Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyindən prezidentə –ŞİKAYƏT

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyindən prezidentə –ŞİKAYƏT

Bu gün bəzi elektron KİV-lərdə, o cümlədən Pravdainfo.org-da Kənd Təsərrüfatı Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəliyə istinadən “Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən, Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar» edilməsi barədə məlumat daxil olmuşdur. Məlumatda bildirilirdi ki, daxil olan məlumat əsasında ötən gecə Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə reyd keçirilib və «…Aşkar olunan ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olunmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib», -deyə Y.Xanvəli bildirib. Y.Xanvəli onu da bildirib ki, laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 445 kq heyvan əti və daxili orqanlar müvəqqəti saxlanmaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Məmmədağa İbrahimov: «Heç bir ciddi laborator araşdırma aparılmadan bu cür məlumatın yayılması sifarişlidir və təxribat xarakteri daşıyır, şantaj məqsədlidir…»

Az əvvəl dərc olunan məlumatla bağlı adı çəkilən “Təzə bazar” MMC-nin sahibi Məmmədağa İbrahimov redaksiyamızla əlaqə saxladı və bildirdi ki, bu məlumatların heç bir laborator və sənədli araşdırma aparılmadan KİV-lərdə yayılmasına rəvac verilməsi sifarişlidir və təxribat xarakteri daşıyır, şantaj məqsədlidir… «…Onu da deyim ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər İdris oğlu Süleymanovun bizim ticarət mərkəzinə qarşı bu cür təxribat xarakterli reydi birinci dəfə deyildir… Bundan əvvəl də dəfələrlə bizim bazarda belə əsassız və qanunsuz reydlər keçirilmişdir və sonradan faktlar təsdiqini tapmadığından qarşı tərəf geri çəkilməli olmuşdur. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər İdris oğlu Süleymanovun bizə qarşı bu cür hərəkətinin əsil səbəbini isə mən artıq bu gün cənab Prezidentə və Kənd təsərrüfatı naziri cənab Heydər Əsədova yazdığım kollektiv müraciətimdə daha ətraflı bildirmişəm. Sadəcə, bu barədə etika qaydalarını gözləyərək KİV-də məlumatın yayılmasını arzulamazdım. Fürsətdən istifadə edərək tələm-tələsik qanunsuz və keyfiyyətsiz sayılmış 445 kq ətin yerli (rayon) və bizim bazarın baytarlıq xidməti tərəfindən verilmiş rəsmi akt və arayışlarının surətini Sizə göndərir, cənab Prezidentə üzümü tutaraq bildirirəm:

Cənab Prezident! Bu kimi məlumatın heç bir araşdırma aparılmadan dərhal KİV-də ictimailəşdirilməsi, müvafiq rəsmi baytarlıq sənədləri olduğu halda, «komissiya» tərəfindən qəbul edilməməsi və bu əsassız məlumatın Baytarlıq Xidmətinin rəsmi saytında yerləşdirilməsi bir daha təsdiqləyir ki, bunlar sifarişlidir, təxribat xarakterlidir və şantaj məqsədlidir. Onu da diqqətinizə çatdırıram ki, qaydalara görə bazara ət rayonlardan, əsasən, gecə saatlarında daxil olur və bazardakı baytarlıq laboratoriyasının rəsmi nümayəndəsi tərəfindən həmin ətin baytarlıq keyfiyyəti barədə aidiyyəti rayon (bölgə) baytarlıq laboratoriyasının rəsmi nümayəndəsinin (həkimin) rəsmi arayışını qəbul edəndən sonra təkrarən laborator müayinədən keçirir, yoxlanılır. Bizdə bütün qanuni sənədlər olduğu halda, nədən hansısa «məlumat əsasında» reyd keçirən şəxslər həmin sənədlərin mövcud olub-olmadığı ilə maraqlanmamışlar? Sonradan onlara təqdim edilən sənədləri isə qəbul etməkdən dolaysı ilə vaz keçmişlər… Və maraqlıdır ki, bazarın özündə kifayət qədər soyuducu kamera olduğu halda (həmin soyuduculara elə Azər Süleymanovun nümayəndəsi birbaşa nəzarət edir), guya mənşəyi şübhə doğuran ət bizə məlum olmayan hansısa başqa bir yerdəki soyuducuya yerləşdirilir, naməlum istiqamətə aparılır? Dəfələrlə Azər Süleymanovun «təcrübəsində» olmuşdur ki, başqa nəzarətsiz yerə aparılan ətlər sonradan dəyişdirilərək mənşəyi həqiqətən də müəmmalı olan ət ilə əvəzlənmiş, ardınca isə başqa «şərtlər» irəli sürülmüşdür. Bunları digər kolxoz bazarlarının rəhbərliyinin başına gətirilmiş belə hadisələrdən məlumatlı olduğum üçün deyirəm. Ən vacibi, necə ola bilər ki, bazarın düz mərkəzində «əti sümükdən ayıran gizli sex» fəaliyyət göstərir, amma bundan heç kim, hətta Azər Süleymanovun buradakı əməkdaşları gündüzlər belə xəbər tutmur, amma gecə qaranlığında hansısa məlumat əsasında Baytarlıq Xidmətinin rəis əvəzi Azər Süleymanov duyuq düşür???

Cənab Prezident!
Cənab nazir!

Bunlar dövlət məmuru Azər Süleymanov tərəfindən ümumi işimizə qarşı planlı təxribatdır və xahiş edirəm, belə təxribat xarakterli reydlərin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsinə, təqdim etdiyim rəsmi baytarlıq sənədlərinin araşdırılmasının təmin olunmasına göstəriş verəsiniz…”
***
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanovla telefon əlaqəsi yaradıb onun mövqeyini öyrənməyə çalışsaq da, bu hələlik baş tutmur… Bununla belə, bizə təqdim edilən sənədlərin surətini KİV olaraq aidiyyəti qurumlara, eləcə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin, eləcə də İqtisadi İnkişaf Nazirliyinin, digər dövlət qurumlarının elektron poçtuna göndərdik.(təzadlar.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın