Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Bu gün təbriklərin ən böyüyü Sizə düşdü, cənab Prezident!

Bu gün təbriklərin ən böyüyü Sizə düşdü, cənab Prezident!

Həsən bəy Zərdabi “Əkinçi” adlı ilk qəzetimizi yaratdi. Bu, milli mətbuatımızın doğuluş anı oldu. Böyük tarixi proses başladı. 

Həsən bəy özü böyük məşəqqətlərlə üzləşsə də, yüz minlərlə insanın bağlı olduğu, zövq aldığı milli jurnalistika sənətini yaratdı. Hələ bu harasıdır. Həsən bəy milli şüurumuzun və dövlətçiliyimizin güc mənbəyinə çevrilən milli media adlı etibarlı bir silah yaratdı. O silah indi bizim əlimizdədir, Azərbaycan dövlətinin və şəxsən İlham Əliyevin şəxsində qüdrətli bir təminat altındadir. Biz kəsərli bir silaha çevrilmişik, dövlətimizin və onun simvolu olan Prezidentin əleyhinə olanlara qarşı tuşlanırıq, yanında olanlara uca səslə “var olun” deyirik. Dövlət-media olaraq bütövləşərək tamamlanmışıq. Mediamız yaşa dolduqca rəhmətlik Həsən bəylə aramızdakı müəyyən fərqi daha yaxsı duyuruq. Həsən bəy millətinə, xalqına, müstəqil dövlətçilik idealına bağlandıqca təqib olundu, vuruldu, gün çörəyinə möhtac qoyuldu. 143 ildən sonra biz isə Həsən bəyin təqibinə səbəb olan idealların himayəsinə daha çox sığınaraq rahatlıq və xoşbəxtlik tapa bilirik. İctimai-siyasi mühitin insan və peşəkarların taleyinə təsirləri arasında kəskin fərqi görürsünüzmü?! Ancaq bu fərqin səbəbini də gərək görməyi bacaraq. Həsən bəy niyə millətini və peşəsini sevdikcə daha ağır günlərə qalırdı, ancaq bizlər bu gün eyni hissləri işimizdə əsas tutanda güclü oluruq? Çünki Həsən bəy müstəqil dövlətçilikdən, mediaya dövlətin dəstəyindən və media ilə millətin birliyinə yenilməz güc mənbəyi kimi baxan dövlət başçısından məhrum idi. Güman edirəm ki, müqayisənin mahiyyəti başa düşüldü.
Qayıdaq Həsən bəyin doğuluş etdiyi milli mətbuat tariximizə. Milli mətbuat tariximizdə doğuluş anları Həsən bəylə bitmədi, davamı da gəldi, yeni dövrlərdə yeni yeni doğuluşlar gördük, həm də hər doğuluşun öz müəllifi və yaradıcısı oldu. Düşünəcəksiniz ki, 143 il böyük tarixdir, necə deyərlər bir igidin ömrüdürsə, demək bu dövrdə coxsaylı dövrlər, çoxsaylı doğuluşlar və coxsaylı doğuluş müəllifləri olub. Yox. Çox olmayıb. Cəmi iki doğuluş və cəmi iki doğuluş müəllifi…
Həsən bəy Zərdabi avropalıları demirəm, lap yaxınımızdakı ruslardan düz 154 il sonra dilimizdə ilk qəzeti qurdu. Əkinçilərin həyatından yazmaq adı altında iki il qəzeti yaşatdı, milli ideyaları yavaş-yavaş dövriyyəyə buraxanda sahibi əz zamanın qəzəbinə tuş gəldi və qəzetini qapadılar. Eynilə Heydər Əliyev də sovet ideologiyasının kəskin illərində mətbuatda milli mənəvi dəyərlərimizin təbliğinə və yaşadılmasına şans verdi. Sovet dövründə Azərbaycandakı qəzetlər başqa respublikalarda olduğu kimi yalnız sovet ideologiyasının miskin bir tərkib hissəsi idi, basqa heç nə idi. Ancaq bu heç nəyin içində birdən-birə milli mətbuatçılığımızın ilk əlamətləri görünməyə başladı. İttifaq dövlətini saxlamaq xatirinə Vyetnamda yüz minlərlə insanı udan müharibəyə qoşulmuş SSRI-nin Azərbaycan adlı əyalətində mətbuatda Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması peyda olur və günün günorta cağı ildırım kimi şaqqıldayır. Doğuluş deyilmi? Sovet ideologiyasının bir vintinə çevrilmiş Azərbaycan qəzetlərində “sovet ölkəsi hər cür neqativlərdən azaddir” ehkamı hakim olduğu vaxtda “Qoy ədalət zəfər çalsın” şüarı altında rüşvətxorluğa qarşı cəsarətli mübarizə cəbhəsi acılır, əslində tək Azərbaycandakı yox, bütün Sovet İttifaqındakı rüşvətxorluq adlı böyük bir bəlanın xərçəng kimi cil atdığı bütün dünyaya bəyan edilir. Yeni doğuluş deyilmi? 60-cı illərin sonu 70-ci illərin əvvəlləri üçün Azərbaycan qəzetlərini – “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərini izləmək kifayət edər ki, məhz o illərdə Həsən bəy Zərdabinin böyük xidmətindən heç də geri qalmayan yeni doğuluşu və onun müəllifini tanıyaq – Heydər Əliyev. Zerdabidən sonra milli mətbuat tariximizdə ikinci doğuluş məqamının müəllifi… “Əkinçi”nin bağlanmasına səbəb olmuş milli dəyərləri mətbuata çıxarmaq cəhdlərinin  yenidən dirçəldilməsi, özü də ugurla dirçəltmək yeni doğuluş anıdır.
Prosesin davamı da gəldi. Ötən əsrin 90-cı illərində Heydər Əliyev milli mətbuatımızın qarşısında yeni doğuluş məqamlari açdi. Milli mətbuatımızın yeni dövrü başladı…
Mətbuata dövlətimizin dəstəyinin fasiləsiz və daimi bir instituta çevrilməsinin ilk əlamətlərini görməyə başladıq. Mətbuatımız ona-buna xidmət göstərmək müqabilində gün çörəyi qazanmaq kimi miskin bir durumdan xilas oldu. Milli mətbuat dövlətçilik və vətənpərvərlik ideyalarının ən qabaqcıl tribunasına çevrildi, özgə qapılarından yığışdı. KİVDF-nin yaranması həm başlanmış böyük prosesin davamına, həm də daha böyük proseslərin başlanğıcına çevrildi. İndi jurnalistlərin təminatı, qəzetlərin sabah da, çap olunacağına müstəqil dövlətçilik və milli dəyərlərə xidmət çərçivəsində qarantiya var. Milli mətbuatımız heç vaxt indiki qədər müstəqil və güclü olmayıb. Son on ildə bir daha sübut olundu ki, dövlətlə mətbuat bir yerdə olanda hər ikisi güclü olur, mətbuatdan kənarda dövlət, dövlətdən kənarda mətbuat güclü ola bilməz. XXI əsrin əvvəlində Azərbaycan reallıqlarının timsalında sübut olunmuş bu yeni doğuluşun müəllifi isə Prezident İlham Əliyevdir…
Bayramınız mübarək, cənab Prezident. Bu gün təbriklərin ən böyüyü Sizə düşdü. Həsən bəy Zərdabinin başlatdığı milli mətbuat tariximizdə üçüncü böyük DOĞULUŞUN müəllifi olduğunuz üçün. Bayramınız bir daha mübarək cənab Prezident…

Aydın QULİYEV

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …