Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Belə çıxır ki, qiyamətə qədər borc ödəyəcəm?!” – Dollar kreditinin qurbanı olan jurnalist “od püskürdü”

“Belə çıxır ki, qiyamətə qədər borc ödəyəcəm?!” – Dollar kreditinin qurbanı olan jurnalist “od püskürdü”

“Dollar kreditinin qurbanı olmuşam. “UniBank”dan ötən il, devalvasiyadan əvvəl 18 aylıq kredit götürmüşdüm. Dolların 0,78 qəpik olan vaxtı idi. Ötən ildən bu yana, o pulu artıqlamasıyla ödəmişəm”.

Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Xaqani Səfəroğlu “Facebook” səhifəsində yazıb.

Jurnalistin sözlərinə görə, 2015-ci ilin yanvarında ona 3000 dollar ( 2340 manat) kredit verilib. O isə son 18 ayda (2015-ci ilin fevralından -2016-cı ilin avqustuna qədər) banka 2750 manat ödəyib: “Dolların 78 qəpik olan kursunu götürsək, bu 3240 dollar edir”.

Jurnalist bildirir ki, müqavilə öhdəliyi ilə onun banka artıq borcu yoxdur: 

“Bir neçə gün əvvəl bankdan bəyan edilib ki, mənim hələ 2900 dollar da (5000 manat) borcum var və bunu ödəməliyəm. Bu məbləğ iki devalvasiyadan sonra yaranmış borcdur. Mənə bildirlidi ki, dolların qiymətinin artması ilə borc da qalxır. Borcu tam bağlamaq üçün bundan sonra 2017-ci ilin avqustuna qədər hər ay 500 manat ödəməliyəm. Əgər tutaq ki, hər ay 150, 200 manat ödəsəm, o zaman bu borcun müddəti qeyri-müəyyən zamana qədər uzanır.

Məsələn, əgər sabah dollar 2 manat, biri gün 3 manat, o biri gün 4 manat olsa, mənim borcum bu kursa uyğun hesablanacaq. Yəni, mən qiyamətə qədər banka borclu qalacağam. Bu, absurddur”.

X.Səfəroğlunun sözlərinə görə, aylıq əmək haqqısı bu məbləği ödəməyə imkan vermir. Bundan sonra da imkan verməyəcək:

“Belə çıxır biz ailəliklə ac qalıb, banka pul ödəməliyik. 

Mən, devalvasiyadan sonra yaranmış borc öhdəliyimi qeyri-qanuni hesab edirəm və dövlətin bu məsələyə münasibətini bildirməsini istəyirəm. 

Mən, Azərbaycanın baş naziri Artur Rəsizadəyə, maliyyə naziri Samir Şərifova müraciət edirəm. 

Dollar kreditinin bu formada qurbanı olmuş şəxslərin taleyinə biganə yanaşmasınlar. Sivil dövlətlərdə bu problemin həlli yolları var. Lakin Azərbaycan hökuməti məsələ ilə bağlı heç bir addım atmır. Əgər bu müraciətimə cavab verilməsə, mən, Azərbaycan prezidenti, cənab İlham Əliyevə müraciət etməli olacağam”.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın