Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Manşet / “Elmar o zaman bilərəkdən ölümə getməklə özünü “eynullalaşmaqdan” qorudu”

“Elmar o zaman bilərəkdən ölümə getməklə özünü “eynullalaşmaqdan” qorudu”

Bu gün rusca nəşr olunan “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirildiyi gündür. Onu yaşadığı binanın blokunda qapısının kandarında qəddarlıqla qətlə yetirmişdilər. Körpə balasına aldığı yoğurtlar Elmarın qanına qarışmışdı…

Elmarla həmyaşıdıq, ancaq tanış deyildik. Mən onu mətbuatdan tanıyırdım. Şəhərdə bir neçə dəfə görmüşdüm. Bir dəfə həyat yoldaşı ilə Fəvvarələr bağındakı skamyada oturmuşdular. O, xanımına hirslə nəsə deyirdi. Bəlli olurdu ki, ona qəzəblənməyib, sadəcə nə haqdasa əsəbi halda danışır. Əlindəki Simsim kartının (o vaxtlar kontur şifrəsi təxminən bank kartı ölçüsündə idi) üzərindəki müşəmbə sellofanı dişiylə qoparması mənə təəccüblü gəldi. Bu dərəcədə tanınmış, populyar adamın bu cür sərbəst davranmasına təəccübləndim. O öz aləmində idi, ətrafa zərrə qədər məhəl qoymur, heç bir rol oynamırdı.

Bəlkə də heç onu mənim düşündüyüm qədər tanıyan da yox idi. Çünki rusdilli idi və jurnalı da rusca çıxırdı. Cəmi 3 min tirajla. Mən hər nömrəsini alırdım. Qiyməti 3 min manat (üç Məmməd) idi. Çox cəsarətli və maraqlı yazırdı. Onun bu məlumatları haradan əldə etdiyinə çox təəccüblənir, cəsarətinə heyran olurdum. Hətta bir az qorxurdum da. Onu öldürə bilərdilər. Öldürdülər də. Arvadı dul, bir balası yetim, atası gözü yaşlı (anası yox idi, deyəsən), yoğurta qarışmış qanı da yerdə qaldı…

Arvadı və oğlu Norveçə köçdü. Sonrakı talelərindən xəbərim yoxdur. Atasını ora-bura çəkib, qətlin açılacağıyla bağlı vədlər, ümidlər verdilər. Beləcə, ümidsiz halda günlərin bir günü oğlunun qatillərinin kim olduğunu bilmədən köçdü bu dünyadan. Amma bəlkə də bilirdi…

Onun dəfn mərasiminə getmişdim. O vaxt Yasamalda kirayədə qalırdım. Səhər televizorda eşidəndə tüklərim biz-biz oldu. Cənazə Elmlər Akademiyasının zalından götürüləcəkdi. Dərhal ora getdim. Oradan da 2-ci Fəxri Xiyabana qədər cənazəni müşayiət etdim. Böyük bir izdiham vardı.

Sonra oxudum ki, İlham Əliyev deyib: “Elmar Hüseynovu qətlə yetirənlər o gülləni mənə atıblar…” Dəfnə deyəsən İlham Əliyev özü də gəlmişdi və bu sözləri də orada demişdi. Burası dəqiq yadımda deyil…

Elmarın taktikasının doğru və ya yanlış olduğunu deyə bilmərəm. Amma mənə görə deyil. Məncə, hansı işlə məşğul olursan-ol, təhlükəni hesablamağı bacarmalı və özünü, doğmalarını qorumalısan. Düşmən qəddardır və sənə rəhm etməyəcək. Başqaları başqa cür düşünə bilər. Mən sadəcə öz qənaətimi yazıram. Əgər onu öldürə biləcəklərini mən hesablamışdımsa, Elmar özü də hesablamamış deyildi. Bununla belə, geri çəkilmədi, manevrlər etmədi və nəticəsi çox ağır oldu.

Elmarın ölümü onun gənc həyatına son qoydu, ailəsi başsız, atası gözü yaşlı qaldı. Qatilləri bu günəcən tapılmayıb. Hərə bir söz deyir.

Onun ölümü bəs bizə nə qazandırdı? Onunla birlikdə çalışan və qələmi heç də Elmarınkından zəif olmayan Eynulla Fətullayev bu gün də sağdır. Ancaq cəmiyyət ona elə də hörmət etmir. Bütün istedadına, analitik yazılarına rəğmən əksəriyyətin Eynulladan xoşu gəlmir nəsə. Bəlkə də, Elmar o zaman bilərəkdən ölümə getməklə özünü “eynullalaşmaqdan” qorudu. Eşitdiyimə görə, ona radikal mövqeyindən əl çəkmək müqabilində yaxşı jurnal, ofis, pul təklif olunubmuş, amma qəbul etməyib. Niyə? Bax, orasını bilmirəm. Amma ehtimal edə bilərəm. Elmar ləyaqətli əməkdaşlıq istəyib, onu alçaltmaq istəyənlər bundan qəzəbləniblər və qətlinə fərman veriblər. Elmar öz ölümü ilə ləyaqətini bir daha isbatlayıb, amma onu cəzalandıranlar bunu heç vaxt anlamayacaqlar.

Onlar bir gün öz cəzalarına çatacaqlar, buna şübhə ola bilməz. Elmar isə könüllərdə daim savadlı, istedadlı yazar, vicdanlı, prinsipial, qətiyyətli, cəsarətli bir jurnalist kimi qalacaq.

Ruhu şad olsun!

Nadir QOCABƏYLİ

Həmçinin oxuyun

Milliön-də 40 AZN ödə, vakansiya sənindir – Bakıda dələduz işədüzəltmə şirkəti peyda olub

Vüsalə Əsgərova: “İstəyirəm “Abitoğlu” adı ilə fəaliyyət göstərən bu şirkətin fəaliyyəti ifşa edilsin ki, başqa …