Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – FOTO

Bütün vətəndaşların piyada getdiyi parka AzTV sədri niyə maşınla gedir? – FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) -nin rəhbəri Rövşən Məmmədovla bağlı daha bir qalmaqallı xəbər yayılıb.

Editor.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki,  bundan əvvəl də avtomobilini qadağan olunmuş yerlərdə parkladığı üçün medianın gündəminə gələn AzTV sədri bu dəfə də maşını Göygöl Milli Parkında mülki şəxslərin girişi üçün qadağan olunan xidməti parklanma yerində saxlayıb. Əməkdaşımız hadisə yerindən bildirir ki, AzTV sədrinə məxsus olduğu ehtimal olunan “99 AA 400” dövlət nişanlı avtomobil xidməti avtomobillərin dayanması üçün nəzərdə tutulan parka daxil olmaq istəyərkən öncə  Milli Parkın əməkdaşları tərəfindən qarşısı alınıb. AzTV sədrinə bildirilib ki, bu əraziyə mülki şəxslərin avtomobillərinin daxil olması qadağandır. Lakin sonradan qoruq əməkdaşları Rövşən Məmmədovun avtomobilinin həmin qadağan olunmuş ərazidə parklanmasına icazə veriblər. Bu fakt bir neçə kilometr yolu piyada gedən qoruq ziyarətçiləri tərəfindən narazılıqla qarşılanıb. Maraqlıdır, yüzlərlə Azərbaycan vətəndaşı bir neçə kilometr yolu qaydalara uyğun olaraq piyada getdiyi halda AzTV sədri qaydaları pozaraq mütləq öz şəxsi avtomobili ilə getməyi üstün tutub. Təqdim etdiyimiz fotolardan göründüyü kimi ərazidə yalnız Rövşən Məmmədova məxsus avtomobil görünməkdədir. Bu isə digər vətəndaşların haqlı etirazına səbəb olub. Narazılıq edən vətəndaşlar eyni zamanda bildiriblər ki, onların bu park yerinə daxil olması qadağan edilsə də AzTV rəhbərinə icazə verilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara hörmətsizlikdir .

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, oteldə yalnız qonaq kimi qalan şəxslərin avtomobilinə sözügedən ərazidə parklanmasına icazə verilir. Mətbuat katibi  fotoları ona göndərdikdən sonra araşdırma aparıb və saytımıza deyib ki, Rövşən Məmmədov otelin qonağı olub və oraya otel rəhbəri ilə görüş üçün gəlib.

Məsələ ilə bağlı  “Goygol Lake Resort” MMC-nin direktoru Rəşad Veyisov isə saytımıza açıqlamasında qeyd edib ki, AzTV sədri Rövşən Məmmədovun avtomobilinin mülki avtomobillər üçün qadağan olunmuş park ərazində saxlanması xüsusi bir hadisə deyil. Onun sözlərinə görə, zaman-zaman müxtəlif şəxslərə, yaşlılara, qocalara, işgüzar görüşlərə gələn şəxslərə də maşınlarının xidməti avtomobillərin saxlanması üçün nəzərdə tutulan park yerində dayandırmağa icazə verilir:” Rövşən Məmmədov bir layihənin müzakirəsi ilə bağlı otel rəhbərliyi ilə görüşə gəldiyi üçün onun avtomobilinin Milli Parkın qadağan olunmuş ərazisində saxlanmasına icazə verilib. İşlə bağlı görüşlər olduqda parklanmaya icazə veririk. Bu gün çəkiliş üçün qonağımız olan Kəpəz TV-nin əməkdaşlarına da ETSN-dən icazə alınmaqla həmin ərazidə maşın saxlamağa icazə verilib”.

Rövşən Məmmədovun avtomobilinin qadağan olunmuş əraziyə buraxıldığı zaman xeyli sayda uşaq, yaşlı, qadın vətəndaşlarımız da ərazidə olub. Onların çoxsaylı xahişlərinə baxmayaraq heç birinin avtomobilinin gölün yaxınlığındakı qadağan olunmuş park yerinə buraxılmasına icazə verilməyib. Saytımızın əməkdaşı eyni zamanda, xatırladır ki, otel direktorunun dediklərindən fərqli olaraq Rövşən Məmmədov həmin əraziyə yaxın ətrafı və qohumları ilə qeyri-rəsmi şəkildə sadəcə şəkil çəkdirmək üçün gəlib.

Xatırladaq ki, Rövşən Məmmədov bundan əvvəldə avtomobilini qanunsuz ərazilərdə parklama xəbərləri ilə gündəmə gəlmişdi.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …