Ana səhifə / Media / “Bu maddələr Əli Həsənova da şamil olunmalıdır”

“Bu maddələr Əli Həsənova da şamil olunmalıdır”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Nəticədə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bu cinayət maddələri həm də Əli Həsənova şamil edilməlidir: “Təbii ki, hüquq mühafizə orqanlarında olan dəqiq məlumatlar məndə yox idi, amma orada nələrin baş verdiyi hamıya məlum idi. Yəni kor-kor, gör-gör idi. Mənə elə gəlir ki, Vüqar Səfərliyə qarşı qaldırılan cinayət maddələri tək ona aid olmamalıdır. Onun başında duran, ona rəhbərlik edən Əli Həsənova qarşı da olmalıdır. Çünki o, özbaşına deyildi, ona komanda verilirdi və o da bu işləri görürdü. Mən ümid edirəm ki, istintaq zamanı hələ başqa adamlar da məsuliyyətə cəlb ediləcək”. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə KİV Fondunun fəaliyyətindəki nöqsanlar barədə əvvəlcədən tam məlumatının olmadığını deyib: “Əvvəlcədən haradan məlumatım ola bilər ki? Fondun fəaliyyəti barədə əlbəttə ki, müəyyən narazılığımız var idi. Çünki ədalət prinsipi pozulurdu. Xüsusilə ötən ilin mart ayında qəzetlərin kateqoriyaya bölünməsi zamanı Azərbaycanda ictimai fikirə təsir edən “525-ci qəzet”, “Şərq”, “Ədalət” kimi qəzetləri ikinci kateqoriyaya keçirəndə narazılğımızı Vüqar Səfərliyə bildirmişdik. Ondan əvvəl-hələ fond təzə fəaliyyətə başlayanda qəzetlərə münasibətdə ədalət prinsipinin pozulduğunu dilə gətirmişdik. Vüqar Səfərli o mənada həmişə bizə soyuq davranıb. Ona görə də burada açılan məsələlər barədə məlumatlı olduğumu deyə bilmərəm, hər halda bizə fondun münasibəti çox qanunauyğun və məsafəli olubdur. Bu səbəblə mən hansı faktların üzə çıxacağını bilmirəm. Amma hər halda Vüqar Səfərli və fondun fəaliyyətindəki qüsurlar barədə fikirlərimizi demişik. Qalan məsələləri yəqin ki, hüquq mühafizə orqanları aydınlaşdıracaq. Mən fondun Müşahidə Şurasının 6 il üzvü olmuşam. Müşahidə Şurası hansısa ümumi məsələlərə təsir edib. Fondun fəaliyyətinə nəzarəti olub. Amma orada hansısa maliyyə məsələləri baş veribsə, onun incəliklərini biz uzaqda olduğumuz üçün bilməmişik”. 

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …