Ana səhifə / Media / Bizi zərrə-zərrə zəhərləyən əşyalar… REPORTAJ

Bizi zərrə-zərrə zəhərləyən əşyalar… REPORTAJ

Əhalinin yoxsulluq səviyyəsinin artması onların əksəriyyətini daha ucuz satılan və keyfiyyəti şübhə doğuran geyim və məişət əşyalarından istifadə etməyə məcbur edib. Bunların arasında ən təhlükəli olanlar isə bədən dərisi ilə birbaşa təmasda olan geyimlər və uşaqların istifadə etdikləri oyuncaq əşyalarıdır. 

Xaricdən kiloqramla alınıb çuvallarda gətirilən, paytaxtın müxtəlif bazarlarından qəpik-quruşa satılan bu cür əşyalar keyfiyyətsiz olmaqla yanaşı sağlamlığa da zərərlidir.

“Yeni Müsavat”ın müxbiri bu əşyaların satıldığı “8-ci kilometr” bazarına baş çəkib.

Bazarın girişində açıq havada piştaxtaların üzərinə səliqəsiz şəkildə sərilmiş paltarların əksəriyyəti 1-2 manata satıldığından alıcıların diqqətini cəlb edir. Xarici görünüşünə görə nə qədər cəlbedici olsa da, bu paltarların təbii materiallardn hazırlanmadığı açıq-aydın hiss olunur. Görünür insanlar bu cür süni parçalardan hazırlanmış geyimlərin nə qədər ziyanlı olduğundan xəbərsizdir.
Bu yerdə qeyd edək ki, dermatoloqlar paltarların hansı materialdan hazırlanmasını insan sağlamlığı, xüsusən də dəri xəstəlikləri baxımından çox önəmli hesab edir. Belə ki, süni parçalardan hazırlanan geyimlər sağlamlığa mənfi təsir edir. İnsanın özü hərəkəti zamanı bioelektrik enerji əmələ gətirir. İnsan hərəkət edən zaman orqanizmində yaranan bioelektriklə süni parçadan olan geyimlər arasında narahat mühit yaranır. Bəzən qaranlıqda paltarları dəyişəndə onlardan işıq, qığılcım çıxır. Süni parçadan olan geyimlər geyindikdə isə damarlar boyunca qanın tərkibində hansı dəyişikliklərin baş verdiyini bilmək çox çətindir.

Mütəxəssislər onu da iddia edir ki, süni paltarlar sonsuzluq yarada bilər. Bu səbəblərə görə, təbii parçalardan olan geyimlərə üstünlük vermək çox önəmlidir. Bazarda olarkən söhbətləşdiyimiz alıcılardan bir çox bu geyimlərin sintetik materiallardan hazırlandığından xəbərdar olduğunu, lakin imkansızlıq səbəbindən bunları almağa məcbur olduqlarını dedilər.

Satıcılar da bildirdi ki, onlar təklif etdikləri malın keyfiyyəti barədə yalan vədlər vermirlər. Əslində elə geyimlərin üzərindəki qiymət də onların pambıq və ipək parçadan deyil, müxtəlif tullantılardan hazırlanmış süni parçadan hazırlandığını göstərir.
Bazarda 1 manata satılan şərflər, 2-3 manata satılan qadın köynəkləri, 1 manata təklif olunan uşaq geyimləri, qəpik-quruşa satılan oyuncaqlar açıq-aşkar təhlükə saçır. Əksəriyyəti isə Çin istehsalıdır.

Son dövrlər müxtəlif xəstəliklərin yayılması səbəbləri arasında geyimlərin verdiyi fəsadları da artıb. Geyimlərdə əsasən sintetik boya maddələri və toksik maddələr allergiyaya səbəb olur. Təbii parçalardan olan geyimlərin boyası çətin getdiyi halda, sintetik parçalardan hazırlanan geyimdən rəng asanlıqla çıxır. Tərlədikdə isə parçadan çıxan boya insanın dərisinə hopur. Xüsusilə də isti havalarda sintetik parçalardan geyim geyinmək təhlükəlidir”

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, xüsusilə də uşaq geyimləri alarkən diqqətli olmaq lazımdır: “Ölkədə olan ən bahalı, brend malların satıldığı mağazalarda belə saxta, Bakıda və ya digər ölkələrdə tikilmiş süni materialdan olan geyimlərə rast gəlmək olar. Yarmarkalarda köşklərə baxsaq, orada kostyumların tikildiyini, üzərinə yalandan etiketlərin yapışdırılmasını görmək olar. Azərbaycanda olan ayaqqabıların təxminən 40 faizi müxtəlif brendlərin adı altında ölkədə istehsal olunur. Daha ucuz və əhalinin kütləvi axın etdiyi bazarlarda isə süni materiallardan hazırlanmış geyimlər satılır. Bunlar dəri ilə birbaşa təmasda olduqda, insan səhhəti üçün təhlükəlidir. Xüsusən rəngi çıxan paltarları geyinmək qətiyyən doğru deyil. İstehlakçılara tövsiyəm odur ki, üst paltarı olaraq sintetik materialdan tikilmiş geyimlərə üstünlük versələr də, alt paltarlarını, yəni dəri ilə birbaşa təmasda olan geyimləri pambıq materialdan seçsinlər. Uşaq geyimləri ilə bağlı isə daha həssas olmaq lazımdır. Bu sahədə həm istehlakçıların maarifləndirilməsinə, həm də biznes etikasının dəyişməsinə ehtiyac var. Bəzən süni parçadan hazırlanan malların üzərinə pambıq yazılır. Həssas insanlarda neft məhsullarından hazırlanan geyimlər allergiyaya səbəb ola bilər, dəri xəstəlikləri yaradar. Süni corablar geyinən həssas adamlarda təhlükəli allergik xəstəliklər yarana bilər”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın