Ana səhifə / Media / Dağ boyda dərdi olan Sulutəpədən – PROBLEMLƏRİ

Dağ boyda dərdi olan Sulutəpədən – PROBLEMLƏRİ

…Metronun “20 yanvar” stansiyasından Sulutəpə qəsəbəsinə cəmi 10 dəqiqəlik yoldur. Bakı-Şamaxı magistral yoldan dönüb qəsəbəyə gedirik.

Hər iki tərəfində villalar, restoran və mağazalar sıralanan qəsəbənin əsas mərkəzi yolunda bizi şikayətçilər qarşılayır. Asfalt yol şadlıq sarayının yanında bitir. Bundan sonra çirkab dolu kanalizasiya suyunun gölməçələr yaradığı, dar və palçıqlı yol başlayır. Şikayətçilərdən biri rezin çəkmə geyməyimizi təklif edir.

Minlərlə sakinin yaşadığı Sulutəpədə mərkəzləşmiş kanalizasiya sistemi yoxdur. Yeni salınmış məhəllələrdə sakinlər şəxsi vəsaitləri hesabına kanalizasiya xətti çəkiblər. Lakin iki gündən bir borular partlayır, çirkab qarışıq su evlərə, oradan isə küçəyə axır. Küçədən gələn üfunət iyindən nəfəs almaq mümkün deyil.

Virtualaz.org araşdırıb ki, Sulutəpədə yaşayanların dərdi təkcə kanalizasiya problemi ilə bitmir. İllərlə daşınmayan zibil kanalizasiyadan gələn çirkaba qarışıb küçəyə axır, yollar bərbad durumdadır və sənədsiz evlərin gec-tez söküləcəyi qorxusu var.

 

Çirkab gölməçələr qorxulu vəziyyət yaradıb

“Görürsünüz, hələ ən yaxşı yol magistral yoldur, o da sakinlərin şəxsi vəsaiti hesabına çəkilib. Amma kanalizasiya olmadığından asfalt dağılıb”, – bunu Ruslan Allahverdiyev küçəsinin sakini Əli Abbasov deyir.

Ruslan Allahverdiyev küçəsində yüzlərlə ev var. Bir neçə məhəlləyə ayrılan küçədə iki-üç mərtəbəli villaya da, iki-üç otaqlı, kasıb görkəmli evlərə də rast gəlmək olur.

“Təkcə payızda və ya qışda deyil, ilin bütün fəsillərində bu küçədən keçmək mümkün deyil. Gecə-gündüz dua edirik ki, yağış yağmasın, çünki göydən bir gilə düşən kimi xirtdəyəcən su altında qalırıq”, – Əli şikayətlənir.

14 və 15-ci məhəllədə vəziyyət daha gərgindir. Kanalizasiya xətti sıradan çıxıb, onlarla ev su altında qalıb. Nəticədə, bir neçə ev boşaldılıb.

“Birinci kanalizasiya xətti sıradan çıxdı, biz də yenidən pul yığıb ikinci xətti çəkdik. Amma ikinci xətt də işə yaramadı”,- bunu isə Gülarə adlı sakin deyir.

Sakinlər qarşı yola keçmək üçün taxta körpülərdən istifadə edirlər. Demək olar ki, hər evin qarşısında taxta körpülər var. Borulardan gələn çirkab gölməçələrə tökülür.

Gülarə deyir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən tutmuş bələdiyyəyə qədər müxtəlif orqanlara şikayət ediblər. İcra hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd edəndən sonra əraziyə “Azərsu” Səhmdar Cəmiyyətinin mütəxəssisləri gəlib: “Mütəxəssislərdən biri dedi ki, siz ayaqyolunun kanalizasiyasını hara qoşmusunuz. Dedik ki, kanalizasiya yoxdur, ayaqyolunun çirkabı küçəyə axır. Ikinci sualı bu oldu ki, bu şəraitdə necə yaşayırsınız, köçün, canınız qurtarsın. Bundan sonra ümidimiz kəsildi”.

 

Məktəbə gedən yolda təhlükə – ani diqqətsizlik faicə ilə nəticələnə bilər

Laçın rayonu, 10 saylı məktəb də həmin küçədə yerləşir. Lap yaxın məhəllədən, hətta bir addımlıqdan uşaqları məktəbə “Niva” maşınları daşıyır. Kanalizasiyadan axan su düz məktəbin qarşısında böyük gölməçələr yaradıb. Yaxınlıqdakı evlər su altındadır, bir neçə ev boşaldılıb. Sakinlər quyu qazıb, suyu nasosla quyulara doldururlar. Quyuların üstü isə kağız kartonlarla örtülüb, ani diqqətsizlik faciə ilə nəticələnə bilər. Həmin məktəbdə 300 şagird təhsil alır.

Məktəbin müəllimi Musa Məmmədov deyir ki, dəfələrlə şikayət etsələr də, nəticəsi olmayıb: “2015-ci ildə dedilər ki, kanalizasiya xəttinin çəkilməsi plana salınıb. Üstündən 2 il keçib, amma nə gələn, nə də vəziyyətlə maraqlanan var. Hər gün dərs başlayan kimi qapının ağzında dayanırıq, uşaqların qarşı yolu keçməsinə kömək edirik. Ufunətdən siniflərdə oturmaq mümkün deyil”.

Məktəbdə səhər növbəsinin dərsi yekunlaşır. Məktəbin qapısı ağzında çantalardan rezin çəkmələr çıxarılır. Şagirdlərdən biri şəkil çəkməməyimizi xahiş edir. Musa müəllim isə deyir ki, nəinki şagirdlər, hətta müəllimlər belə rezin çəkmə geyirlər. Çünki çirkabın içindən keçən şagirdlərin ayaq izini təmizləmək üçün bütün günü çalışmaq lazımdır. “Bir də görürsən valideyn nəzarətindən yayınan uşaqlar çirkabın içində oynayır. Axı bura xəstəlik mənbəyidir”, – müəllim şikayətlənir.

Amma təhlükə yalnız bu deyil, çirkabla dolu quyuların üstü açıqdır. Valideyn nəzarətsizliyi və ya ani bir diqqətsizlik faciə ilə nəticələnə bilər. Valideynlər isə deyirlər ki, elə bu səbəbdən uşaqları küçəyə tək buraxmırlar.

 

Dərsə anasının çiynində gedən uşaqlar…

“İki oğlum bu məktəbdə təhsil alır, hər gün evdən uşaqları çiynimdə məktəbə aparıb-gətirirəm. Taksi tutmağa imkanım yoxdur”, – valideynlərdən biri şikayətlənir və əlavə edir ki, onun kimi valideynlər çoxdur. Digər valideynlər də narazılıqlarını bildirirlər: “Üstümüz-başımız çirkab olur. Uşaqları qapıda qarşılayıb, ayaqqabılarını təmizləyirik. Bu vəziyyət neçə il davam edəcək?”

Sənədsiz evlərə bildirişlər gəlir

Qəsəbədəki evlərin əksəriyyəti sənədsizdir. Sakinlər ildə bir neçə dəfə bildiriş alırlar. “Sulutəpə ərazisindəki torpaqlar neft şirkətinin balansındadır. Məhkəmədən bildiriş gəlir, deyirlər ki, gec-tez evlər söküləcək. Bəziləri evləri özəlləşdirə bilib, amma əksəriyyət özəlləşdirmədə çətinlik çəkir”, – sakinlərdən biri Azər Quliyev deyir.

Azər söyləyir ki, ev alarkən yolun şəhərə yaxınlığına aldanıb: “Bələdiyyə torpağa sənəd verib, məsələn, mən evə qeydiyyata düşmüşəm. Amma evin sənədləri qaydasında deyil. İllərdir zülmlə tikdiyim evin nə vaxtsa söküləcəyi qorxusu ilə yaşayırıq. Kimin imkanı var, evini sənədləşdirir, kimi də mənim kimi hər bildiriş gələndə stresslə nəticəsini gözləyir”.

Sakinlərdən biri isə deyir ki, Sulutəpənin villalar yerləşən ərazisində bütün problemlər həllini tapıb. Qəsəbənin kənar məhəllələrində isə yaşayış dayanıb. Kənar məhəllələrdə problemlərin həllini tapacağına ümid də yoxdur. Evlərini dəyər-dəyməzə satmaq istəyənlər isə yolun şəhərə yaxınlığını əllərində bayraq edib. “Kanalizasiya üçün şikayət edən kimi deyirlər ki, evinizi qeyri-qanuni tikmisiniz. Halbuki, bütün kommunal xidmət haqlarını ödəyirik. Villalara da bələdiyyə sənəd verib, bizə də. Fərq ondadır ki, biz Allah ümidinə yaşayırıq”, – narazı sakinlərən biri deyir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın