Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / General Rəhimov: “Korrupsiyada vətəndaşlar özü günahkardır”

General Rəhimov: “Korrupsiyada vətəndaşlar özü günahkardır”

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən xidmətin rəisi, general-leytenant Arzu Rəhimov son illər Azərbaycan dövlətinin mətbuata xüsusi diqqət göstərdiyini bildirib.

A.Rəhimov rəhbərlik etdiyi qurumun mətbuatla sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Azərbaycan prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə bağlı imzaladığı sərəncam 22 iyula verilən ən böyük töhfədir. Bizim Xidmət mətbuatla daha sıx əməkdaşlıq edir. Demək olar ki, mətbuatla əlaqələrimiz çox yaxşıdır. Ancaq mətbuatla əlaqələrimiz bundan da yaxşı olmalıdır”.

Xidmət rəisi qeyd edib ki, jurnalistlər neqativ hallara qarşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə hərəkət etməlidirlər: “Hər bir qurumda çatışmazlıqlar var. O cümlədən də bizim xidmətdə müəyyən çatışmazlıqlar nəzərə çarpır. Bu sahədə də korrupsiya halları istisna deyil. Lakin buna ilk növbədə vətəndaşlar şərait yaradır. Belə hallara qarşı biz birlikdə mübarizə aparmalıyıq. Kim belə halla rastlaşsa, xəbər verməlidir”.

A.Rəhimov daha çox işində dəqiq və düzgün olan media nümayəndələri ilə əməkdaşlığa üstünlük verdiklərini açıqlayıb: “Bizimlə kim dostluq edirsə, onunla dostluq edirik və edəcəyik. Kim dövlətçilik naminə bizə işimizdə kömək edirsə, biz də onlara işində dəstək olmağa hazırıq. Bəzi KİV-lər var ki, biz onları tədbirlərimizə bilərəkdən dəvət etmirik. Çünki deyilən sözləri təhrif edir, bilərəkdən dəyişdirərək insanlara çatdırırlar. Bəzi jurnalistlər bilmədiklərini yazanda bu, vətəndaşlar arasında narahatlıq və narazılığa səbəb olur”.

Mediada hərbi-vətənpərvərlik istiqamətində az təbliğat aparıldığını deyən A.Rəhimov bu sahəyə daha çox diqqət artırılmasını arzuladığını deyib.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə fəal əməkdaşlıq etdiklərinə görə bir qrup jurnalistə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın