Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Media / Evi iki dəfə sökülən şəxs: “İcra hakimiyyəti “tik” deyir, amma…”

Evi iki dəfə sökülən şəxs: “İcra hakimiyyəti “tik” deyir, amma…”

“Halal mülküm polislərin gözü qabağında dağıdılıb. Hadisə yerində olan polis əməkdaşları söküntünün başa çatdırılmasına yardımçı olublar, nəticədə ev tamamilə sökülüb. Baş verənləri ərazidə yaşayan qonşular da öz gözləri ilə görüb. Bu hadisə xüsusi mülkiyyətə qəsddir”.

Bunu virtualaz.org saytına açıqlamalarında Hacıqabul rayonunun Rəncbər kənd sakinləri Əhliman Məmmədov və Yəhya Nuriyev deyiblər.

Yəhya Nuriyev

Yəhya Nuriyevin dediklərindən belə məlum olur ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan nəvəsi Elşən Məmmədov Ələt qəsəbə bələdiyyəsindən müqavilə əsasında torpaq alıb: “2007-ci ildə bələdiyyə tərəfindən ev tikmək üçün  600 kvadratmetr torpaq sahəsi ayrılmışdı. Müqavilə əsasında 767 manat pul da ödənilmişdi. Qaradağ Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsindən icazə də alınmışdı. İki-üç aydan sonra ev tikmək üçün arxitektordan icazə almağa gedəndə bizə dedilər ki, tikilən evlərin heç birinin belə sənədi yoxdur, gedin evinizi tikin”.

Elşən Məmmədov babasının köməkliyi ilə həmin torpaq sahəsinə hasar çəkib və tikinti işlərinə başlayıb. Tikinti tam başa çatmamış – 2011-ci il, aprel ayının 5-də Neft Şirkətinin nümayəndələri əraziyə gələrək hasarı uçurublar: “Evin bir hissənin dağıdıblar ki, guya bu ərazi onlarındır, burada ev tikmək olmaz. Məcbur olub məhkəməyə müraciət etdik. İş Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin icraatına verildi. O zamankı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən mütəxəssis rəyi alındı, məlum oldu ki, o ərazinin Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Məhkəmə dəymiş ziyanın ödənilməsi ilə bağlı (2875 manat Neft Şirkəti, 19 min 42 manat Ələt qəsəbə bələdiyyəsi) qətnamə çıxardı. Məhkəmə qətnaməsi icra olundu. Neft Şirkəti həmin vəsaiti icra müddətində ödədi.  Ələt bələdiyyəsi isə hissə-hissə 19 aya 1000 manat ödəməklə razılaşdı. Həmin pullar hamısı tikintinin yenidən bərpasına sərf olundu. Ev tikildi, amma…”

Elşən Məmmədovun nümayəndəsi Əhliman Məmmədovun sözlərinə görə, bu il iyun ayının 5-də Neft Şirkətinin Yaşayış Sahələri üzrə İş Şöbəsinin rəisi Ərzuman Quliyev və müavini Əli Qurbanov başda olmaqla 30 nəfərə yaxın şəxs əraziyə gələrək yenicə başa çatdırdığı tikintini yerlə-yeksan ediblər, ərazinin ARDNŞ-ə məxsus olduğunu bildiriblər.

Əhliman Məmmədov

Əhliman Məmmədov deyir ki, məhkəmə qətnaməsi olmadan, hətta tikili qeyri-qanuni olarsa belə onun bu şəkildə sökülməsi yolverilməzdir: “Hadisədən xəbər tutan Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldar İbrahimov, Ələt qəsəbə bələdiyyə sədri Azad Musayev əraziyə gəlib söküntüyə mane olmağa çalışsalar da xeyri olmayıb. Hadisə yerində olan polislər söküntünün başa çatdırılmasına yardımçı olublar, nəticədə ev tamamilə sökülüb. Başa vermiş vandalizmi ərazidə yaşayan qonşular da müşahidə edib. Törədilən bu hadisə xüsusi mülkiyyətə qəsddir, cinayətdir. Özləri ilə ekskavator gətiriblər, evi yerlə-yeksan eləyiblər. Neft Şirkətinə getdik, Əli Qurbanovdan bunu hansı səbəblə etdiklərini soruşduq. Dedi ki, ərazi bizimdir, biz eləmişik. Torpaq və Xəritəçəkmə Komitəsindən mütəxəssis rəyinin olduğunu xatırlatdıq. Həmin sənəddə yazılıb ki, ev tikilən ərazinin nə Ələt qəsəbə bələdiyyəsinə, nə də Neft Şirkətinə aidiyyəti yoxdur. Sənədi göstərdik, baxdılar. Qaradağ Rayon Məhkəməsinin qətnaməsini, Bakı Apelyasiya Məhkəməsinin qərarını  göstərdik, əhəmiyyət vermədilər”.

İşin bu yerə çatdığını görən Yəhya Nuriyev çıxış yolunu Neft Şirkətini yenidən məhkəməyə verməkdə görüb: “İddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etdik. Qaradağ Rayon Məhkəməsi işi aidiyyəti üzrə Səbayel rayonuna göndərdi. Biz də Səbayel Rayon Məhkəməsində Neft Şirkətinə qarşı iddia qaldırdıq, dedik ki, evimizi uçurublar. Neft Şirkətinin əməkdaşları məhkəmənin nə hazırlıq iclasına, nə də ilkin baxış iclasına gəlmədilər.

Hakim Anar Allahverdiyev özü də mat qalıb, bizdən cavabdeh tərəfin niyə məhkəməyə gəlmədiyini soruşur. “Siz onları məhkəməyə gətirə bilərsinizmi?” – deyir. Axı biz kimik ki, Neft Şirkətinin şöbə müdirini məhkəməyə gətirək? Növbəti məhkəmə iclası oktyabrın 15-nə təyin olunub. Yəqin yenə də gəlməyəcəklər”.

Qeyd edək ki, Elşən Məmmədov növbəti dəfə məhkəməyə müraciət edərək dəymiş ziyanın ödənilməsi ilə bağlı 100 min manat təzminat tələb edir.

Elşən Məmmədovun SOCAR-a ünvanlıdağı məktubu şirkətin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov cavablandırıb. Cavab məktubunda deyilir: “Qeyd etdiyiniz ərazi SOCAR-ın işçilərinin Bağçılıq Yoldaşlıq Birliyinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi üçün həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər”.

Şikayətçilərin bu iddiaları ilə bağlı Neft Şirkətinin mövqeyini öyrənməyə cəhd etdik. Amma şirkətin mətbuat xidmətindən cavab ala bilmədik. Bununla belə şirkətin də mövqeyini öyrənib dərc etməyə çalışacağıq.

 

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın