Ana səhifə / Media / DGK-nın sabiq sədri 2 jurnalisti tutdurmaq istəyir

DGK-nın sabiq sədri 2 jurnalisti tutdurmaq istəyir

Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxəbər.com saytının rəhbəri Hacıbəy Heydərlini və saytın direktoru Əfsələddin Ağalarovu həbs etdirməyə çalışır. Bu barədə Gununsesi.info-ya jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azxəbər.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq, cəzalandırılmalarını xahiş edib. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırıb:“Azxəbər.com saytında “Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – Təfərruat” başlıqlı məqaləsində məni ağır cinayətdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq, mənə böhtan atmışlar. Belə ki, məqalədə iddia olunub ki, “həbs edilmiş polkovnikin sədrin qohumu olmaqla, külli miqdarda psixotrop maddələrin gömrük məntəqəsindən yoxlanılmadan Gürcüstan Respublikasına keçirilməsinə göstəriş və tapşırıq Aydın Əliyev tərəfindən verilmişdir. Rəhim Həsənovun qanunsuz əməlləri barədə Aydın Əliyevin məlumatı olub və hətta iddiaya görə ona tapşırıqları da Aydın Əliyev verib””.

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: “Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxtçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri yenə də azxəbər.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında bu niyyət tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …