Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Çay ətrafında yaşayan insanlar niyə susuz qalırlar? – FOTOLAR

Çay ətrafında yaşayan insanlar niyə susuz qalırlar? – FOTOLAR

Heç kimə sirr deyil ki, bölgələrdə kommunal problemlər hələ də qalmaqdadır. Müxtəlif sərəncamlar imzalanaraq, bu problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, bölgələrə ayrılan vəsaiti aidiyyəti üzrə istifadə etməyən bəzi  məmurların və digər bu kimi canlı və cansız maneələrin sayəsində problemlər həll olunmamış qalır. 
Musavat.com-un reportyorlar qrupu  olaraq bir neçə gün öncə Sabirabad rayonuna səfər etdik. Əslində səfərin məqsədi orada əkinçilərlə danışıb, bu sahə üzrə onların problemlərini işıqlandırmaq  olsa da eşitdiyimiz və gördüklərimiz bizi bu yazını da yazmağa vadar etdi.
Öncə onu qeyd edək ki, Kür çayının ətrafında yerləşən kəndlərin əksəriyyətində nə qədər qəribə olsa da içməli su problemi yaşanır. Salyan, Neftçala kimi rayonlarda da vəziyyət eynidir.
Kür çayı bu rayonların ətrafında dolanır, amma camaat içməli su tələbatını ya maşınlarla ödəyir, ya da kanallar vasitəsilə… . 
 
Bu da təmizlik baxımından heç də uğurlu üsul deyil. Çünki həmin su heç bir təmizləyici qurğudan keçmir. Suyun istənilən çirklənməsinə qarşı heç bir tədbir görülməyib. Düşünün ki, su sizin evin 100 metrliyindən keçir, amma siz o sudan normal şəkildə istifadə edə bilmirsiniz. Sabirabadın yollandığımız Türkədi kəndində də eyni mənzərənin şahidi olduq.
Lakin kənddə kommunal xətlərlə bağlı sevindirici məqamlar da var idi. Belə ki, Sovet dövründə belə qaz xətti olmayan Türkədi kəndinə bu ilin sonuna qədər təbii qaz veriləcək.
Artıq kənddə bir çox evlərə qaz xətləri çəkilib və bu proses tamamlanmaq üzrədir. Eyni zamanda elektrik xətlərinin də yenilənməsi prosesinə başlanılıb. Lakin sakinlər bildirdilər ki, bu proses bir zamanlar sürətli aparılsa da, son zamanlar işlərdə dayanma müşahidə olunur.
Söhbət etdiyimiz bəzi sakinlər də təəssüflə söylədilər ki, 21-ci əsrdə hansısa kəndə su, qaz xəttinin çəkilməsi ciddi hadisə kimi qeyd edilirsə, deməli biz hələ  də 21-ci əsrə girə bilməmişik. Çox geridəyik…
 
Türkədi kəndində gördüklərimiz və eşitdiklərimiz 
 
Öyrəndik ki, kəndin 2 min əhalisi var. Kəndin kişilərinin bir hissəsi işsizlikdən Rusiyaya yollanıb, ailələrini dolandırmaq üçün demək olar ki, ilin yarısını orada keçirirlər. Yerdə qalanlar isə müxtəlif təsərrüfat və digər bu kimi işlərlə məşğul olaraq, gündəlik dolanışıqlarını çıxarırlar.  Kənd camaatı az sayda da olsa iri və xırdabuynuzlu mal-qara saxlayırlar. Uşaqlar isə təbii ki, oxuyub, özlərinin dili ilə desək böyük adam olmaq istəyirlər.
 
Onlar arzularına çata biləcəklərmi?  
 
Elə əsas problem də məhz bu sualdan doğur. Belə ki, kənd ərazisində olan məktəb çox yararsız vəziyyətdədir. Demək olar ki, söhbət etdiyimiz bütün kənd sakinləri məktəbin durumundan narazılıqlarını bildirdilər. Bütün bu narazılıqları dinlədikdən sonra biz də məktəb ərazisinə yollandıq. Müşahidə etdik ki, məktəbin 1 mərtəbəli binası deyildiyi kimi çox bərbad vəziyyətdədir. Sakinlər bildirdilər ki, qış aylarında məktəb daha pis vəziyyətdə olur. Belə ki, istilik sisteminin olmaması, binanın təmirsizliyi şagirdlərin və onlara dərs deyən müəllimlərin işini  daha da çətinləşdirir. Elə buna görə də övladını oxutmaq istəyən valideynlər onları Sabirabad rayonunun mərkəzində yerləşən məktəblərə qoyurlar.
Həmçinin kəndin xəstəxanası da bərbad gündədir.
Ümumiyyətlə, demək olar ki, kəndin xəstəxanası yoxdur. İllər öncə tikilən xəstəxana binası artıq tam dağılmış formadadır. İçərisində isə nə həkim var, nə də hər hansı bir xəstəyə dərman ola biləcək vasitə. Sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, xəstələri olduğu zaman kənddən 10-12 kilometr uzaqlıqda yerləşən Sabirabad rayon Mərkəzi Xəstəxanasına getməyə məcbur olurlar. O da ki, nəqliyyat vasitəsi taparlarsa…
Bundan əlavə kənd camaatı bildirdi ki, Türkədi kəndinin təmiz su problemini həll etmək üçün “bulaq” adlandırılan bir neçə su krantları quraşdırılıb ki, bunların isə işləyən günü olmur. Nəticə olaraq, əhalinin yenə də içməsi su problemi həll olunmamış qalıb.
Bütün bu söylənənlərə münasibət almaq üçün kəndin bələdiyyəsi Xəzər Abuşovlagörüşdük. Söylənən iradlarla bağlı suallarımızı cavablandıran X. Abuşov ilk olaraq elə su problemi məsələsinə aydınlıq gətirdi:
“Hazırda kənddə iki layihə üzrə işlər aparılır. Bunlar qaz çəkilişi və meliorasiya-irriqasiya işləridir. Hər iki  prosesdə qazıntı işləri aparılır və bu zaman da  “bulaq”lara çəkilən xətlər də müvəqqəti olaraq kəsilir. Hazırda hər iki layihə üzrə işlər yekunlaşdırılır və su məsələsi ilə bağlı problemlər də həll olunacaq. “Bulaq”ların işləməməsinin bir səbəbi də texniki məsələlərlə bağlıdır. Belə ki, Kürün suyu lilli olduğu zaman qurulan təmizləmə sistemi suyu təmizləyə bilmir. Gələn palçıqlı su təmizləyici sistemlərin gözlərini tutur, ona görə də alınmır. Burada böyük bir sistem qurulmalıdır. Ümumilikdə kəndə 12 ədəd söylədiyimiz su krantları quraşdırılıb ki, onlar da gün ərzində səhər  və axşam 2 saat olmaqla 4 saat çalışdırılır”.
Kəndə kanallarla deyil, normal borularla distillə olunmuş su çəkilişinə gəlincə isə bələdiyyə sədri bildirdi ki, bu hələ planda deyil. Söylədi ki, bələdiyyənin vəsaiti buna imkan verməz. Gərək ki, dövlət əlavə vəsait ayırsın. Həmçinin öyrəndik ki, Sabirabad rayonunun özünə belə bu cür distillə olunmuş su, bir neçə ildir ki, verilir.
 
X. Abuşovla kənd məktəbi ilə bağlı səslənən iradlar barəsində də danışdıq. O bildirdi ki, yaxın zamanlarda kənddə yeni məktəbin tikilməsi nəzərdə tutulub:
 
“2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında bu kənddə də məktəbin tikilməsi nəzərdə tutulub. Hazırda da məktəb binamız var, lakin müasir standartlara uyğun deyil. Məktəbin tikilməsi ilə bağlı müvafiq orqanlara müraciət edilib. Türkədi və Moranlı kəndlərində məktəb binasının tikintisi nəzərdə tutulmuşdu. Moranlıda tikilsə də Türkədidə hələ ki, tikilməmiş olaraq qalıb. Bina yaxşı vəziyyətdə olmasa da bu il 9-cu sinif üzrə təhsil alan şagirdlərin 85 faiz yüksək qiymətlər aldılar. Xəstəxanaya gəlincə isə bu kənddə problemdir. Uzun zamandır ki, burada xəstəxana binası mövcud deyil. Eyni zamanda kənddə həkim də demək olar ki, yoxdur”.
Bu yazı ilə Sabirabad rayonunun bir kəndindəki problemləri az da olsa işıqlandırmağa çalışdıq. Ancaq hər kəsə bəllidir ki, bu cür problemlər əksər bölgələrimiz və kəndlərimizdə də var.  Xüsusilə də bir çox yerlərdə  təhsil və səhiyyə problemləri daha çox  müşahidə olunmaqdadır.
Musavat.com-un reportyorlar qrupu 
 

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın