Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Buraxılış imtahanında tətbiq ediləcək dəyişikliklər açıqlandı

Buraxılış imtahanında tətbiq ediləcək dəyişikliklər açıqlandı

2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında tətbiq ediləcək yeni qaydalar açıqlanıb.
Yeni qaydalarla bağlı Gəncə şəhərində keçirilən seminarda iştirak edən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 9-cu sinif şagirdlərinin bilik və bacarıqlarını qiymətləndirmək üçün yeni qaydalar hazırlanıb.
Onun sözlərinə görə, gələn ildən 9 illik üzrə buraxılış imtahanları II mərhələdə keçiriləcək: “I mərhələ fevral-mart aylarında keçiriləcək. I mərhələdə Azərbaycan dili və Riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq. Artıq neçə ildir ki, 5-ci sinifdən başlamaqla hər bir fəndən bu nümunələri dərc edirik. Bu il 9-cu sinfə aid olan nümunələr “Abituriyent” jurnalında qaydalarla birgə dərc olunacaq. Hazırda biz müəllimlər üçün seminarlar keçiririk”.
DİM-in Direktorlar Şurasının sədri bildirib ki, yeni qaydalara əsasən, I mərhələdə qiymətləndirmə kifayət qədər vaxt aparacaq: “Çünki yazı işlərini müəllimlər yoxlayacaq. Qiymətləndirməyə heç kim təsir edə bilməyəcək. Artıq bu texnologiya bizim keçirdiyimiz monitorinq imtahanlarında tətbiq olunub. Bu il 9-cu sinifdə oxuyan 113 min şagirdin 60 mindən çoxu bizim monitorinq imtahanlarına qatılıb. 4 il ərzində monitorinq imtahanlarının nəticələri məktəblərə göndərilib, müəllimlər nəticələrlə tanışdır. Düzdür, nəticələr uşaqların qiymətləndirməsinə təsir göstərməyib. Biz hazırda bu imtahanlara tam elmi-metodiki cəhətdən hazırıq. Təqdim etdiyimiz tapşırıqlar imtahana hazırlaşan uşaqların səviyyəsində olacaq”.
M. Abbaszadə qeyd edib ki, I mərhələnin nəticələri 3 ay ərzində yoxlanılacaq: “II mərhələ iyun ayında keçiriləcək. II mərhələdə şagirdlərə yalnız qapalı testlər təqdim olunacaq. I mərhələdə şagirdlər maksimum 70 bal toplaya bilər. I və II mərhələnin nəticələrini üst-üstə hesablasaq maksimal bal 100 edir. Bundan başqa, I mərhələdə şagirdlərə Azərbaycan dilindən esse təqdim olunacaq. Esseni istəyən şagird yazmaya da bilər, amma esseni yazmayan şəxs bilməlidir ki, esseni yazmamaqla 11-ci sinfi bitirəndə qızıl və ya gümüş medal, xüsusi attestat almaqda məhrum olacaq. Buna görə də esseni yazmaq mütləqdir”.
Bu ildə 9 illik baza üzrə orta ixtisas müəssisələrinə (kolleclərə) qəbulun buraxılış imtahanlarının nəticəsinə əsasən aparılacağını da qeyd edən M. Abbaszadə valideynlərə müraciət edib: “9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ki, müsabiqədə iştirak etsinlər. Mən valideynlərin narahatlığını yaxşı başa düşürəm. Lakin narahatlıq üçün heç bir əsas yoxdur. Biz bu uşaqların biliyinə bələdik. Çünki biz 5-ci sinifdən onların biliyini yoxlamışıq. Buraxılış imtahanında istifadə ediləcək tapşırıqlar da onların səviyyəsinə uyğun hazırlanıb. Valideynlərə tövsiyəm odur ki, ilk olaraq yeni qaydalarla tanış olsunlar. Çünki çox zaman onlar kiminsə şifahi izahatına əsasən qərar qəbul edirlər”. (apa)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın