Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Bu dərmanları satanlar cərimələnəcək – 7 min manat cəza

Bu dərmanları satanlar cərimələnəcək – 7 min manat cəza

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Dərman vasitələri haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, ölkəmizdə son vaxtlar dərman vasitələrinin keyfiyyətinin artırılması, qiymətlərinin tənzimlənməsi, dərman idxalı sahəsində mövcud olan problemlərin aradan qaldırılması sahəsində xeyli iş görülüb.

Əvvəllər dərman bazarında pərakəndəlik hökm sürdüyünü, eyniadlı dərman vasitələrinin hər aptekdə fərqli qiymətə satıldığını bildirən Ə. Əmiraslanov son vaxtlar bu sahədə aparılan təkmilləşdirmə işləri və islahatların bu preparatların qiymətlərini nəzərə çarpacaq dərəcədə nizama saldığını vurğulayıb. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Tarif Şurası 900 adda dərman preparatının qiymətini stabil şəkildə tənzimləyib: “Bu baxımdan “Dərman vasitələri haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi zəruriləşib. Təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır”.

Ə. Əmiraslanov İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edildiyini nəzərə çatdırıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələr zamanı millət vəkilləri Musa Quliyev, Kəmaləddin Qafarov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Sədaqət Vəliyeva hər iki sənədlə bağlı yeni təkliflərini səsləndiriblər. Tarif Şurasının, Səhiyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri Səhiyyə Komitəsinin üzvlərini maraqlandıran sualları cavablandırıblar.

Sonda hər iki qanun layihəsi müəyyən boşluqların aradan qaldırılması şərtilə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

AzVision.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın