Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Dərmanların “qara bazarı”- Bır sıra dərmanlar niyə yoxa çıxıb?

Dərmanların “qara bazarı”- Bır sıra dərmanlar niyə yoxa çıxıb?

Manatın dollara nisbətən dəyərdən düşməsi dərman bazarından da yan keçmədi. Düzdür, hazırda dolların məzənnəsi sabit olsa da, Tarif Şurasının dərman bazarına müdaxiləsindən sonra iş adamları xarici ölkələrdən dərman preparatlarının gətirilməsində maraqlı deyillər. Bu da ölkədə dərman qıtlığının yaşanmasına səbəb olur. Hətta bir sıra iddialar var ki, Azərbaycana əsas  dərman Hindistandan gətirilir ki, onlar da keyfiyyətli olmur. Halbuki eyni dərmanlar əvvəllər Avropa ölkələrindən, Türkiyədən gətirilirdi. Məhz Azərbaycana gətirilən keyfiyyətsiz dərmanların qəbulunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində Azərbaycanda 823 nəfər dərmandan zəhərlənib. 
Bu barədə mətbuata açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirmişdi.
Bir sıra dərmanlar da var ki, onların Azərbaycan dilində içliyi də yoxdur. Bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bununla bağlı onlara çoxlu sayda şikayətlərin olduğunu bildirmişdi: “Bu yaxınlada istehlakçılar bizə “Nimesil” və “Leklolin” dərmanlarının yad dillərdə olan içliyini gətiriblər. Bu dərmanlar apteklərdə satılır, amma içlikləri Azərbaycan dilində deyil. Deməli, nəsə problem var”.
Ən əsası isə odur ki, bir çox insanlar axtardıqları dərmanı tapmaqda çətinlik çəkirlər. Baş çəkdiyimiz bir çox aptekdə də bunu təsdiqlədilər. Aptekdə çalışanlar artıq Azərbaycana xarici ölkələrdən gətirilən dərmanların azaldığını, bunun da gömrükdəki qiymətlərlə bağlı olduğunu və dərman gətirməyin artıq qazanc baxımından sərfəli olmadığını deyirlər. Bir sıra alıcılar da var ki, onlar axtardıqları dərmanı tapa bilmədiklərini bildirirdilər. Azad Məmmədov deyir ki, əlindəki reseptdəki yazılan dərmanı tapa bilmir: “Həkimin yazdığı resepti alıb aptekləri gəzirəm. Ancaq bir dərman var ki, onu tapa bilmirəm. Əczaçılar mənə dərmanın xaricdən gətirildiyini və hələ ki, anbarlarında olmadığını deyərək əvəzediciləri təklif edirlər. Həkimim isə əvəzedicinin eyni effekti vermədiyini deyir. Bilmirəm nə edim…”
Digər alıcı isə qiymətlərlə bağlı narazılıq edirdi: “Deyirdilər ki, bütün apteklərdə dərmanların qiyməti eyni olacaq. O qərara nə oldu? Eyni dərmanı bir aptekdə 20, digərində isə 15-18 manata satırlar”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da dərman bazarına nizama salmaq üçün islahatlara ehtiyac olduğunu dedi:  “Tarif Şurasının dərman bazarına müdaxiləsindən sonra bir sıra tanınmış dərmanların, hansı ki, gündəlik praktikada istifadə olunan bu dərmanların ölkədə qıtlığına səbəb olub. Əslində Tarif Şurasının müdaxiləsindən sonra sahibkarlara bu məsələnin sərfəli olmamasından qaynaqlanır. Dərman maddəsinin qiyməti o səviyyəyə qədər endirilib ki, gömrük və digər xərclərə bunun bir dəxili olmur. Bunun yalnızca sahibkarın gəlirinə dəxli olur ki, sahibkar da dərman preparatlarının Azərbaycana idxalına maraqlı olmur. Amma bir şey var ki, dərman preparatlarının dərman bazarını qaydaya salmaq üçün sistemli islahatlar tələb olunur. Bu şəkildə dərman bazarını idarə etmək olmaz. Digər bir mühüm səbəb isə dərman bazarının monopoliyada olmasıdır. Ölkədə bu sahədə azad rəqabət sistemi yoxdur və dərman bazarı Azərbaycanda dərman təhlükəsizliyi konsepsiyası  nöqteyi-nəzərindən tənzim olunmalıdır. Yəni ölkəyə ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatının siyahısına düşən dərmanlar idxal oluna bilər və bunlar dövlət farmokapiyasında qeydiyyatdan keçməlidir. Vətəndaş da bilməlidir ki, Azərbaycana hansı dərmanlar gəlir və hansılarının ölkəmizdə istifadəsinə icazə var. Bu sistem olmadığına görə bir sistemsizlik hökm sürür ki, bundan da təbii ki, əhali əziyyət çəkir”.
Xəstələrinə resept yazarkən bir sıra dərmanların olmamasından əziyyət çəkdiyini deyən A. Qeybulla onların əvəzedicilərinin də bəzən effektli olmadığını dedi: “Elə dərmanlarda var ki, onun əvəz edicisi real olaraq yoxdur. Bir daha deyim ki, dərman bazarı bu cür idarə edilə bilməz. Bu formanın özü qüsurludur”.
Azərbaycana gətirilən dərmanların digər ölkələrə nisbətən baha satılmasına gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli gömrük, vergi və sığorta məsələsində irəliləyiş olarsa, dərman bazarında müəyyən qayda qanunun yarana biləcəyini dedi: “Azərbaycanda tənzimlənən dərman qiymətlərinə keçid zamanı ekspertlər olaraq dəfələrlə hökumətə xəbərdarlıq etdik ki, burada ciddi problemlər yaşana bilər. Çünki qoyulan qiymətlər sonradan Azərbaycanda daha keyfiyyətsiz analoqların bazara girməsinə səbəb ola bilər.  Daha keyfiyyətsiz, amma qiyməti baha olan dərmanlar bazarda üstünlük təşkil edəcək ki, bu da insanların sağlamlığına təsir edəcək məsələdir. Yəni rəqabətli mühit yaratmaqdansa, bir neçə böyük şirkətlərin Azərbaycanda rahat fəaliyyət göstərməsini təmin etməkdənsə, dövlətin tənzimləyici qiymət siyasətinə keçməsinin əslində əks effekt verdiyi artıq sübut olundu. 1 ilə yaxındır ki, bu məsələ müzakirə olunub müəyyən qərarlar verilir. Amma hələ də bu sahədə olan problemlər öz həllini tapmayıb. Bunun da əsas səbəblərindən biri bazarda dövlətin rolunun artması və nəzarətinin güclənməsi hesab olunur. Çünki rəqabətli mühit azaldıqca, şirkətlərin ölkədən çəkilməsi və bazardan çıxması artdıqca təbii ki, bazarda da qiymət siyasətində artımların şahidi oluruq. Azərbaycanın dərman bazarında 100 faiz xaricdən asılı olduğunu nəzərə alsaq təbii ki, valyutaların bahalaşması da burada öz rolunu oynayır. Əgər hökumət qiymət siyasətini normal bir hala gətirmək istəyirdisə, bunun çox asan yolları var idi. Ölkədə daxili istehsal olmadığına görə dərman preparatlarının ölkəyə gətirilərkən əlavə dəyər vergisindən və gömrük rüsumundan tamamilə azad olunması yolunu tutmaq olardı ki, bu da qiymətlərin 30-35 faiz ucuzlaşmasına səbəb olardı. Bu sahədə ciddi dəyişiklər edilməli, gömrük rüsumların ciddi endirimlərə gedilməlidir ki, daha çox şirkət Azərbaycan bazarına daxil olsun və rahat çalışsın. Daha çox şirkət Azərbaycan bazarına daxil olarsa, rəqabət mühitinin formalaşmasına da şərait yaradacaq. Digər məsələ isə tibbi sığorta məsələsidir ki, bu illərdir müzakirə olunsa da, qanun qəbul edilsə belə həyata keçirilmir. Azərbaycan bu sistemə keçsəydi, vətəndaşlar dərman alarkən dərmanın qiymətinin bir hissəsini sığorta vasitəsi ilə ödəmək hüququ qazanardı ki, bu da əhali üçün çox ciddi bir dəstək olardı. Bu iki sahədə, həm gömrük, vergi, həm də sığorta məsələsində irəliləyiş olsa düşünürəm ki, dərman bazarında da müəyyən qayda qanun yarana bilər”. Musavat.com


Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın