Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Bu yaşamaq deyil axı…” – Nərimanov sakinləri etiraz etdi -Fotolar

“Bu yaşamaq deyil axı…” – Nərimanov sakinləri etiraz etdi -Fotolar

Bakı şəhəri, N.Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 18 A-da yaşayan sakinlər Moderator.az-a müraciət edərək binalarının təhlükəli vəziyyətdə olması ilə bağlı şikayət ediblər.
Məsələ ilə bağlı adı çəkilən ünvanda yollandıq. Bizi adı çəkilən ünvanda yaşayan Ramin Əsgərov qarşıladı. Birlikdə binaya baxış keçirdik. Məlum oldu ki, sakinlər məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Binada olarkən özümüz də təhlükəylə üz-üzə qaldıq. Çünki uçmaq təhlükəsi olan tavanın hər an üstümüzə düşmək ehtimalı var idi. Ona görə də dəhlizdən bayıra çıxdıq. Dəhlizdə elektrik naqillərinin üstü açıq vəziyyətdə idi. Hər hansı azyaşlı həmin elektrik naqillərinə toxunarsa, həyatını itirə bilər.
“Xoşbəxtlikdən oğlum orda olmayıb…”
Bunu təhlükəli binada yaşayan Ramin Əsgərov deyir: “Mən bu binada böyümüşəm. Ailəmlə burada yaşayırıq. Binanın tavanı çoxdan öz istismar müddətini başa vurub. Binanın damı da bərbad vəziyyətdədir. Yağış yağan kimi evlərimizi su basır. Dəhlizin döşəməsi də sıradan çıxıb. Dərdimizi daha kimlərə deyək, bilmirik. Burada azyaşlı uşaqlar var. O gün tavan uçaraq beş yaşlı oğlum Azadın dəhlizdəki velosipedinin üstünə düşərək onu iki yerə parçalayıb. Xoşbəxtlikdən oğlum orada olmayıb. Görəsən, o tavan azyaşlı uşağımın üstünə düşsəydi, kim cavab verəcəkdi?”
 
“Bunlar fəhlənin qeydinə qala bilirlər, amma…” 
“Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etdik. Bizə bildirdilər ki, bu binanın təmiri üçün bizə dövlət tərəfindən pul ayrılmayıb. Sonra dedilər ki, “biz o binada fəhlə işlədə bilmərik, çünki bina təhlükəli vəziyyətdədir, fəhlə işləyərkən həyatını itirə bilər. Bunlar fəhlənin qeydinə qala bilirlər, bəs bizim və azyaşlı uşaqlarımızın qeydinə niyə qalmırlar. Bir də deyirlər ki, buralar plana düşəcək, çalışın birtəhər yaşayın. Bu, yaşamaq deyil axı, biz burada müvəqqəti yaşayaq. FHN-nin əməkdaşları üç dəfə əraziyə baxış keçiriblər. Amma heç bir nəticə olmayıb. “JEK”-ə də müraciət etmişik, çox təəssüflər olsun ki, bizim ölümlə üz-üzə qalmağımız narahat etmir. Məcbur olmuşuq harayımızı mətbuat vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdıraq”.
Biz mətbuat olaraq təhlükəli binada yaşayan sakinlərin problemini ictimailəşdirdik. Ümid edirik ki, Nərimanov rayon İcra Hakimiyyəti problemin həlli istiqamətində lazımi addımlar atacaq.
Mövzuya qayıdacağıq.
 

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın