Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Dövləti idarə edən mətbuat nümayəndələri – SİYAHI

Dövləti idarə edən mətbuat nümayəndələri – SİYAHI

Altay Həsənov, Hikmət Hacıyev, Tahir Məmmədov, Elmira Axundova və daha kimlər…

Kütləvi informasiya vasitələri qanunverici, icraedici və məhkəmə hakimiyyət qollarından sonra “dördüncü hakimiyyət” kimi qəbul edilir. Jurnalistikaya “dördüncü hakimiyyət” terminini ilk dəfə ingilis filosofu Edmund Berk gətirib. Onun 1776-cı ildə işlətdiyi bu ifadə ilə jurnalistikanın hakimiyyətə, hakim dairələrin fəaliyyətinə nəzarət funksiyası qabardılıb. Adından da göründüyü kimi, jurnalistika bu epiteti rəsmi qaydada deyil, öz funksiyaları baxımından qazanıb.

İctimai rəyə təsir, kütləni yönləndirmə, arxasınca aparma, maarifləndirmə kimi zəruri xüsusiyyətləri özündə daşıyan media həm də bir məktəbdir. Burada əldə olunan vacib keyfiyyətlər gələcəkdə digər sahələrdə də özünü sınamaq üçün zəmin rolunu oynayır. Təsadüfi deyil ki, istər qanunverici, istərsə də icraedici hakimiyyət qollarında təmsil olunanlar, özəl sektorda söz sahibi daşıyanlar, müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar arasında da  jurnalistlərin sayı az deyil. Hazırda onlar bu sahədən kənarda olsalar da, əmək fəaliyyətinə mətbuatda “yaşıl kart” qazanıblar.

Hokm.az vaxtilə jurnalist kimi çalışmış, hazırda isə yüksək vəzifə daşıyan məmurlarla bağlı araşdırma aparıb. 

Beləliklə: 

Mərkəzi İcra Hakimiyyəti orqanlarında:

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin katibliyinin rəisi Altay Həsənov1989-cu ildə “Xəzər” jurnalının əməkdaşı olub. 1989-cu ildən nəşr olunan jurnal hazırda Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı kimi öz fəaliyyətini davam etdirir. İldə 4 nömrəsi işıq üzü görür. Jurnalda dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, onların yaradıcılığı, həmçinin memuarlar, gündəliklər, müsahibələr və s. peşəkar tərcüməçilər tərəfindən dilimizə çevrilərək oxuculara təqdim edilir.

Prezidentin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ilin iyul ayında jurnalistlər üçün inşa olunan ikinci binadan mənzillə təmin olunub.

Prezident Administrasiyası Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini icra edən Səadət Yusifova 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Son təyinata qədər isə Prezident Administrasiyasının şöbə müdiri postunu tutub. O, bu vəzifədə Elnur Aslanovu əvəzləyib.

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc1999–2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsini daşıyıb. Eyni zamanda qəzetin təsisçisi olduğu “Ana Vətən” Partiyasında Mətbuat Xidmətinin rəhbəri olub. Ardınca partiya sədrinin müavini postunu tutub.

Yerli idarəetmə orqanlarında:

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 1999-cu ildə “Mingəçevir” Televiziya və Radio Şirkətində redaktor kimi əmək fəaliyyətinə başlasa da, sonradan yolunu İctimai Televiziyadan (İTV) salıb. İTV-də redaktor və departament direktoru vəzifələrini daşıyıb.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətov 2018-2020-ci illərdə İctimai Televiziya aparat rəhbəri olub. Birbaşa jurnalist fəaliyyəti olmasa da, bu müddətdə mətbuat nümayəndələrinin fəaliyyətinin kordinasiya olunmasına nəzarət edib. Ondan öncə isə Azərbaycan Gənclər Fondunda aparat rəhbəri olub.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. 1992-1993-cü illərdə “Naxçıvan” qəzetində müxbir kimi fəaliyyət göstərmiş icra başçısı sonradan ictimai fəaliyyətlə məşğul olub və “Əlincə” Cəmiyyətində şöbə müdiri olub.

Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun da ilk fəaliyyət sahəsi jurnalistika ilə bağlı olub. Nə az, nə çox, 8 il jurnalist işləmiş R.Hüseynov “Kommunizm yolu” qəzetində korrektordan şöbə müdiri vəzifəsinə qədər yüksəlib.

Diplomatik korpuslarda:

Azərbaycanın Ukraynadakı səfiri Elmira AxundovaAzərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, “Literaturnaya qazeta”nın (1990-1998), “Azadlıq” radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), “Türk dünyası” jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycanın ABŞ-da fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bir müddət Xarici İşlər Nazirliyinin mətbuat katibi işləyib. Ardınca Azərbaycanın NATO yanında Nümayəndəliyin başçısı, ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadəda bir müddət Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsində çalışıb. Ardınca ölkəmizi Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

Azərbaycanın Braziliyada səfiri Elxan Poluxov da Xarici İşlər Nazirliyinin mətbuat katibi olub. Son təyinata qədər ölkəmizi Cənubi Afrika, Mozambik, Anqola, Zimbabve və digər ölkələrdə təmsil edib.

Milli Məclisin deputatları arasında da çoxlu jurnalistlər var. Qənirə Paşayeva, Bəxtiyar Sadıqov, Sahib Alıyev, Elşən Musayev, Nigar Arpadarai, Sevil Mikayılova, Arzu Nağıyev, Hikmət Məmmədov, Aqil Abbas uzun müddət mətbuatda çalışıblar. Hazırda onlardan bəziləri paralel olaraq jurnalist kimi fəaliyyətlərini davam etdirir.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …