Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər

Bu eynəkləri taxmaq sağlamlığınıza ciddi ziyan vura bilər

Gün eynəkləri gözləri ultrabənövşəyi şüalardan qorumaqla yanaşı, onlardan dəb xətrinə aksesuar kimi də istifadə edilir. Xüsusilə yay aylarında gün eynəklərinə tələbat artdığı üçün belə eynəklərin hətta bazarlarda, xırdavat mağazalarında da satışı çoxalır. Amma mütəxəssislərin fikrincə, gün eynəklərini apteklərdən və xüsusi mağazalardan almaq lazımdır.

Oftalmoloq–cərrah Tahir Cəfərlinin sözlərinə görə, zamanında gözün qorunması üçün yaradılan gün eynəkləri bu gün həm də aksesuar hesab edilir. Amma bu eynəklərin ilkin və əsas təyinatı ultrabənövşəyi şüalardan qorunmaqdır: “Dünyaya sağlam gələn uşaq ilk növbədə narıncı və sarı rəngləri yaxşı görür. Oğlan və ya qız olmasından asılı olmayaraq biz uşaqlarımızın ilk oyuncaqlarını bu rəngdə almalıyıq. Ən gec görülən isə mavi, yaşıl və göy rənglərdir”.

Həkimin sözlərinə görə, gözlər körpəlikdən ultrabənövşəyi şüaların təsirinə məruz qalır: “Rənglər insanlarda müxtəlif hisslər yaradır. Gün eynəkləri seçərkən rənglərinə çox diqqət etmək lazımdır. Çalışın ki, qəhvəyi və boz rəngdə eynəklərə üstünlük verəsiniz. Gözlərinin rəngi açıq olan şəxslər qəhvəyi, gözlərinin rəngi tünd olan şəxslər boz eynəklərə üstünlük verməlidir. Əsas odur ki, belə eynəklərin qoruyucu pərdəsi olsun. Belə eynəklərin saxtası da olur, buna görə də eynək alarkən diqqətli olmalıdır”.

Həkim bildirir ki, qırmızı və narıncı rəngli eynəklər göz sağlamlığı üçün təhlükə yaradır. Tündləşmənin də dərəcəsi olmalıdır. T. Cəfərlinin sözlərinə görə, avtomobil idarə edən şəxslər çox tünd eynəklərdən istifadə etməməlidir: “Son zamanlar günəşin gözlərə mənfi təsiri də çoxalıb. Görmə dərəcəsindən asılı olmayaraq, hamı çalışmalıdır ki, gün eynəyi taxsın. Uşaqların gözləri ultrabənövşəyi şüalardan qorunmalıdır. Dərisi açıq rəngdə olan uşaqlar günəş şüalarından daha çox qorunmalıdır. Qara gözlər ultrabənövşəyi şüalara qarşı daha müqavimətlidir. Amma hamıya tövsiyə edirəm ki, 15-16 yaşından sonra gün eynəyindən istifadə etsin”.

Gün eynəyi gözlər üçün ultrabənövşəyi şüalardan qorunma qalxanı rolunu oynayır. İdeal gün eynəyinin şüşəsi ultrabənövşəyi şüaları özündə saxlayaraq, gözləri zərərdən qorumalıdır. Gözü açıq rəngli insanlar, albinizm, quru göz, piqmentoza və. s bu kimi xəstəliklərdən əziyyət çəkən şəxslər mütləq gün eynəklərindən istifadə etməlidir. Belə insanlar gün eynəyi taxmırsa, gözlərdə yanğı, qaşınma, quruluq, qızartı yarana bilər. Ancaq belə problemlər qısa müddətli müalicə ilə aradan qaldırıla bilər. Gün eynəyinin gözləri ultrabənövşəyi şüalardan qoruması üçün onun şüşəsi ən az 70-80 faiz ultrabənövşəyi şüalara qarşı qoruyucu tərkibli olmalıdır. Polariz şüşəli gün eynəkləri gözləri 99 faiz bu şüalardan qoruyur.

Modelyer-dizayner Nərminə Rüstəmovanın sözlərinə görə, bu il iri şüşəli eynəklər dəbdədir: “Xüsusilə boz, qəhvəyi, tünd qəhvəyi, yaşıl, göy rəngli iri çərçivəli və iri şüşəli eynəklər dəbdədir. Amma onu da qeyd etmək lazımdır ki, eynək də paltar kimi seçilməlidir. Yəni hər bir şəxs eynək alarkən onu taxmalı, üzünə uyğun olub-olmamasını öyrənməlidir. Əgər eynək üzə yaraşırsa, o eynəyi almaq olar. Sırf dəb xətrinə eynək almaq olmaz. Bəzən dəbdə olan eynək üzü gülünc göstərə bilər”.

Müsahibimiz bildirir ki, eynək alarkən əczaxanalardan və ya xüsusi mağazalardan almaq lazımdır. Bazarlarda, ticarət mərkəzlərində, online marketlərdən eynək almaq gözün sağlamlığı üçün də zərərli ola bilər: “Modelini bəyəndiyiniz üçün saxta gün eynəklərindən istifadə etməyin. Gün eynəyi alarkən satıcıdan onun sertifikatını tələb etməlisiniz. 5-10 manatlıq eynək heç bir zaman şüalardan qoruya bilən şüşədən ola bilməz”. (Sputnik)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın