Şənbə , Noyabr 28 2020
Ana səhifə / Media / Böhran “Dərnəgül bazarı”nı da çökdürdü: Qiymətlər artıb, alıcı isə yoxdur – FOTOLAR, VİDEO

Böhran “Dərnəgül bazarı”nı da çökdürdü: Qiymətlər artıb, alıcı isə yoxdur – FOTOLAR, VİDEO

Manatın devalvasiyası ölkə iqtisadiyyatının bütün sahələrinə təsir etdiyi kimi, tikinti materialları sektorundan da yan keçmədi. Devalvasiyanın ilk günlərində bu sahədə ciddi dəyişiklik hiss edilməsə də, artıq bahalaşma açıq-aşkar özünü göstərməkdədir.
Musavat.com-un əməkdaşı tikinti materialları sahəsindəki son durumu öyrənmək üçün Bakının ən böyük topdansatış mərkəzlərindən biri olan “Dərnəgül bazarı”na  baş çəkib.
Bakının bir nömrəli tikinti materialları bazarında alıcı gözə dəymir. Taxta, şalban, dam örtükləri, boyalar və sair materialların satıldığı dükanların önü ilə gəzdikcə, yalnız “ölü səssizliyi”nin şahidi olursan. Bazardakı bu sükutun səbəbini öyrənmək üçün yaxınlaşıb, satıcılarla söhbət edirik.
Kafel, metlax satışı ilə məşğul olan satıcı Əkrəm İsayev deyir ki, dolların bahalaşmasından sonra satıcılar məcbur olub qiyməti qaldırıblar, bu da alıcılığı zəiflətdi: “Bu malları əsasən Türkiyə, Rusiya və İrandan gətiririk. Xaricdən dollarla gəldiyi üçün avtomatik olaraq, qiymətlər qalxdı. Əvvəllər kafelin 1 kvadratmetrini 14 manata satırdıqsa, indi 16-17 manata satırıq. Lakin bu qiymət alıcıları qane etmir. Son 2 ayda bazar sanki çöküb”.
Boya məhsullarının topdansatışını həyata keçirən Əsgər adlı satıcı isə bildirdi ki, qiymətlərdə 30-35 faiz artım var, bu, danılmazdır: “Biz malları “Şərq bazarı”ndan əvvəlki qiymətlərə ala bilmirik. Əvvəl divar boyasını 20 manata satırdıqsa, indi 25-26 manata təklif edirik. Yerli istehsal olan mallarda bahalaşma müşahidə olunmur. Ancaq xaricdən gətirilən materiallar bahalaşıb. Məsələn, “Qaradağ” sementinin qiyməti dəyişməyib. Lakin yerli istehsalçı olsa da, “Mətanət A” şirkətinin məhsullarında qiymət artımı müşahidə olunur. Əvvəllər 5.4 manata  satdığımız “Mətanət A” məhsulunu indi 6 manata satırıq. Bəzi yerli məhsullarda 30-35 faiz olmasa da, cüzi bahalaşma var”.
Hamam aksesuarlarının satışı ilə məşğul olan satıcı isə deyir ki, qiymətlərdə o qədər də dəyişiklik yoxdur, ancaq aprel ayından sonra atım olacaq: “Hələ ki,  köhnə malları satıb, qurtarmamışıq. Yeni malları çox güman ki, yeni qiymətlə yəni baha götürəcəyik. Təqribən 25-30 faiz artım olacaq. Bu mallar  Rusiyadan, İrandan, Türkiyədən gəldiyi üçün bahalaşma getdikcə artacaq”.
Qeyd edək ki, bazarda ən böyük artım Rusiyadan gətirilən taxta materiallarının qiymətində müşahidə olunur.
Təyyar adlı satıcı deyir ki, rublun məzənnəsinin düşməsi bir müddət ucuzlaşmaya səbəb olsa da, sonradan dolların bahalaşması ilə yenidən qiymətlər artdı: “Rubl ucuzlaşandan sonra qiymətlər düşdü, taxtanın bir kubmetri 170-180 manat oldu. Sonradan manatın dollara nisbətdə ucuzlaşması ilə qiymət yenidən qalxdı. İndi həm manatın ucuzlaşmasının təsirindən, həm dünyada gedən iqtisadi proseslərin təsirindən, həm də son zamanlar tikinti prosesinin zəifləməsi səbəbindən bahalaşma müşahidə olunur. Avropa Oyunları səbəbindən şəhərdə gedən iri tikintilər dayandırıldığı üçün alıcılıq zəifləyib. Gördüyünüz kimi, bazarda heç kim yoxdur. Əvvəl taxtanın kubu 170-185 manat arası idi, indi 225-235 manat arasında satılır. Qiymətlərdəki 5-10 manatlıq fərq isə keyfiyyətdən asılı olaraq, dəyişir. Yayda tikintilər çoxalacaq, taxtaya tələbat artacaq. O zaman ola bilər ki, qiymət bir qədər də artsın”.
Qeyd edək ki, taxtanın qiymətinin 50 manat civarında artması satışa da öz təsirini göstərib. Bu isə təkcə satıcıların deyil, oradakı taksi sürücülərinin və fəhlələrin də işinə təsir edib. Alıcılıq olmadığından əsas işi maşınlara yük vurmaq olan fəhlələr işsiz qalıblar. Tikinti materiallarının daşınması ilə məşğul olan taksi sürücüləri də  vəziyyətdən narazıdırlar.





































Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın