Cümə , Aprel 19 2024
Ana səhifə / Media / BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR

BLOGERLİK JURNALİSTİKADA YENİ İSTİQAMƏT HESAB OLUNUR

Bu sahə gec-tez zamanla tam formalaşacaq

“İstənilən jurnalist və ya başqa peşə sahibi beynəlxalq aləmdə bloger və ya v-bloger kimi tanına bilər”

(Əvvəli ötən sayda)

Azərbaycanda son dövrlər meydana çıxmış və nisbətən yayılmış internetlə bağlı bir sahə də blogerlik fəaliyyətidir. Blogerlərin ölkəmizdə hansı şəkildə fəaliyyət göstərməsinə keçməzdən qabaq bu sahə ilə bağlı məlumat vermək yerinə düşər. “Bloq” informasiyanı, fikirləri, şərhləri özündə toplayan bir veb-saytdır. Bloger sözü isə ingilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən ?alınan “weblog” sözünün zamanla təhrif olunmuş formasıdır.

Bloqlar əsasən “yenidən köhnəyə doğru” sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Şərhlər sayəsində ?bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə ?video, “mp3”, kiçik “chat” pəncərəsi və s. bir çox yeniliklər də tətbiq olunmağa başlayıb. Bloqlar internet istifadəçiləri arasında fikir, məlumat mübadiləsinin artmasında çox əhəmiyyətlidir. ?Fikir və düşüncələrlə yanaşı, bəzi materialların və məlumatların paylanmasında da rol oynayır. ?Xaricdə bir çox siyasətçilər, dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına ?daxil olan insanlar da öz fikir və amallarını, gündəlik həyat tərzlərini bloqlar ?vasitəsi ilə həyata keçirirlər. Bloq hər bir kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil olunur. Yəni ?bloqlarda hər sahə üzrə yazılara, maraqlı məlumat və materiallara rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir, yəni bir tək müəllifə aid olur. Bəzən isə qrup ?şəklində, bir neçə müəllif tərəfindən yazılar yazılır.? Bloqlar KİV-lə rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş verən məkandan operativ müsahibələr aldılar. Hadisə şahidlərindən faktlar toplayaraq, şəkillər çəkdilər, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər. Hazırda ABŞ-da və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim edilir.

Rusiyada ilk dəfə “Livejournal.com” bloq saytının “www.ottenki-serogo.livejournal.com” səhifəsinin müəllifinə KİV şəhadətnaməsi təqdim olunub. Verilən lisenziyaya əsasən, bloqçu Rusiyanı qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə çıxış edə bilər. Hətta ABŞ-da keçirilən hər hansı bir tədbirə məşhur blogerlər dəvət edilir. Elə blogerlər var ki, onların saytına gündə 10 milyon insan girir. “Sony”, “Canon” kimi şirkətlər təzə məhsul buraxmamışdan qabaq mallarını bloqçulara göndərir və bu üsulla onları yayırlar. Bloqların yaradılmasında digər bir amil isə internet istifadəçilərinin hansısa mövzu haqqında yazdıqları yazını, çəkdikləri videonu internetə qoymaq məsələsidir. Düzdür, bunun üçün başqa formalar var, amma bloqlar vasitəsilə internetə ötürülən materiallar daha keyfiyyətli və təhlükəsizdir. Hazırda Azərbaycanda minlərlə bloqlar aktiv olaraq yazılır və mütəmadi olaraq yenilənir. Azərbaycanda bloqların yazılması “BarKamp” tədbirlərindən sonra daha da sürətlənib. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların hesabatlarında bloqçuluqla bağlı problemlərin qalması faktlarına ara-sıra rast gəlmək olur.

Bloqlar yaranandan sonra zamanla ictimai jurnalistika kimi formalaşmağa başlayıblar. Bu baxımdan dünyanın bir çox ölkəsində bloqqerlərə xüsusi diqqət yetirilir. Ancaq hər sahədə olduğu kimi blogerlərin fəaliyyətində də bir sıra neqativ hallara rast gəlinir. Çoxları bloqun nəyə xidmət etdiyini bilmədiyi üçün, istədikləri formada bloq yaradaraq ağıllarına gələni yazırlar. Düzdür, internet məkanında qadağa yoxdur, hamı sərbəstdir. Amma istənilən halda azadlıqlardan sui-istifadə etmək mənəviyyata və peşə etikasına zidd addımlardır. Bu baxımdan zaman-zaman müzakirə olunan əsas məsələlərdən biri də hər cür xəbəri operativ şəkildə internetdə və sosial şəbəkələrdə yayan blogerlərin jurnalist sayılıb-sayılmamasıdır. Hər zaman mübahisəyə səbəb olan bu məsələyə bu günə kimi konkret cavab verilməyib. Blogerlərin bir növ media təmsilçiləri sayıldığını söyləyənlərlə yanaşı, onların jurnalistika ilə heç bir əlaqələrinin olmadığını düşünənlər də var.

Mövzu ilə bağlı “Şərq”ə danışan “Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı blogerliyin bütün dünyada ixtisaslaşmış sahə olduğunu deyib. Onun sözlərinə görə, alimlər, vəkillər, həkimlər və başqa sahə mütəxəssisləri bloq yaradaraq öz təcrübələrini və məsləhətlərini yazırlar:

“Yazıçılar da bloq vasitəsi ilə əsərlərini bir yerə toplayırlar. Bu, əslində mətbuat deyil. Lakin bizdə blogerlik pulsuz sayt işlətmək mənasında qəbul olunur və xəbər yayımı ilə məşğul olur. Xəbər yayacaq media orqanının böyük imkanları olmalıdır. Bir nəfər kompüter qabağında oturub xəbər istehsal edə bilməz. Mən bu sahənin inkişafını dəstəkləyirəm. Çünki özüm də Azərbaycanda ilk blogerlərdən idim. Öz bloqumda yazılarımı toplayıb bir növ elektron arxiv yaradırdım. Sonra vaxt çatdıra bilməyib ləğv etdim. Bizdə də müxtəlif peşə sahiblərinin ixtisaslaşmış bloqlarının olması yaxşı olardı. Misal üçün, Rusiya mətbuatında avto-blogerlərin böyük nüfuzu var və milyonlarla izləyiciyə sahibdirlər. Mən də daxil bir çoxlarımız həmin avtomobillə bağlı blogerlərdən çox şey öyrənmişik, hələ də onları izləyirik. Eləcə də digər peşə sahiblərini, xüsusilə sağlamlıq və məişətdə faydalı məsləhətlərlə bağlı olan bloqları izləyirəm”.

Redaktorun fikrincə, bizdə blogerlik fərqli və lazımsız istiqamətdə inkişaf edib:

“Mətbuata yaxın gələ bilməyənlər, yəni jurnalist kriteriyalarına cavab verməyənlər hərəsi bir pulsuz bloq açıb xəbər yayırlar. Əksər hallarda da bu məlumatlar səhv və ya qərəzli olur. Bloqla peşəkar jurnalist kimi yetişmək mümkün deyil. Blok bir növ elektron gündəlikdir. Özünə və başqalarına lazım olanları qeyd etmək üçün bir bloknotdur. KİV isə tamam fərqli şeydir. Ümumiyyətlə, son vaxtlar ortaya çıxmış sosial media, vətəndaş jurnalistikası kimi ifadələr boşboğazlıqdan başqa bir şey deyil. Sosial şəbəkədə, bloqda, forumlarda yazanlar jurnalist deyil, onların mediaya heç bir dəxli yoxdur. Media böyük imkanlara malik peşəkar sistemdir. Yüksək təhsil almış, peşəkar təcrübə keçmiş jurnalistlərin birləşdiyi, ilkin xəbər qaynaqlarına birbaşa çıxışı olan, qaynar nöqtələrə dərhal qrup ezam edə bilən, müasir texniki imkanlara sahib, həmçinin, böyük oxucu kütləsinə malik bir sistemdir. Şübhəsiz, mümkündür ki, çox güclü bir mütəxəssisin öz bloqunda yazdığı hansısa rəyini mətbuat istifadə etsin. Lakin bu fakt blogerin jurnalist olması demək deyil. Hesab edirəm ki, hərəsinin öz yeri var və bunları qarışdırmaq olmaz”.

Tanınmış fotoqraf və bloger Əziz Elxanoğlu da “Şərq”ə açıqlamasında bildirib ki, bloger media nümayəndələrindən fərqli olaraq öz işində sərbəstdir. Yəni mövzunu özü seçir və istədiyi kimi yazır, lakin buna rəğmən az da olsa məsuliyyət daşıyır:

“Media sahəsində isə durum bir qədər fərqlidir. İstənilən yazı hazırlananda bir neçə mənbədən onu təsdiqləməlisən və kifayət qədər məsuliyyətli yanaşmalısan. Blogerlərin özünəməxsus auditoriyası olur. Azərbaycanda fotoqrafiya ilə yanaşı, tiblə, yemək-içməklə bağlı bloqlar var. Amma sayları çox azdır. Hardasa 15-20 nəfər bloger gündəlik də olmasa, həftəlik yazılar qələmə almağa çalışırlar. İnanmıram ki, Azərbaycandakı blogerlər media nümayəndələri kimi fəaliyyət göstərə bilərlər. Çünki bütün dünyada blogerlər ancaq bloqlar çərçivəsində fəaliyyət göstərirlər. Məsələn, 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr terror hadisəsində CNN, BBC başda olmaqla bütün aparıcı media orqanları birbaşa blogerlərə istinad edirdilər. Çünki istənilən hadisə zamanı orada bloger tapmaq mümkündür. Bu baxımdan hesab edirəm ki, blogerlərin media olması mümkün olmasa da, mətbuat orqanları blogerlərdən istifadə edə bilərlər. Təəssüflər olsun ki, bizdə blogerlərə barmaqarası yanaşırlar və elə də ciddi əhəmiyyət vermirlər. Halbuki, Azərbaycanda az da olsa kifayət qədər ciddi blogerlər var”.

Bloger hesab edir ki, insanlar ayrıca sahələrlə bağlı yazsalar, video və foto çəksələr, blogerlik sahəsini genişləndirə bilərlər:

“Nəzərə alaq ki, bu sahə həm də gəlirli olmalıdır. Bunun üçün isə ilk növbədə özəl şirkətlər üzərindən inhisarçılıq qaldırılmalıdır. Şirkətlər blogerlərlə işləməkdə maraqlı olmalıdır. Təsəvvür edin, blogerəm və hansısa ayaqqabı şirkətinə gedirəm.

Deyirəm ki, müəyyən sayda oxucum var və sizinlə əməkdaşlıq etmək istəyirəm. Yəni, istehsal etdiyiniz ayaqqabını öz bloqumda yerləşdirirəm, əvəzində isə mənə pul verirsiniz. Əmin olun ki, həmin şirkət məni geri çevirəcək və deyəcək ki, onların reklama ehtiyacı yoxdur. Gürcüstanda bacı-qardaş olan iki nəfər bloger ayaqqabılarla bağlı çox uğurlu yazılar qələmə alırlar və bu sahədən xeyli gəlir götürürlər. Artıq onların sistemli oxucular var. Ayaqqabı ilə maraqlanan insanlar onların bloqunu daim izləyir.

Şirkət də görür ki, həmin bloqun xeyli oxucusu var və onlara reklam verir. Bu şərait bizdə də olmalıdır. Əgər şirkətlər bu sahəyə maraq göstərsələr, ödəniş etməkdən qaçmasalar, blogerlərin sayı kifayət qədər artar. Sayı artan blogerlər isə rəqabət mühitində daha yaxşı inkişaf edər, peşəkarlaşarlar. Mən 8 ildir bloger kimi fəaliyyət göstərirəm, amma indiyə qədər bu sahədən pul götürməmişəm. Sadəcə özüm üçün maraqlı olan, çalışdığım sahə üçün lazımlı olan foto-materiallar hazırlayıram və bloqumda dərc edirəm. Müəyyən qədər də auditoriyam var”.

Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə isə bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı jurnalistikaya yeni ənənə və metodlar gətirib: “Biz yenilikləri praktiki olaraq icra edirik. Blogerlik də jurnalistikada yeni istiqamət hesab olunur. Bunun bizdə gec və ya tez formalaşması zamanın işidir. Elə məsələlər var ki, vaxtından tez yayılarsa, tam otruşa bilməz. Yanlış zamanda görülən iş də effekt verməz. Yəni öncə cəmiyyət buna hazır olmalı və qəbul etməlidir. Ayrıca jurnalistikada peşəkar blogerlər nəsli yaranmalıdır. Azərbaycanda bloger jurnalistikası təbii axarı ilə inkişaf etməlidir. Əslində, blogerlik nisbətən könüllü işdir və bir neçə istiqamətdə aparılır. Kimsə özü müstəqil bloq yarada bilər. Eyni zamanda dünyanın məşhur saytlarında hər kəs özü üçün bloq yaradıb yazılarını yerləşdirə bilər. Sayt rəhbərliyi üçün önəmli olanda o yazılar birbaşa sayta verilir. Bununla yanaşı, v-blogerlik (Videpbloger) də təbliğat işində aktiv iş görə bilir. V-bloger əsasən “İnstagram” və “Youtube”da paylaşımlar edir. İstənilən jurnalist və ya başqa peşə sahibi beynəlxalq aləmdə bloger və ya v-bloger kimi tanına bilər. Məncə, Azərbaycan jurnalistikasının beynəlxalq aləmə inteqrasiyası üçün blogerliyin inkişafı önəmlidir. Bu həm də ölkəmizin tanıtım və təbliğatı üçün əhəmiyyətlidir”.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …