Ana səhifə / Media / Bulvarda pulsuz atraksion və növbə üstə dalaşan analar… – REPORTAJ, FOTOLAR

Bulvarda pulsuz atraksion və növbə üstə dalaşan analar… – REPORTAJ, FOTOLAR

Dənizkənarı Milli Parkda hər il olduğu kimi bu il də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar karusellər və əyləncəli atraksionlar azyaşlı uşaqlar üçün pulsuzdur.

Belə fürsəti əldən verməyən valideynlər uşaqlarını parka gətirərək, pulsuz xidmətdən istifadə ediblər. Yüzlərlə uşaq bu gün milli park ərazisində doyunca əylənib.

Artıq bir neçə ildir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü belə qeyd edilir. Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada saat 15:00-dək davam edib.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərib.

Musavat.com-un əməkdaşına aksiya ilə bağlı danışan valideynlərin sözlərinə görə, pulsuz atraksionlardan istifadə saatları artırılsa daha yaxşı olar: “Ölkədə maddi vəziyyət bəllidir. Uşaqları həmişə bura gətirmək olmur. İndi belə fürsət yaranıb. Çox sağ olsunlar, amma saat 3-də aksiya bitir. Ətrafda yüzlərlə uşaq var. Vaxt bəs eləmir. Həm də günorta hava isti olur. Elə atraksiona verməli olduğumuz pulu sərin suya veririk. Bunu bir az uzatsalar, heç olmasa axşam 7-yə qədər davam etdirsələr yaxşı olardı”.

Nəvəsini əylənməsi üçün Bulvara gətirən Pakizə Dadaşova deyir ki, başqa vaxtlarda 20 manat xərci çıxdığı halda, bu gün ödənişsiz nəvəsini atraksionlara mindirə bilib: “Yaxşı təşəbbüsdür. Ötən il də nəvəmlə gəlmişdik. Ətrafa baxıram, ürəyim açılır. Hər yerdə uşaqların üzü gülür, əylənirlər. Bu belə, bəs edir. Uşaqları sevindirən hər kəsə təşəkkür edirəm”.

Belə bir gündə də kef pozan hadisə baş verib. Valideynlər sıranı pozaraq, sıxlıq yaradıblar. Belə ki, atraksionlara minmək üçün sırada dayanmaq tələb edilib. Amma bəzi valideynlər uşaqları ilə birgə özləri də sırada dayanıblar. Bu da sıxlığın yaranmasına səbəb olub. Hətta bəzi uşaqlar buna görə, atraksionlardan istifadə edə bilməyiblər.

Sakit Fərəcov da valideynlərdən gileyləndi: “Pulsuzdur deyə aləm dəyib bir-birinə. Sırada dayanmaq mədəniyyəti yoxdur. Valideynlər belə sırada dayana bilmirlər. Onlar da balaca uşaqlara belə örnək olurlar. O bunu itələyir, bu da o birini… Kənardan heç də yaxşı görünmür. Bir neçə manata görə bunu etməyə dəyməz. Sıra ilə dayansınlar ki, övladları da onlara baxıb, sırada dayanmaq, növbə gözləmək mədəniyyətini öyrənsinlər. Amma az qala bayaq iki qadın sıraya görə dalaşacaqdılar. Bir az camaat qoymadı, bir az da utandılar”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın