Ana səhifə / Media / Deputat icra başçısını aşağıladı: “Uzaqbaşı mağaza müdiri ola bilər”

Deputat icra başçısını aşağıladı: “Uzaqbaşı mağaza müdiri ola bilər”

Milli Məclisin üzvü, BAXCP sədri Qüdrət Həsənquliyev Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi sərt tənqid edib. Bu icra başçısının tanınmış vəkil Aslan İsmayılovun üstünə qoçu dəstəsi göndərməsi məsələsinə münasibət bildirən Q.Həsənquliyev, A.Vəliyevi məsələlərə “bazar təfəkkürü” ilə yanaşan məmurlardan biri adlandırıb.
“Təəssüf ki, bizdə bir çox hallarda kadrların irəli çəkilməsində onun intellektual səviyyəsi, idarəetmə bacarığı, getdiyi yol, tərcümeyi – halı rol oynamır, hansısa yüksək vəzifəli şəxslə qohumluğu həlledici əhəmiyyət daşıyır. Ona görə də, bir də görürsən ki, mağaza müdiri səviyyəsində olan bir adam hansısa rayona icra başçısı təyin olunur. Halbuki həmin şəxsin öz şəxsi keyfiyyətlərinə görə tuta biləcəyi maksimum vəzifə elə mağaza müdirindən o tərəf deyil. Belələri də icra başçısı kürsüsünə oturar-oturmaz sözsüz ki, öz səviyyəsinə, dünyagörüşünə uyğun olaraq bazar təfəkkürü ilə məsələlərə yanaşır”.
Q.Həsənquliyev Moderator.az saytına açıqlamasında daha sonra bildirib ki, Sabunçunun icra başçısı haqda ona da dəfələrlə şikayətlər daxil olub: “Mən özüm dəfələrlə müxtəlif tədbirlərdə və məclislərdə onun haqqında kifayət qədər neqativ fikirlər söyləmişəm. Onun iş adamlarını necə incitməsi və onlara qarşı qanunsuz tələblər irəli sürməsi haqqında məndə də kifayət qədər fakt var. Onun qanunsuz hərəkətləriylə bağlı bu yaxınlarda bir sahibkar şəxsən mənə şikayət etmişdi və həmin sahibkar üzləşdiyi davranışa görə az qala infarkt keçirəcəkdi”.
Partiya sədri ümid etdiyini bildirib ki, tezliklə ölkədə müəyyən kadr islahatları həyata keçiriləcək və bu zaman kadrların irəli çəkilməsiylə bağlı müəyyən prinsiplər işlənilib hazırlanacaq ki, təsadüfi adamlar o cür taleyüklü postlara təyinat ala bilməsinlər. “Etiraf etmək lazımdır ki, sovet dövründə kadrların irəli çəkilməsi daha düzgün tənzimlənirdi və tutaq ki, komsomolda, partiya sovet strukturlarında işləməyən, bir siyasi yol keçməmiş kadrları yüksək postlara qoymazdılar. Amma bu gün bizdə bəzən hansısa sahibkarın əl buyruqçusu olmuş və alış-verişdən və ya buyrulmuş konkret işlərdən kənarda heç bir təcrübəsi, biliyi, bacarığı, səriştəsi olmayan şəxsləri kimlərinsə əliylə inanılmaz postlara yerləşdirirlər. Elə buna görə də hesab edirəm ki, kadr islahatları qaçılmazdır və elə adamlar strateji postlara təyinat almalıdırlar ki, onlar xalqla işləməyi bacarsınlar, dövlət başçısının da dəfələrlə bəyan elədiyi kimi, xalqın xidmətçiləri ola bilsinlər. Belə olanda təsadüfi adamlara bu cür vəzifə həvalə edilməz”.

 

Mia.az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın