Ana səhifə / Media / Elçin Şıxlı: “Bu ərəfələrdə gərək Şuşaya, ordan da mütləq Xankəndiyə gedək”

Elçin Şıxlı: “Bu ərəfələrdə gərək Şuşaya, ordan da mütləq Xankəndiyə gedək”

Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar martın 13-də işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olublar. Onları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Səfərdə iştirak edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Pravda.az-a təəssüratlarını bölüşüb.

E.Şıxlı bildirir ki, belə təşəbbüslərin ardı mütləq gəlməlidir: “Media nümayəndələrinin Ağdama səfəri təşəbbüsünü, əlbəttə ki, müsbət qiymətləndirirəm və düşünürəm ki, biz elə bu ərəfələrdə gərək Şuşaya, ordan da mütləq Xankəndiyə gedək. Çünki Xankəndidə olan həm rus sülhməramlıları, həm də ermənilər bilməlidirlər ki, biz jurnalist kimi öz torpaqlarımıza gəlirik ki, oradakı vəziyyətlə tanış olaq. Qeyd edim ki, hətta torpaqlarımız işğal altında olan zamanlarda belə bizim həmkarlarımızdan tək-tük də olsa, Xankəndiyə reportaj hazırlamaq üçün gedənlər var idi. Səfər zamanı minatəmizləmə əməliyyatları ilə tanış olduq, hər tərəf minalanıb. Torpaqlarımızın hər qarışı minadan təmizlənməlidir. Bərpa işlərini tezləşdirmək üçün yol açmaq lazımdır, biri var bütöv ərazini addımbaaddım təmizləyəsən, biri də var yol açasan. Əks təqdirdə, bütöv əraziləri təmizləyəsi olsaq, bizə uzun illər lazımdır. Hesab edirəm, digər əraziləri sonradan yavaş-yavaş minalardan təmizləyə bilərik”.

Elçin Şıxlı vurğulayır ki, xarabalıqları görəndə heç bir hiss keçirə bilmədim.

“İçimdə sadəcə boşluq var idi. O mənzərələri zaman-zaman televiziyadan izləsək də, öz gözlərimlə darmadağın edilmiş, çalım-çarpaz qazılmış, yerlə-yeksan edilmiş torpaqları, ev və tikililəri, goreşən ermənilər tərəfindən eşilmiş məzarları görəndə hər halda məndə heç bir hiss qalmadı. Ancaq boşluq… Bir sözlə, dəhşətli mənzərə idi. Bu mənzərənin fonunda bir sual yaranır, erməni o torpaqları özününkü hesab etsəydi, oranı darmadağın edərdimi? Görünür ki, heç vaxt da özününkü saymayıb, hərçənd dünyanın hər yerində həyasızcasına elan edirdilər ki, Qarabağ Ermənistandır”, deyə müsahibimiz əlavə edir.

Həmçinin oxuyun

Tanınmış jurnalistlərə vəzifə verildi

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib. “Qafqazinfo” xəbər verir ki, keçmiş ANS-çi Rüstəm …