Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / Bu ailə 20 ildir betonda yatır, “Qaçqınkom” isə “gözlə” deyir…

Bu ailə 20 ildir betonda yatır, “Qaçqınkom” isə “gözlə” deyir…

“20 ildən artıqdır bu dar, havasız otaqda yaşayırıq. Hər tərəf daşdır, betondur. Evsizlik sağalmaz xəstəliklər də yaratdı bizdə”.

Bunu virtualaz.org saytına ünvanladığı şikayətində məcburi köçkün İsa İslam oğlu Mirzəyev bildirib.

İsa Mirzəyevin sözlərinə görə, 20 ildən çoxdur Mingəçevir şəhərinin çıxacağında yerləşən beton zavodunda məskunlaşıblar: “Mingəçevirlilərin “JB” kimi tanıdığı binada hər tərəf betondur. Hətta qaçqınların məskunlaşdığı otaqda pəncərə belə yoxdur. Qaçqınlar divarın yuxarısında kiçik bir nəfəslik açıb, otağa hava girməsinə şərait yaradıblar”.

İsa Mirzəyev əlildir: “Məcburi köçkünlərə çörəkpulu verirlər. Mən də təqaüd alıram. Üst-üstə ayda 150 manat eləmir, amma bu pulla dolanmaq məcburiyyətindəyik”.

İ.Mirzəyevin həyat yoldaşı Nailə Qurbanova isə beyin iflici keçirib. Qadın hazırda ağır yataq xəstəsidir, danışa, normal hərəkət edə bilmir.

Ailə çətin şəraitdə yaşayan digər məcburi köçkünlər kimi ev alacağı günü gözləyir.

İ.Mirzəyevin sözlərinə görə, bir neçə il əvvəl adlarını ev siyahısına salıblar:“O vaxtdan bəri Mingəçevirdə iki qaçqın şəhərciyinin açılışı olub, amma bizə heç birindən ev verilməyib. Övladımız olmadı, bir-birimizə həyan olub çətin vəziyyətdə də olsa yaşayırdıq. Ancaq daha bu da mümkün deyil. Həyat yoldaşım ağır xəstədir, burada onun üçün heç bir şərait yoxdur. Hətta ayaqyolu belə qaldığımız otaqdan 300 metr aralıdır. Hər dəfə ev paylananda ümid edirik ki, bizə də birotaqlı mənzil verəcəklər, canımız bu betonun üstündə yaşamaqdan qurtaracaq, ancaq vermirlər. O gün köçkünlərdən bir neçəsi məsləhət gördü ki, mən də gedib “Qacqınkom”un qarşısında səs-küy salım, haqqımı istəyim. Amma mən bunu edə bilmirəm, özümə yaraşdırmıram. İndiyədək heç kimə ağız açmamışam. Deyirəm, yəqin bir gün məni də görəcəklər…”

Şikayətçi deyir ki, bu günlərdə Mingəçevirə yağan yağış ailənin yaşadığı otağa dolub: “Bütün otaq nəmişdir. Həkimlər yoldaşımın bu şəraitdə yaşamasının təhlükəli olduğunu deyirlər. Hələ qarşıdan qarlı qış gəlir. Soyuqda otaq lap cəhənnəm olur. Hər tərəf beton olduğundan isitmək də mümkün olmur”.

Qaçqınların bir problemi də hamam-tualetlə bağlıdır. Tualet zavodun digər hissəsində yerləşir. Xüsusilə qoca və xəstələr gedib-gələ bilmirlər. Hamam isə ümumiyyətlə yoxdur.

İ.Mirzəyev deyir ki, həyat yoldaşı yataq xəstəsi olandan sonra öz əlilliyini unudub: “Qohumlarımın da bizə baxmasına şərait yoxdur. Amma Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hələ də “gözləyin” deyir. Görəsən, bizə ev verilənə qədər ömrümüz yetəcəkmi?!”

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə virtualaz.org saytına bildirdilər ki, ailə mənzil növbəsindədirsə, hələ gözləsin: “Mənzillər siyahı əsasında paylanır. Mənzil növbəsində olanlara ev veriləcək”.

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın