Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Göytəpənin günü göy əskiyə bükülü məktəbi…

Göytəpənin günü göy əskiyə bükülü məktəbi…

Cəlilabad rayonu, Göytəpə şəhər 1 saylı tam orta məktəbində odun olmadığından  sinifdə soba yanmır, uşaqlar soyuqdan donurlar. Sinif otaqlarını qızdırmaq mümkün olmadığına görə, ikinci növbələrdə 5-ci və 6-cı dərs saatları təxirə salınıb. Məktəbin istiliksiz olması nə rayon təhsil şöbəsini, nə də başqa qurumları qayğılandırmır.

Bu şikayətlə Azadlıq Radiosuna həmin məktəbin ibtidai sinif müəlliməsi Etiraf Vəliyeva müraciət edib. Onun sözlərinə görə, təmirsiz məktəbdə əvvəldən qaz xətti olmadığından sinif otaqları daim odunla qızdırılıb. Son illər hər qış gələndə ibtidai siniflərin odununu müəllimlər, yuxarı siniflərin odununu şagirdlərin valideynləri alır.

“Alınan odunu məktəbin həyətində şagirdlər doğrayır, daşıyıb sinfin bir küncünə yığır, gündə bir neçə dəfə sobaya atırlar ki, sönməsin. Bir sözlə, şagirdlər dərs vaxtının bir hissəsini belə qayğılara “xərcləyirlər”. Noyabrda mən öz cibimdən pul qoyub 4 kub metr odun aldım. Onu da işlətdik, bitdi. İndi növbəti dəfə odun almağa pulum olmadığından uşaqlar sinifdə soyuqdan donur. İkinci növbələrdə 5-ci və 6-cı dərs saatları təxirə salınıbArtıq məktəbdə yazılmamış bir qaydaya var – odun bitəndə bu, nə rayonun təhsil şöbəsini, nə də başqa qurumları qayğılandırmır. Hamı gözləyir ki, müəllimlər və valideynlər əlini cibinə salıb odun alsın”, – deyə E. Vəliyeva qeyd edir.

Şikayətçinin sözlərinə görə, müəllimlər aldıqları cüzi maaşın bir hissəsinə sinif otaqlarını qızdırmaqdan ötrü odun alırlar. 72 sinfi olan məktəbə cəmi 20 metr odun verilib ki, o da çoxdan tükənib. Müəllimə bildirir ki, bununla bağlı təhsil şöbəsinə yazanı da çağırıb hədələyirlər.

E. Vəliyeva həmçinin təmirsiz məktəbin digər problemlərinə, o cümlədən, şagirdlər üçün nəzərdə tutulmuş tualetin bərbad vəziyyətdə olmasına da diqqəti çəkib. Onun sözlərinə görə, müəllimlərin şikayətlərindən sonra onlara ayaqyolu tikilsə də,ancaq şagirdlərin ayaqyolu problemi həll olunmayıb. Uşaqlar ora girəndə, nəcisə batıb çıxırlar.

Virtualaz.org bu problemlərə aydınlıq gətirmək üçün Göytəpə şəhər 1 saylı məktəbin direktor əvəzi Natəvan Şıxova ilə əlaqə saxlayıb. O, məktəbin təmirsiz olması ilə bağlı deyilənlərlə razılaşsa da, hazırda odun problemi olmadığını deyir. Direktor əvəzinin sözlərinə görə, RayonTəhsil Şöbəsindən məktəbə oktyabr ayında ayrılan odun dekabr ayının ortalarında bitib.

“Təhsil Şöbəsindən oktyabr ayında verilən odunla dekabr ayının ortalarına qədər məktəbi qızdırmışıq. Lakin sonradan həmkarların (görünür Təhsil İşçilərinin Həmkarlar Təşkilatnı nəzərdə tutur-red.) hesabına daha bir neçə kub metr odun aldıq. Məktəbimizdə 71 sinif var, sobalar səhər saat 8-dən axşam saat 6-ya qədər yanır. Ona görə verilən odun kifayət eləmir. Ancaq hazırda  məktəbdə odunumuz var. Müəllimlərdən odun üçün pul yığılması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Bununla belə imkanlı valideynlər könüllü olaraq məktəbə odun alınmasında kömək edirlər.”, – deyə direktor əvəzi bildirib.

Bəs Rayon Təhsil Şöbəsi məktəbə nə qədər odun ayırmışdı ki, cəmi ay yarım bəs edib? Ümumiyyətlə, məktəbi qızdırmaq üçün odun norması nə qədərdir? Natəvan Şıxova bu barədə danışmaq istəmədi, ancaq təsdiqlədi ki, ötən illərdə də vəziyyət belə olub. Yəni məktəbə odun lazım olandan az verilib. Qalanını isə imkanlı valideyinlər könüllü olaraq alıb veriblər.

Göytəpə qəsəbəsi Cəlilabad rayonunun iri qəsəbələrindəndir və orada təbii qaz var. Lakin direktor əvəzi deyir ki, məktəbin qazanxanası, istilik radiatorları sovet dövründən bəri yenilənməyib, sıradan çıxıb. “Qazanxana uçub-dağılıb, istilik sistemi sıradan çıxıb. Məktəbin təbii qazla qızıdırılması üçün yeni qazanxana tikilməlidir, istilik sistemi çəkilməlidir. Əvvəllər aidiyyatı təşkilatların nümayəndələri bir neçə dəfə gəlib baxıblar, vəd veriblər ki, məktəb təmir olunacaq, yeni qazanxana tikiləcək, istilik sistemi çəkiləcək. Ancaq xəbər yoxdur. Əlbətdə, məktəbi odunla qızdırmaq çətindir, biz də arzu edərdik ki bu əziyyətdən canımız qurtarsın, istilik sistemi çəkilsin”-Natəvan müəllimə deyir.

N. Şıxova ümumiyyətlə məktəb  binasının bərbad vəziyyətdə olduğunu deyir.  Onun sözlərinə görə, 1956-cı ildə tikilən məktəb köhnəlib. Damı damır, pəncərələri çürüyüb və qazanxana sistemi dağılıb. Bununla belə bizi əmin etməyə çalışır ki, Etiraf müəllimənin dediklərinə, o cümlədən tualetin natəmiz olmasına inanmaq lazım deyil. Direktor əvəzi deyir ki, yəqin Etiraf müəllimə “öz məqsədləri üçün” belə şikayət edib.

“Çalışırıq öz gücümüzə nəsə edək, pəncərələrin bir qismini düzəltmişik, əlimizdən gələni edirik. Ancaq gücümüz məktəbi əhəngləməyə və xlorlamağa çatır. 700 yerlik məktəbdə iki dəfə artıq – 1500 şagird təhsil alır. Bizim məktəb qabaqcıl məktəbdir.  Ötən il məktəbi bitirən 84 şagirdimizdən 37-si ali məktəbə qəbul olunub. Doğrudur, məktəb pis vəziyyətdədir. Amma ayaqyolu heç də deyilən kimi deyil. Kənd tualetidir, çöldədir, amma natəmizlik yoxdur. Uşaqlar burada nəcisə bata bilməzlər. Biz çalışırıq mümkün qədər təmiz saxlayaq. Hətta məktəbdə əlavə iki tualet də tikilib”-Natəvan Şıxova deyir.

Direktor əvəzinin ibtidai sinif müəlliməsini məktəbin problemlərini ictimailəşdirdiyi üçün qınamaq cəhdlərinə cavab olaraq onun nəzərinə çatdırırıq: axı Etiraf müəllimənin dediklərində də həqiqət var, əgər məktəbə ayrılan odun cəmi ay yarım sonra tükənirsə həm müəllimlər özləri, həm şagirdlər və valideyinləri məcbur olub öz hesablarına odun alıb qızınmalı olacaq. Çünki belə vəziyyət təkcə Göytəpə məktəbində deyil, başqa kənd məktəblərində də hökm sürür. Natəvan müəllimə isə bir daha israrla deyir ki, məktəbdə oduna görə pul yığılmır…

Hər halda oduna görə pul yığılsa da, yığılmasa da 1500-dən çox şagirdin təhsil aldığı məktəbin bu cür uçuq-sökük vəziyyətdə olması, Göytəpə qəsəbəsinin qazla təchiz edildiyi halda məktəbin odunla qızdırılması ciddi problemdir. Axı məktəbdə yanan hər kub metr odun ətraf mühitə vurulan zərbədir, üstəlik bu cür ibtidai üsullarla qızınmaq təhlükəlidir. Məktəbdə yanğın baş verə bilər. Ümid ancaq ona qalır ki, müvafiq strukturlar Göytəpə məktəbinin problemlərini kökündən aradan qaldırmaq üçün işə başlayacaqlar…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın