Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Binəqədi sakinlərinin şikayətini dinləyən yoxdur

Binəqədi sakinlərinin şikayətini dinləyən yoxdur

Bakının S.S.Axundov və İ.Dadaşov küçələrinin kəsişməsində yerləşən həyət 5 ildən artıqdır ki, zəbt olunub. Nə uşaqlar üçün oynamağa yer, nə yaşlılar üçün dincəlməyə daldalanacaq qalıb. Bu şikayətlə virtualaz.org-a S.S.Axundov küçəsində yerləşən 4 və İbrahimpaşa Dadaşov küçəsində yerləşən 91 saylı binaların sakinləri müraciət ediblər.

Şikayətçilər deyirlər ki, “Azadlıq” metro stansiyası açılandan sonra burada yaşamaq müşkülə çevrilib. Stansiyanın yaxınlığına yolu düşən hər kəs avtomobilini bu həyətdə park edir. Nəticədə, maşın əlindən tərpənmək mümkün olmur. Digər tərəfdən isə, sakinlər deyirlər ki, onları aldadaraq həyətdəki xeyir-şər evini də söküb yerində 7 mərtəbəli yaşayış binası tikiblər.

“Belə həyət olar? Maşın əlindən tərpənmək olmur. Burada avtomobil saxlayanların çoxunu tanımırıq, kimin yolu metrodan düşür, girib maşını həyətimizdə saxlayır. Uşaqlarımız oynamağa yer tapa bilmirlər, özümüz dincəlmək üçün qonşu həyətlərə gedirik. Burada iki mərtəbəli xeyir-şər evimiz var idi, kimin yası düşürdü, orada keçirirdi. Binəqədi Rayon Icra Hakimiyyəti həyətimizi satıb. Gəldilər ki, bunu sökək, sizə həyətdəki qarajların yerində yeni xeyir-şər evi tikəcəyik. Biz də razılaşdıq, amma sonra gördük ki, sökülən qarajların yerində 7 mərtəbəli “Xəzər Plaza” tikdilər. Həyətin qalan hissəsini də satacaqlar, sadəcə olaraq, gözləyirlər ki, yaxşı müştəri çıxsın”, – bina sakini Xıdır Əkbərov deyir.

Sakinlər həyətlərinin bu cür parçalanaraq satılmasında Binəqədi Rayon İcra Hakimiyyətini günahlandırırlar. Onların sözlərinə görə, dəfələrlə şikayət etsələr də, araşdıran olmayıb.

“Biz dəfələrlə Prezident Aparatına məktub yazmışıq. Onlar da şikayəti yerli icra hakimiyyətinə yönəldirlər. Lakin icra hakimiyyəti şikayətimizi nəzərə almır. Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov bir dəfə gəlib həyətimizə baxış keçirib. Ondan sonra həyətdəki zibilxananı təmizləyiblər, başqa heç nə dəyişməyib. Burada nə vaxtsa Mənzil İdarəetmə yaradıblar. Lazım olanda sakinlərin adından ondan məktub alırlar, yerləri satırlar. Amma onu biz seçməmişik. Bizim istəyimiz odur ki, həyətimizi abadlaşdırsınlar, heç olmasa iki “besedka” tiksinlər, uşaqlar üçün meydança qalsın ki, oynaya bilsinlər. Maşınların həyətə girişinin qarşısını alsınlar. Əgər metronun çıxışındakı “Araz market”in həyətə açılan qapısı bağlanmasa, həyətdəki qələbəliyin qarşısını almaq mümkün olmayacaq”, – deyə şikayətçi Qafar Məmmədov bildirir.

Sakinlər həm də binaların zirzəmilərinin obyekt kimi satılmasından narazılıq edirlər. Onların sözlərinə görə, obyekt sahibləri binaların bünövrələrini sökdüklərindən mənzillərdə çökmə müşahidə olunur.

Şikayətçi Ceyhun Nəbiyevin sözlərinə görə, bu qanunsuz əməllərə Binəqədi Rayon İcra Hakimiyyəti göz yumur: “Yaşadığımız binanın özülünü söküb özlərinə obyekt tikiblər. İcra hakimiyyəti buna necə yol verir? Əgər yüngülvari zəlzələ olsa, bina uçacaq. Özləri də burada yaşayan adamlar deyil, nə veclərinədir?! Hələ bu azmış kimi bar verən əncir ağaclarını kəsdilər. Nə qədər yalvardıq ki, heç olmasa, qoy meyvələri dərilib qurtasın, baxan olmadı. 102-yə zəng elədik, bütün aidiyyəti orqanlara şikayət elədik, bizi borclu çıxardılar”.

Şikayətçi deyir ki, əgər Bakıda zəlzələ olsa, bu binada azı 200 adam öləcək: “İcra hakimiyyətinə 50-100 min pul verib obyekti alırlar, içəridə bütün toxunulmaz divarları sökürlər, küçəyə qapı açırlar. Sovet dövründə bu binaların altı obyekt kimi nəzərdə tutulmayıb. Artıq 4-cü mərtəbədə Nailə müəllimənin qapısı bağlanmır, bina çökür. İcra hakimiyyəti, MİS bununla bağlı heç fikirləşmək istəmir. Əgər zəlzələ olsa, binadakı 118 mənzil dağılsa, azı 200 adam öləcək. Zəng edib şikayət edirsən, adamı şərləyirlər. Divarıma bir mismar vursam, pul verməsəm, MİS yüyürüb gələcək, bu boyda tikintiyə niyə göz yumurlar? Adam burada yaşamağına peşmandır. Metro açılandan həyatımızdan bezmişik, parkımız da əlimizdən alınıb. Bu məmur özbaşınalığıdır, heç kim icazəsiz bina, obyekt tikə bilməz. Baş Prokurorluğa, FHN-ə, bütün aidiyyəti qurulmara şikayət eləmişik, amma bizə kömək edən yoxdur”, – deyə şikayətçi Ceyhun Nəbiyev bildirir.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın