Şənbə , Noyabr 23 2019
Ana səhifə / Media / Daha bir yataqxanada köçkünlər sayğaclaşmaya etiraz edir?

Daha bir yataqxanada köçkünlər sayğaclaşmaya etiraz edir?

Bu gün məcburi köçkünlərin məskunlaşdığı daha bir yataqxanada “Azərişıq” ASC işçilərinin sayğacların quraşdırılması zamanı etiraz və müqavimətlə üzləşdiyi barədə məlumat yayılıb.

“Azadlıq” radiosunun bildirdiyinə görə fevralın 6-da səhər saatlarından Nərimanov rayonu, Malik Məmmədov küçəsi 4-də (Təfəkkür Universitetinin yaxınlığı) yataqxanaya gələn «Azərişıq» ASC-nin işçiləri çarəsiz duruma düşüblər. Onlar yataqxana binasında sayğac quraşdırmağa çalışsalar da, saatlardır ki, köçkünlər dirəniş göstərib imkan vermir. Sayğac quraşdıranlar binaya yaxın buraxılmır.

Bu yataqxanada Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş 150 ailə məskunlaşıb. Bina qəzalıdır və indiyədək köçkünlər başqa yerə köçürülmələri üçün hökumətə dəfələrlə müraciət ediblər. Sayğaca qarşı çıxmalarının da səbəbləri var. Köçkün Cavid Mehralıyev AzadlıqRadiosuna bu səbəblərdən danışır: «Binada heç vaxt qaz olmayıb. Canımızı elektrik cihazlarıyla isidirik, məişətdə elektrikdən istifadə edirik. Bir sözlə, hər işimiz elektriklədir. Biz sayğaclaşmanın əleyhinə deyilik, ancaq əvvəl gətirib binaya qaz çəksinlər, xərcimiz yüngülləşsin, sonra işığa sayğac qoysunlar. Axı hökumət nəzərə almalıdır ki, qəzalı yataqxanada məskunlaşan, işsiz, köməksiz köçkün ailələri hər ay 200-300 manat işıqpulunu ödəyə bilməyəcək».

Köçkün Afət Səfərova deyir, işıq idarəsinin sayğac quraşdırmağa gələn işçilərini binaya buraxmadıqları və köçkünlərin binanın qarşısına toplaşdığı üçün əraziyə polis qüvvəsi göndərilib. Lakin o, polislərin gəlişinə baxmayaraq etirazlarını davam etdirəcəklərini və sayğacların quraşdırılmasına imkan verməyəcəklər.

Lakin “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a açıqlamasında deyib ki, Təfəkkür Universitetinin yaxınlığında yerləşən yataqxanada sayğacların quraşdırılması zamanı məcburi köçkünlərlə heç bir qarşıdurma yaranmayıb. “Həmin yataqxanada və məcburi köçkünlərin məskunlaşdıqları digər yataqxanalarda-Pirşağıda, Buzovnada, digər yerlərdə “Azərişıq” ASC-nin əməkdaşları sayğacların quraşdırılmasını davam etdirirlər. İndiyədək məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalarda 6500-dən çox sayğac quraşdırılıb.Əlbətdə, sayğaclaşmaya etiraz edənlər də olur, lakin ümumən məcburi köçkünlər bu prosesə qarşı deyil. Saytların bu haqda yazdıqları şişirtmədir”-o bildirib. T.Mustafayev “Azərişıq” ASC-nin məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalarda sayğac quraşdırımasını əks etdirən fotoları da təqdim edib.

Xatırladaq ki, Azərbaycan prezidentinin sərəncamı ilə məcburi köçkünlər üçün pulsuz elektrik enerjisi limiti ləğv olunub, əvəzində yemək pulu, kommunal xərclər və digər güzəştlər qismində ehtiyacı olan hər məcburi köçkünə 36 manat aylıq müavinət təyin edilib. “Azərişıq” ASC prezidentin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün xüsusi qərargah yaradıb, məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasına başlayıb.

Virtualaz.org

Həmçinin oxuyun

Baş redaktordan erməni əsilli olması ittihamına cavab: – “Anaların milliyyəti olmur”

Bu günlərdə tanınmış jurnalist Əntiqə Rəşid çalışdığı “Qarabağ” qəzetindən qanunsuz yerə işdən çıxarıldığını iddia edən …

Bir cavab yazın