Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Media / “Gədəbəyin icra başçısı obyektlərimizi zəbt edib” – Prezident Administrasiyasına şikayət olundu – REPORTAJ, VİDEO, FOTOLAR

“Gədəbəyin icra başçısı obyektlərimizi zəbt edib” – Prezident Administrasiyasına şikayət olundu – REPORTAJ, VİDEO, FOTOLAR

Gədəbəyin icra başçısının əməllərindən təngə gəlmiş rayonun işadamları şikayət üçün Bakıya üz tutublar. 
Onların etirazlarına səbəb isə qanunla özlərinə məxsus torpaq və obyektlərin Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zəbt edilməsidir.
R.Yediyarov Gədəbəy rayonuna cəmi 3 ildir ki, icra başçısı təyin edilib. Rayona gəlişindən 1 il sonra isə artıq onun haqqında şikayətlər başlayıb.
Əsas məsələ də R.Yediyarovun rayonda özünə biznes qurmasıdır. Şikayətlərin səbəbi onun bizneslə məşğul olması deyil, əsas məsələ R.Yediyarovun öz biznesini başqalarının haqqını yeyərək, qurmasıdır. Gədəbəyli sahibkarların da Bakıya üz tutmaları da buna görədir.
Şikayətçi rayon sakinləri öncə Fəxri Xiyabanın önündə toplanıblar. Sahibkarların musavat.com-a verdikləri məlumata görə, onların etiraz etmələrinə səbəb rayonun icra başçısının qanunsuz əməlləridir.
Sahibkarlardan biri olan Vaqif Səfərov deyir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov ona məxsus olan torpağı qeyri-qanuni formada zəbt edib: “Mən 1997-ci ildə rayonun mərkəzində 26 sot torpaq sahəsini almışam. Özəlləşdirib, bütün ödənişimi etmişəm. Əlimdə bütün sənədlərim var. Həmin torpaq üzərində obyektlər tikmişəm. Amma Ramiz Yediyarov mənim sənədli, qanuni ərazimi zəbt edib. Bütün obyektlərimi söküb, yerində Ticarət Mərkəzi, obyektlər tikdirib. Söküntü zamanı mənə söz verdi ki, buranın ağsaqqalı mən olacağam. Amma iş bitəndən sonra verdiyi sözə əməl etmədi. Əslində mən söküntü zamanı buna qarşı çıxmalı idim. Amma o, rayonun icra başçısıdır. Nə edə bilərdim ki? Ailəmi düşünüb, susdum. 8 nəfər üzvü olan bir ailənin tək işləyəni mən idim. İki ildir ki, ərazim zəbt edildiyi üçün mən də işləmirəm.
Yoldaşım 43 il müəllimə olaraq çalışıb, indi təqaüd alır. Gəlinim işləyirdi, onu da işdən çıxartdırıb. Oğluma iş vermədilər, ona görə də rayondan didərgin düşüb. Hamısını Ramiz Yediyarov edib. Nə verdiyim, xərclədiyim pulları geri ala bilirəm, nə də tikilən obyektlərdən heç olmasa, bir neçəsini mənə verir. Çarəsiz durumdayam. Qanunla mənim olan ərazini zəbt edib. Bir sözlə, bu adam “qoçuluq” edir. Özünü rayonun ağası hesab edir. Nə qanun tanıyır, nə də başqa bir şey…”
Oktay Əliyev də Ramiz Yediyarovdan ziyan görən sahibkarlardan biridir. İcra başçısı onun da qanuni obyektini zəbt edib: “Mən Gədəbəy rayonunda 35 ildir ki, sahibkarlıqla məşğulam. Özümün şəxsi dükanım var. Bu ilin fevral ayının 12-də Bakıya müalicə üçün gəlmişdim. O zaman eşitdim ki, mənim dükanımı rayonda qeyri-qanuni formada, ağır texnika ilə sökürlər. Dükanın içində ərzağım, soyuducularım ola-ola Ramiz Yediyarov obyektimi sökdürüb. Yerində də fontan tikdirib. Əlimdə qanuni sənədlərim var. Amma heç bir işə yaramır. Prezident Aparatında dəfələrlə olmuşam. Mətbuata da danışmışam. Faydası yoxdur.
Mən şikayət üçün Ramiz Yediyarovun qəbuluna getdim və haqqımı tələb etdim. Oradan çıxan kimi məni tutdular. 15 sutka həbsə saldılar. Mənim 55 yaşım var. Heç nədən qorxmuram. Məni tutsalar da olar. Əsas olan ailəmdir. Mən onların gələcəyini düşünürəm”.
Digər sahibkarların da vəziyyəti eynidir. Onların da qanuni obyektləri, torpaqları Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zəbt edilib. Şikayətçi sahibkarlar Fəxri Xiyabanın qarşısından Prezident Administrasiyasına yollandılar. 
Prezident Administrasiyasında sahibkarları qəbul edib, şikayətlərini dinlədilər. Şikayətçi sahibkarlar oktyabrın 12-də bir daha Prezident Administrasiyasına yollanacaqlar.
 






 

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın