat alır və bu əsasla qadağa qoyur. Bu da müsbət bir haldır. Həmçinin ölkə daxilində də ciddi yoxlamalar getməli, axtarışlar aparılmalıdır. Gömrükdə də yoxlamalar gücləndirilməlidir ki, sağlam heyvanlar ölkəyə buraxılsın. Əks halda ölkədə ət defisiti ola bilər. Azərbaycanda ətin qiyməti yuxarıdır ki, bu da əhalinin narazılığına səbəb olur. Mən təklif edirəm ki, ətə qoyulan gömrük rüsumları götürülsün ki, ətin qiyməti ucuzlaşsın”.
E.Hüseynov belə xəstəlik xəbərlərinin ət mafiyasının oyunu olması ehtimalını da istisna etmədi: “Ümumiyyətlə MDB məkanında belə oyunlar çox olur. Yəni inhisarçı qurumlar dövlət orqanları ilə əlaqəyə girir. Bu praktika var və MDB məkanında geniş yayılıb. Bu cür hallar istisna olunmur. Hazırda ölkə başçısı əhalinin sosial müdafiəsinə doğru yönəlmiş müəyyən işlər görür və yerli istehsalı artırmaq istəyir. Ət məsələsində də elə iş aparmaq lazımdır ki, bazarda bolluq olsun”. Musavat.com

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın