Cümə , Aprel 19 2024
Ana səhifə / Media / FAZIL MƏMMƏDOV GƏDƏBƏYİN İCRA BAŞÇISINI NİYƏ DƏSTƏKLƏYİR?

FAZIL MƏMMƏDOV GƏDƏBƏYİN İCRA BAŞÇISINI NİYƏ DƏSTƏKLƏYİR?

Gədəbəy rayonundan olan iş adamlarının, yerli sahibkarların bu günə qədər demək olar ki, bütün ən mötəbər qurumlara davamlı olaraq müraciət etmələrinə baxmayaraq, bu rayonda sahibkarlığın inkişafını əngəlləyən icra başçısı Ramiz Yediyarovun əməllərinə qarşı hələ də heç bir tədbir görülmür.

Bu barədə bir qrup sahibkar Azinforum.az-a məlumat verib. Onların sözlərinə görə, artıq təkcə Gədəbəydə deyil, bütün ölkədə hər kəsə məlumdur ki, Ramiz Yediyarov ölkə rəhbərliyi tərəfindən regionlarda sahibkarlığın inkişafı məqsədilə yüksək çinli məmurlara və ilk növbədə icra başçılarına qarşı irəli sürülən tələblərə qətiyyən cavab vermir:

“Həm də bu hal sadəcə Ramiz Yediyarovun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ bilməməsilə izah olunmur. Əsl problem bundadır ki, bu məmur əslində ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrasında qətiyyən maraqlı deyil. Çünki bu vəzifələrin icrası Ramiz Yediyarovun şəxsi mənafeyi ilə ziddiyyət təşkil edir.
Bildirilir ki, dəfələrlə qeyd olunduğu və tutarlı fakt və dəlillərlə sübuta yetirildiyi kimi, Gədəbəyin icra başçısı bu rayonda sadəcə ayrı-ayrı sahələri deyil, hətta “sahibkarlıq fəaliyyəti” anlayışının özünü belə inhisara alıb. Məhz elə bu səbəbdən də rayonda azad rəqabət mühitinin yaradılmasını, sahibkarlığın inkişaf etdirilməsini Ramiz Yediyarov öz biznesinə birbaşa təhdid kimi qəbul edir. Bu isə ona gətirib çıxarır ki, icra başçısı nəinki Gədəbəydə sahibkarlığın inkişaf etdirilməsi üçün tələb olunan şəraiti yaratmır, əksinə o, hər vəchlə bunun qarşısını almağa çalışır. Nəticədə iş adamları rayondan didərgin salınır, onların obyektləri isə ya dağıdılır, ya da ələ keçirilir.
Bölgədən daxil olan məlumatlarda da birmənalı olaraq vurğulanır ki, bu gün Gədəbəydə ölkə qanunlarının işlək olmaması, Ramiz Yediyarovun və onun əlaltılarının hətta prezidentin fərmanlarına belə məhəl qoymayaraq, sahibkarlara qarşı qanunsuzluqlar etməsi, obyekt və müəssisələrin talan olunması, özəl və dövlət qurumlarından aylıq xərac toplanılması hər kəsə məlum olan bir həqiqətdir. Çox təəssüf doğurucu bir haldır ki, xüsusilə son vaxtlar Gədəbəy rayonundan olan iş adamlarının müxtəlif qurumlara, həmçinin bilavasitə ölkə rəhbərliyinə ünvaladıqları çoxsaylı müraciətlərə baxmayaraq, bu kimi problemlərin həllində məsul olan dövlət qurumları da nədənsə rayonda yaranmış vəziyyətə müdaxilə etməyə tələsmirlər.

Bunun əsas səbəbi isə, Ramiz Yediyarovun bilavasitə ölkənin vergilər naziri Fazil Məmmədovun himayəsində olmasıdır. Gədəbəy RİH başçısının məhz Fazil Məmmədovun kadrı olması artıq çoxdan isbatı tələb olunmayan bir fakt kimi hamıya məlumdur. Məhz bu səbəbdən də, bu gün vergilər naziri bütün səlahiyyətli dövlət qurumlarına, o cümlədən Prezident Administrasiyasına, Baş Prokurorluğa, DİN orqanlarına, məhkəmə instansiyalarına Ramiz Yediyarovdan olunan şikayətlərin “təmizlənməsi”, bu kimi məlumatların ölkə rəhbərliyindən gizlədilməsi məqsədilə gərgin fəaliyyət göstərməkdədir. Bu səbəbdən də, bu gün Fazil Məmmədovun bilavasitə ölkə prezidentinin qərar və sərəncamlarının icrasını əngəlləyən məmurlara dəstək verməsi bir çox suallar doğurur…”

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın