Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Dondurma şirkətindən İqtisadiyyat Nazirliyinə ittiham – “Nazirliyin nə üçün belə yazdığı məlum məsələdir”

Dondurma şirkətindən İqtisadiyyat Nazirliyinə ittiham – “Nazirliyin nə üçün belə yazdığı məlum məsələdir”

İqtisadiyyat Nazirliyi hər il mövsümlə əlaqədar olaraq dondurma istehsalı ilə məşğul olan şirkətlərdə reydlər keçirir. Bu il də nazirlik müvafiq yoxlama tədbirləri həyata keçirib və istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Maraqlısı budur ki, adı yararsız məhsul istehsalında hallanan şirkətlər ötən illərdə aparılan reydlərdə də həmin siyahıda olub. Hazırda ölkənin və paytaxtın bir sıra böyük marketlərində həmin məhsullar yenə satılır. Əgər həqiqətən bu dondurmalar insan həyatı üçün təhlükəlidirsə, bazardan niyə yığışdırılmır və ya sözügedən məhsullar geri çağırılmır?

Bununla bağlı “Qaynarinfo”ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qanunvericiliyin zəif işlədiyini bildirərək dondurma şirkətlərinə müraciət etdi:

“Biz iki il öncə həmin firmalardan birinin rəhbərinin həbs olunmasının da şahidi olduq. Amma şirkət rəhbəri haqqında cinayət işi açıldığı bir vaxtda həmin dondurmaların reklamı aparılırdı. Bunun səbəbi odur ki, ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Qanun olmayanda da cinayət halları baş verir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun zəifdir və onun gücləndirilməsi istiqamətində heç bir iş getmir. Təhlükəli qida məhsullarının geri çağırılma mexanizmi yoxdur. Ölkə prezidenti bu il fevral ayının 10-da Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında xüsusi fərman imzalayıb. Hazırda həmin agentliyin yaradılması üzrə işlər aparılır. Dəfələrlə demişəm ki, biz o agentliyə ümidlə baxırıq, lakin sözügedən qurum yaradıldıqdan sonra şəffaf işləməsə, ictimai nəzarət olmasa, qohum-əqrəbalar üçün iş yeri açmaq kimi bir missiyanın yerinə yetirilməsi müşahidə olunsa, vəziyyət dəyişməyəcək. Bizə İqtisadiyyat Nazirliyinin zərərli elan etdiyi dondurmalarla bağlı hər gün 20-30 şikayət daxil olur. Saytınız vasitəsilə həmin şirkətlərə müraciət edirəm. Dondurma istehsalçıları bu məsələdə haqsızlıq hiss edirlərsə, buyurub “Qaynarinfo” vasitəsilə bizə məktub yazsınlar və biz təmənnasız olaraq şəffaf və açıq ekspertiza keçirək. Əgər problem varsa, haqq-ədaləti ortaya çıxaraq. Əks halda dövlət orqanlarının qaldırdığı məsələlər öz müsbət həllini tapacaq”.

Nazirliyin “qara siyahısı”nda olan şirkətlərdən “S.A.B.A.Şirkəti” MMC ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Ədilə Əzimli istehsal olunan dondurmaların bütün standartlara cavab verdiyini və ən yüksək keyfiyyətlə hazırlandığını söylədi:

“Şirkətimizin qapıları hər kəsə açıqdır. Kim istəsə, gəlib buradakı istehsalın gedişinə baxa, təmizliyi, şəraiti ilə yaxından tanış ola bilər. Onların (nazirliyin – red.) nə üçün belə yazdığı məlum məsələdir”.

Siyahıda adı keçən “BAND MILK” MMC-nin rəsmi nümayəndəsi Elvin Novruzov isə sözügedən məhsulların bazardan tamamilə yığışdırıldığını və nazirliyin göstərişlərinin yerinə yetirildiyini bildirdi:

“Nazirliyin yoxlanışından keçməyən məhsullarımız bazardan yığışdırılıb. Hər bir dondurmada bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olur, sadəcə normasının bir az yüksək olması aşkarlanıb və tədbirlər görülüb, həmin məhsullar firmaya geri qaytarılıb. Həmçinin nazirliyin bununla bağlı digər tapşırıqları da yerinə yetirilib”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın