Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Binalardakı çatlara səbəb keyfiyyətsiz armaturlardır?

Binalardakı çatlara səbəb keyfiyyətsiz armaturlardır?

Azərbaycanda bir sıra yeni tikilən binalarda çatlar və çökmə halları ilə bağlı olaraq, vaxtaşırı şikayətlər eşidilməkdədir. Mütəxəssislər bunu yalnız inşaat işləri səhlənkarlıqla yox, həm də ucuz və keyfiyyətsiz tikinti materiallarından istifadə ilə əlaqələndirir. Cəmiyyətdə bir sıra inşaat şirkətlərinin daha az pul xərcləmək üçün ucuz məhsullara, xüsusilə də kustar sexlərdə qara metallardan, korroziyalı tullantılar və köhnə dəmir yolu relslərindən hazırlanmış armaturlara üstünlük verməsi çoxuna məlumdur. Bu cür keyfiyyətsiz məhsullar həm də beton konstruksiyalarının dayanıqlılığını pozur, zəlzələyə qarşı həssas edir. Nəticədə isə insanların həyatı təhdid qarşısında qalır…

Bu mövzuda Qafqaznews.az-a danışan Azad Memarlar Assosasiyasının sədri Zemfira Budaqova bildirdi ki, bir neçə il bundan əvvəl Bakıda “Mütəfəkkir” MTK-nın tikdiyi binanın çökmə səbəblərindən biri də aşağı qatlarda armaturların nazik və dayanıqsız olması idi: “Onlar hesabı düzgün aparmamışdılar. Konstruksiya işlərini elə qurmaq lazımdır ki, onun neçə mərtəbəyə davam gətirəcəyinə əmin olasan. Düzdür, inşaat materiallarından da çox şey asılıdır. Lakin bir sıra inşaat şirkətləri və MTK-lar mühəndisi-geoloji işləri düzgün aparmırlar, eləcə də betonun qurudulması prosesini lazımınca həyata keçirmirlər. Özül atarkən, qrunt sularını da nəzərə almaq lazımdır. Təəssüflər olsun ki, çatlar müşahidə olunan binaların çoxunda bu məqamlara diqqət yetirmirlər”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin sektor müdiri Mübariz Əliyev bildirdi ki, təxminən 15 il əvvəl nazirliyə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən bir sexdən şikayət daxil olmuşdu.

“Həmin sex zəhərli mazut tüstüsü ilə ətrafdakılara narahatlıq verirdi. Biz getdik, məlum oldu ki, onlar yerin altından çıxarılan köhnə, izolyasiyalı boruları yaxşı təmizləmədən əridirlər. Xəbərdarlıq etdik ki, belə olmaz. İndi bilmirəm… İki il müddətinə yoxlamalar qadağan olunub. Lakin kimin şikayəti olsa, İqtisadiyyat Nazirliyinə müraciət etsin, onlar da bizi dəvət edəcək və bir yerdə həmin ərazidə monitorinq aparacağıq.

“Qara metal” tullantılarından armatur emal edərkən, bir sıra sexlər lazımi prosedurlara əməl etmirlər, ətraf mühitə də ziyan vururlar. Həmçinin bu sexlər emalla məşğuldurlarsa, yaşayış yerlərindən 50-100 metr aralı olmalıdırlar. Yox, əgər soba varsa, o zaman bu məsafə 500-1000 metr arasında dəyişir”, – deyə ekoloq qeyd etdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın