Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / “Belimə təpiklə vurdu, polis olduğunu hardan bilərdim?..”

“Belimə təpiklə vurdu, polis olduğunu hardan bilərdim?..”

Bakıda polis rəisinin şəxsi avtomobili ilə təqib etdiyi gənc maşınını yandırıb. “Qafqazinfo”ya şahidlərin verdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib.

Rayonun İ.Musayev küçəsində Suraxanı Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi polis mayoru 1982-ci il təvəllüdlü Emin Məmmədov ərazidə xidməti yoxlayarkən öz şəxsi “Porshe” markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə “Vaz-2105” markalı 10 GO 893 nömrəli avtomobilin konstruksiyasında dəyişiklik edildiyini və yüksək sürətlə ziq-zaqvari hərəkətlər etdiyini görüb.

Mayor E.Məmmədov dərhal ərazidə xidmət aparan Yol Patrul Xidmətinə məlumat verərək saxlanılmasına göstəriş verib. Lakin yol polisi əməkdaşları hadisə yerindən bir qədər uzaqda olduğundan polis mayoru həmin avtomobili özü uzaqdan müşayiət etməyə başlayıb.

Bu zaman Z.Şərifov küçəsində yolun hərəkət istiqaməti qurtardıqda E.Məmmədov ona yaxınlaşıb və sürücü ilə arasında mübahisə yaranıb. Daha sonra sürücü öz avtomobilinə qayıdıb və salona daxil olaraq içəridən maşınını yandırıb. Sonra isə polis mayorunun “Porshe” markalı avtomobilin arxa nömrəsini qopararaq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı ittiham olunan Xocalı şəhər sakini olan və hazırda Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı xəstəxanada məskunlaşan 1989-cu il təvəllüdlü Elməddin Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ona qarşı cinayət işi açılmasından xəbərsizdir: “Qızımın ağciyərində ləkə var, onun iynəsini vurdurmaq üçün Sutikinti xəstəxanasına aparmışdım, ordan qayıdırdım. Yolda “Porshe” maşını idi, cip, məni sıxmağa başladı. İstədim saxlayam, maşında da yoldaşım, 2 yaşında qızım, bibim və bibimin nəvəsi vardı. Bunlar qorxdular, dedilər saxlama, birdən nəsə edər. Biz bilmirdik ki, o polisdi. Mən Günəşliyə dönmək istəyəndə o maşını sıxışdırdı məcbur olub Qaraçuxura getdim. Fikirləşdim ki, yəqin maşının keçmiş yiyəsinin kiminləsə problemi olub, yəqin ona görədi, dedim indi ailəmin yanında mənə əl-qol atar. Buna görə məhəlləyə girdim ki, əl çəksin. Məhəllədə “tupik”ə dirəndim, böyrümü kəsib maşından düşdü. Mən də düşmək istəyəndə qolumu burub yerə yıxdı, belimə təpiklə vurub “açarları ver” deyib qışqırdı. Yoldaşım, uşaqlar məni belə görüb ağlamağa başladılar. Mənə ailəmin gözü qabağında belə etməsi pis təsir etdi, əsəbiləşib özümdən çıxdım. Dedim maşını da, özümü də yandıracağam. Bu da əlini cibinə qoyub dedi ki, yandırmayan kişi deyil. Mən də hirsimdən götürüb benzini maşına tökdüm, yandırdım. Özüm də oturdum maşında, bibim zorla dartıb çıxartdı. Bu gördü ki, maşın alovlandl, qaçmaq istədi. Mən tez onun maşının arxasına keçdim ki, getməsin. Amma maşını üstümə sürdü, gördüm vuracaq, çəkildim. Amma maşının arxa nömrəsindən yapışdım, onu qopardım. O adam sürüb getdi, mən də ordan 102-yə zəng edib məlumat verdim”.

E.Bayramov deyir ki, bu barədə polis bölməsində ifadə verib: “Orda onun maşının arxa nömrəsini təhvil verdim, dedim ki, bunu sübut üçün götürmüşdüm. 32-ci bölmədə müstəntiq mənə dedi ki, döyülməni filan ifadəndə yazma, sənə maşın alıb verəcəyik. Dedilər ki, həm Eminə, həm də mənə cinayət işi açılmalıdır. Mən maşını 1 ay əvvəl almışam, 1700 manat ödəmişdim, 1000 manat da borcum qalıb. Maşının qabağını məndən əvvəlki sahibi qaldırıb. Mən qayda da pozsaydım, mənə işarə verilməli idi. Mən nə bilim “Porshe”dəki kimdi, saxlasam mənə nə edəcək. Ailəm də maşında olub, mən necə ola bilər ki, avtoşluq edim?”

Qeyd edək ki, hadisə ilə bağlı Suraxanı RPİ 32-ci Polis Bölməsi tərərfindən Elməddin Bayramova qarşı Cinayət Məcəlləsinin 211-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın