Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / ‘Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır’ – Qubadan şikayət

‘Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır’ – Qubadan şikayət

Son 10 gündə Azərbaycanda üç ana ölümü qeydə alınıb. Yasamalda Nuranə Orucova və yeni doğulmuş körpəsi, Naxçıvanda Həqiqət Mirzəyeva, Qubada Sevinc Seyidəliyeva doğuş zamanı həyatını itirib.

Sonuncunun – Sevinc Seyidəliyevanın anası Nəzakət Aslanova 10 gün əvvəl Qubadakı doğum evində baş vermiş ölüm faktının düzgün araşdırılmasını istəyir. O, bildirib ki, Quba prokurorluğu xəstəxananın həkimlərini məsuliyyətdən kənarda saxlamağa çalışır: «Qızımın ölməsinə heç bir səbəb yox idi. Hamiləliyi qaydasında keçmişdi. Qeysəriyyə ilə götürüblər uşağı. Sonra qaça-qaça gəldilər, gözaydınlığı aldılar, dedilər, uşaq da, ana da palataya köçürülüb. Biz də arxayın olduq, qayıtdıq evə. Ertəsi səhər xəbər gəldi ki, Sevinc ölüb».

Anaya bildirilib ki, qızı elə palatadaca qəfil ölüb. Ana isə deyilənlərə inanmır:

«Axı heç bir narahatlığı, xəstəliyi olmayan adam qəfil necə ölə bilər? Bu adam niyə qəfil evdə yox, gedib palatada öldü? Ölümün də bir səbəbi olur axı… Əgər səbəb gizlədilirsə, deməli, öz günahları üzündən baş verib. Mən qızımın ölümündə Quba Regional Perinatal Mərkəzin həkimlərini günahlandırıram. Onun əməliyyatı 700-800 manata başa gəlmişdi. Bu cəlladlar həm pul alırlar, həm də əzizini öldürürlər. Hər şey də ona görədir ki, Qubadakı doğum evində indiyə kimi baş vermiş ölümlərə görə bircə həkim də cəzalandırılmayıb. Guya araşdırma aparırlar, axırda da ölünü təqsirli çıxarıb işi bağlayırlar».

S.Seyidəliyeva Xaçmazın Müzəffəroba kəndindən olub. Ölümündən əvvəl dünyaya gətirdiyi oğlundan başqa üçyaşlı qızı da varmış.

Quba Perinatal Mərkəzindən AzadlıqRadiosuna bildirilib ki, ölüm faktını Quba rayon Prokurorluğu araşdırır. Əməliyyatda iştirak etmiş həkim qrupu prokurorluqda izahat verib: «Sevinc Seyidəliyeva vurulan iynəyə sərt reaksiya verib və ölüb. Həmin vaxt o iynədən doğuşdan çıxmış başqa analara da vurulub və normal reaksiya olub. Qeysəriyyə əməliyyatı qaydasında keçib, ananın da, körpənin də vəziyyəti normal olub».

Perinatal Mərkəzdən əməliyyata görə xəstənin yaxınlarından pul alınması ilə bağlı deyilənlər də təkzib olunub.

Ana ölümü ilə bağlı araşdırma Quba rayon Prokurorluğunda davam edir. S.Seyidəliyevanın ailəsi həkimlər cəzasız qalarsa, baş prokurora müraciət edəcəyini bildirir.

dia.az

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın