Ana səhifə / Media / “Böhran dərinləşərsə, oğurluq halları arta bilər”

“Böhran dərinləşərsə, oğurluq halları arta bilər”

Əksər cəmiyyətlərdə böhran illərində müşahidə olunan neqativ hallardan biri də cinayətkarlığın sürətlə artmasıdır. Əsasən də işsiz cinayətkarların da payı cəmiyyətdə əhəmiyyətli dərəcədə artır.

İnsanların psixologiyasında işsizlik cinayət törətmək üçün sanki bir stimula dönür. Son günlər mətbuatda bu fikirləri əks etdirən müzakirələr artmaqdadır. Bu gün dövlət və özəl müəssisələrdə ixtisarların artması, minlərlə insanın işsizlər ordusuna qatılması, bazarlarda gedən sürətli bahalaşma insanları çıxılmaz vəziyyətə salır. Belə olan məqamda, hər kəs öz xarakterinə uyğun olaraq davranır. Məsələn, cəmiyyətdə oğurluq edənlər də, intihar edənlərin də, zibilxanadan çörək qırıntıları yığıb aclıqdan ölməməyə çalışanların da sayı artmaqdadır.

Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, böhran dövründə kriminal hadisələrin artması gözləniləndir: “Psixologiya elminin içində kriminal psixologiya ayrıca bir istiqamətdir. Bu sahə insan psixologiyasında kriminal elementlərin yaranmasını araşdırır. Məsələn, hamımızda daxili şüuraltı bir neçə fikir formalaşa bilər. Burada sonrakı mərhələdə insanın davranışına onun mədəniyyəti, qadağalar və sair təsir göstərir. O insanların içində ki, bu qadağalar daha zəifdir, onlar qanun pozuntusuna daha tez əl atırlar. Üstəlik buraya işsizlik, kasıblıq kimi əlavə motivasiya gələndə bu artıq qaçılmaz olur. İnsan hansısa səbəblərdən oğurluq edə bilər. Oğurluq etmək bəzi insanlar üçün psixoloji cəhətdən problem deyil. Sadəcə, digər amillər, qanun, polis, təhlükəsizlik sistemi, kameralar və sair həmin əliəyri insanları oğurluq etməkdən çəkindirir. Paralel olaraq, insan maddi çətinliyə düşəndə, ərzaq və ya yemək tapa bilməyəndə, oğurluğun tədricən kütləvi xarakter daşıdığını görəndə sözsüz ki, “tormoz” rolunu oynayan amillərin təsiri zəifləyir, daxili tələblər amili çoxalır. Belə insanlar oğurluğa əl ata bilərlər. Bu baxımdan belə təhlükə həmişə yarana bilər”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bu kimi halların sayının artmaması üçün cəmiyyətdə mənəvi dəyərlərin təbliğini artırmaq lazımdır: “Oğurluq bir davranış formasıdır. Oğurluğun olması üçün 3 mühüm amil oraya təsiri edir. Birincisi – mühitin özü, ikincisi – insanların aldıqları informasiya, üçüncüsü – insanların daxili əxlaqı və üstünlük verdiyi dəyərlər. Bu üç amilin birləşdiyi elə məqam ola bilər ki, oğurluğa meyl olmaya bilər. İndi mühit korlanıb, əhalinin gəlirləri azalıb, başqa sahələrdə də kriminal hallar çoxalıb. KİV oğurluq xəbərlərini demək olar ki, adiləşdirib. Mənəvi dəyərlərin təbliği sahəsində də arzuolunan şəkildə iş aparılmır.

Yəni cəmiyyətdə hər şey mənfiyə doğru gedir. Əgər biz informasiyanı, təbliğat və maarifləndirməni düzgün qura bilsək, əhalidə mənəviyyata, dəyərlərə qarşı rəğbət yaratsaq bu, problemi yumşalda bilər. İndiki halda oğurluq hallarının artacağı proqnozu özünü doğrulda bilər.

Bu hallardan qaçmaq üçün biz cəmiyyətdə maddi dəyərlərin mənəvi dəyərləri üstələməməsi üçün mübarizə aparmalıyıq. Bunun üçün də cəmiyyətdə ciddi iş aparılmalıdır. Bizim ən böyük bəlamız odur ki, mənəvi dəyərləri başlı-başına buraxmışıq”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın