Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Media / Ev almaq istəyənlərə şad xəbər: mənzillər ucuzlaşır

Ev almaq istəyənlərə şad xəbər: mənzillər ucuzlaşır

Əmlak bazarında durğunluq hökm sürür. Həm mənzil dəllalları, həm də ekspertlər bazarda yaranan vəziyyətin səbəbini son iqtisadi proseslərlə əlaqələndirirlər.

Qonşu ölkələrin, xüsusən də Rusiyanın təcrübəsinə nəzər salsaq, bu ölkədə milli valyutanın dəyərdən düşməsi mənzillərin ucuzlaşmasına və daşınmaz əmlak bazarına daha çox investisiya yatırılmasına gətirib, çıxartdı.

Vəziyyət o yerə çatdı ki, xarici ölkələrdən, o cümlədən Azərbaycandan da depozit sahibləri Rusiyanın əmlak bazarına yatırım etdilər. Azərbaycanda isə manatın devalvasiyası əmlak bazarında durğunluqla müşayiət olundu. Alqı-satqı əməliyyatları hazırda demək olar ki, yox dərəcəsindədir.

Musavat.com-un müxbiri əmlak bazarındakı vəziyyəti öyrənmək üçün paytaxtın müxtəlif istiqamətlərində yerləşən “ofis”lərə baş çəkib.

Daşınmaz əmlak bazarında durğunluğun yaşandığını maklerlər də təsdiqləyir. Onların sözlərinə görə, manatın devalvasiyasından sonra heç bir alqı-satqı əməliyyatı həyata keçirə bilməyiblər. Mənzillər gündən-günə dəyər itirdiyindən əlində müəyyən vəsaiti olanlar da gözləmə mövqeyinə keçiblər.

Sahib adlı makler tələbatın azalması səbəbindən bazarda real qiymətlərin 15-20 faiz ucuzlaşdığını deyir: “Alıcı olmadığı üçün evini təcili satmaq istəyənlər məcbur qalıb ucuz qiymət qoyurlar. Məsələn, Xətai rayonunda əvvəllər birotaqlı mənzil 65 min manata satılırdısa, indi 55 min manata təklif olunur. İkiotaqlı mənzillər 85 min manatdan 70 min manata qədər ucuzlaşıb”.

Maklerin sözlərinə görə, ucuzlaşma daha  çox “xruşşovka”, “Stalin” proyektli binalardakı mənzillərdə müşahidə olunur.

Başqa bir mənzil dəllalı isə bazardakı durğunluğun səbəbini bankların kredit siyasətində olan dəyişikliklə əlaqələndirib. Maklerlərin sözlərinə görə, indi əhali daha çox şəhər kənarlarındakı ucuz torpaqlara üstünlük verir: “Bir müddət fikirləşirdik ki, “Sovetski” və digər söküntü gedən yerlərdən köçən insanlar əmlak bazarını canlandıracaq. Ancaq onlara verilən vəsait o qədər az oldu ki, şəhər kənarına üz tutdular. Şəhər daxilindən ev ala bilmədilər”.

Maklerlə söhbətdən o da məlum oldu ki, Avropa Oyunlarından sonra mənzil bazarında canlanma gözlənilir. Hökumət mənzil bazarına ayrılan ipoteka kreditlərini artırsa, bu, müəyyən canlanmanın yaranmasına şərait yaradacaq.

Kirayə mənzil bazarında da vəziyyət ürəkaçan deyil. İş yerlərindəki kütləvi ixtisarlar, işsizlik hökm sürən bölgələrdən gəlib Bakıda işləyən insanları geri qayıtmağa vadar edib. Bu baxımdan kirayə mənzillərə tələbat azalıb, qiymətlərdə isə hər hansı dəyişiklik yoxdur. Yeni dərs ilinin başlamasına qədər bu durum belə davam edəcək.

Bazardakı mövcud vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bunun səbəbini Azərbaycan iqtisadiyyatında baş verən son proseslərlə əlaqələndirdi: “Ötən ilin sonlarından başlayaraq dünya bazarında neftin ucuzlaşması, Rusiyada baş verənlərin Azərbaycana təsiri, manatın dəyərdən düşməsi, əmlak bazarı ilə bağlı qəbul olunan qərarlar və bütün bunların ard-arda baş verməsi daşınmaz əmlak bazarındakı vəziyyəti çox ciddi şəkildə dəyişdi. Hazırda bazarda durğunluğun yaşanmasının səbəbi də məhz budur. Bazarda alıcı qıtlığı var. Nəzərə alaq ki, son dövrlərdə ipoteka kreditlərinin istiqaməti tədricən şəhərin mərkəzindən regionlara doğru genişlənir. Bakı şəhərində ipoteka ilə mənzil əldə olunması çox aşağı səviyyədədir. Bunun da müəyyən qədər əmlak bazarındakı vəziyyətə təsiri var. Ümumi şəkildə belə demək olar ki, bu gün nağd pulla mənzil alınması prosesi məhdudlaşdırılır”.

R.Osmanlının sözlərinə görə, manatın devalvasiyasından sonra proqnozlar ondan ibarət idi ki, əhali depozitlərini banklarda saxlamağa deyil, daşınmaz əmlak bazarına yatırmağa üstünlük verəcək və bu da bazarı canlandıracaq. Ancaq bu proqnozlar da özünü doğrultmadı: “Digər tərəfdən, ötən ay hökumət tərəfindən bazara vəsait axınının həcmi də kəskin azaldı. Şəhərdəki söküntü prosesləri, köçürmələr səngidi. Bütün bunların nəticəsində bazarda passivlik hökm sürür. Tələbin azalması isə bazarda qiymətlərin aşağı düşməsinə gətirib çıxarır”.

Ekspert bankların kredit siyasətinin də əmlak bazarına təsir etdiyini vurğuladı: “Biz gözləyirdik ki, Mərkəzi Bank sərt pul siyasətindən yumşaq pul siyasətinə keçiddə nəzəri amilləri nəzərə alacaq, kommersiya banklarına müəyyən qədər resurslar ayıracaq, bazarda manatın həcmi artırılacaq, kreditlərin faiz dərəcələri aşağı salınacaq. Ancaq bu, baş vermədi. Dolların yenidən bahalaşacağı ilə bağlı proqnozların səsləndirildiyi bir vəziyyətdə əhalinin dollarla kreditlərə üstünlük verəcəyini gözləmək də mümkün deyil. Kreditlərin azalması da mənzillərin alınması ilə bağlı çətinlik yaradır. Bütün bu proseslərdən sonra əhali depozitlərini daha çox dollara çevirərək əllərində saxlamağa üstünlük verir. Son proseslərdən sonra banklara da inam azalıb. Əgər xaricdə bu vəsaitlər daha çox əmlak bazarına yatırılırdısa, Azərbaycanda bu, baş vermədi”.

Kirayə bazarına gəlincə isə ekspert qeyd etdi ki, burada ciddi proses baş vermir: “Kirayə bazarında dinamik vəziyyət adətən, iyun ayının ortalarında başlayır və avqust ayına kimi davam edir. Hələ ki, kirayə bazarı üçün passiv dövrdür. Hər il bu, eyni şəkildə olur. Növbəti aylarda da kirayə bazarında hər hansı qiymət dəyişikliyinin olması gözlənilmir”.

 

 

 

Həmçinin oxuyun

Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR

Telejurnalist Turan İbrahimov hazırda Afrika dövləti olan Efiopiyada səfərdədir. İnstagram hesabında maraqlı fotolar paylaşan junalistin …

Bir cavab yazın