Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır?” – Çarəsizlik

“Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır?” – Çarəsizlik

Avqustun 25-i ali təhsil müəssisələrinin ödənişli ixtisaslarına qəbul olan abituriyentlərin tələb edilən təhsil haqqını ödəmək üçün son günüdür. Bu da onların üzündəki təbəssümü sanki dondurub. Çünki təhsil haqqını ödəyə bilməyən abituriyentlər tələbə adından məhrum olacaq.

1-ci kurs olduğu üçün təhsil haqqının hissələrlə deyil, bütöv istənilməsi valideynləri çıxılmaz vəziyyətə salıb. Fantastik təhsil haqqını, kirayə pulunu, tələbənin yaşayışını ödəməyi gözə ala bilməyən, buna orta aylıq gəlirinin çatmayacağını bilən bir çox valideynlər ödənişli ixtisaslardan imtina edib.

Bir sıra valideynlər isə bir qarın ac bir qarın tox, borca girərək övladını çətinliklə də olsa oxutdurur. Ali məktəblərə qəbul olan 440 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib.

Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar. Ümumiyyətlə, iyulun 29-dan avqustun 10-na kimi ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38 min 113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 

Təəssüflə qeyd etməliyik ki, ali təhsil müəssisələrində tətbiq edilən ödənişlər orta statistik azərbaycanlı ailəsinin illik büdcəsindən artıqdır.

Digər ölkələrdə təhsil haqları əhalinin ümumi vəziyyətinə, gəlirinə görə müəyyənləşdirilir. Bir sıra Avropa ölkələrində isə ümumiyyətlə, təhsil haqqı yoxdur.

Məsələn, İsveçrədə hətta özəl universitetin fəaliyyət göstərməsi qadağandır. Böyük Britaniya və Fransada təhsil haqları simvolikdir. Birləşmiş Ştatların özəl universitetləri isə tələbələrdən təhsil haqqı almadan onların 1/3-nə, təxminən 30 faizdən artığına təqaüd verir. Türkiyədə isə təhsil haqları ilə bağlı məsələlərə xüsusi nəzarət mexanizmi var. Hər hansı ali məktəbə imkan verilmir ki, istədiyi qiyməti qoysun. Müəyyən qurumlar əhalinin sosial vəziyyətini, onun illik nə qədər təhsil haqqı verə biləcəyini hesablayır.

Azərbaycanda isə tələbələrə heç bir güzəşt, tələbə krediti yoxdur. Hətta yenicə qəbul olan abituriyentlərə təhsil haqqını hissə-hissə ödəmək imkanı da verilmir. Bu yalnız 2-ci kursdan etibarən tətbiq edilir. 

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bizim kimi ölkələrdə ödənişli təhsilin əslində 30 faizi ötməməli olduğunu dedi: “Böyük fransız yazıçısı Viktor Hüqonun 14 yanvar 1850-ci ildə Fransa Qanunvericilik Assambleyasında maraqlı çıxışı olub.

Hüqo Fransada təhsilin gələcəyi haqqında bunları deyib: ”Dövlət tərəfindən yaradılan, eləcə də bütün insanları-fitri istedada malik olanları və istedaddan kasad olanları cəlb edən, onları ən yaxşı müəllimlərlə, ən yaxşı tədris metodları ilə təmin edən, elmilik və müntəzəmlik nümunəsi olan bu gözəl ödənişsiz, əsl fransız milli təhsil sisteminin sayəsində milli düha, şübhəsiz ki, ən yüksək tərəqqiyə çata bilər. Elmin qapıları bütün bacarıqlı insanların üzünə taybatay açıq olmalıdır”. Bu fikir indi də fransız təhsil sisteminin ana xəttini təşkil edir. İndi bir anlıq təsəvvür edin Qori Müəllimlər Seminariyası pullu olsaydı, bu qədər dühalar yetişə bilərdimi? Müasir dünyada təhsilin kütləviliyi onun ödənişli olmasına yol açdı. Ancaq ölkələr spesifikliyi ilə bir-birindən fərqlənir. Məsələn, bizim kimi ölkələrdə ödənişli təhsil 30 faizi ötməməli idi. Ödənişli təhsilin faizinin yüksək olması mütəxəssis hazırlığına da təsir edir. Yaxud Sovet İttifaqında təhsil pullu olsaydı, Qoşqar Əhmədov, Abbas Zamanov, Yəhya Məmmədov, Məcid Rəsulov, Cəlal Allahverdiyev, Arif  Babayev və başqa görkəmli alimlər yetişə bilərdimi? Əlbəttə ki, yox. Bunların hamısı kasıb ailələrin övladları olub. “Pulun varsa, oxuya bilərsən, pulun yoxdursa, oxuya bilməzsən” fikrinin tətbiqi ölkə üçün mütəxəssis hazırlığına amansız zərbə vurub. Təhsil insanları yoxsulluğa sürükləməməlidir. Təhsil insanların rifah halının yaxşılaşdırılmasına xidmət edən əsas vasitəyə çevrilməlidir. Dünyanın inkişaf etmiş ölkələrində pulsuzluq təhsil almağın qabağını kəsmir. ABŞ elminin qüdrəti istedadlı şəxslərə elmin və təhsilin qapılarını açıq qoymaqla güclənib. Boloniya razılaşmasının  üzvü olan ölkələrin əksəriyyətində tələbələrə uzun müddətli aşağı faizli kreditlər verilir. Buna əməl edən ölkələr gələcəyini düşünən ölkələrdir. İndi təsəvvür edin, kasıb ailənin övladı Tibb Universitetinə daxil olub. Təhsil haqqı 3000 manatdır. Təhsil haqlarının ödənilməsi də valideynlərin məzuniyyət vaxtına təsadüf edir.

Belə çıxır ki, kasıblar övladlarının təhsili üçün evlərini satmalıdır? Bəs tələbənin geyimi, yol xərcləri, qidalanması və s. necə olsun?

Tələbə valideynlərinin düşdüyü vəziyyətə görə daim narahatçılıqmı keçirməlidir? Buna görə də valideynlərə təhsil haqqının ödənilməsində güzəştlər edilməlidir. Tələbələr 1-ci ildə təhsil haqqının yarısını, yaxud 30 faizini ödəsə, ali məktəb müflisləşməz”. 

E.Əliyev bildirdi ki, universitetlər tələbə gəlirlərinə göz dikməməlidirlər: “Ali təhsil müəssisələri vəsait qazanmağın yollarını axtarmalıdır. Onsuz da ali məktəblər semestr boyu ödəniş etməyən tələbəni xaric edirlər. Dövlət sifarişinin yerlərinin artırılması daha yüksək bal toplayanların ali məktəblərə daxil olmasına şərait yarada bilər. Məncə, hökumət qanadlarını daha geniş açıb təhsili himayə etməlidir. Əhalinin gəlirlərinin aşağı düşdüyü bir şəraitdə təhsil haqlarını bu cür sabit saxlamaq olmaz. Builki tələbə qəbulunun nəticələri onu göstərdi ki, yüksək təhsil haqları ilə ali məktəbin plan yerlərini doldurmaq mümkün deyil. Gələcəkdə bunun təkrarlanmaması üçün ali məktəb rəhbərləri papaqlarını qarşılarına qoyub düşünməlidirlər”.

Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, dövlət ali təhsil müəssisələrinə təhsil haqqını hissə-hissə almaq göstərişi verilməlidir:

“İnsanların maddi imkanını nəzərə almaq lazımdır. Əlbəttə ki, özəl ali təhsil müəssisələrinə bunu diktə etmək olmaz. Amma dövlət ali təhsil müəssisələrinə göstəriş vermək olar ki, 1-ci kursda da təhsil haqqını hissə-hissə alın. Burada çətin heç nə yoxdur. Bu, tələbə kreditləri məsələsini də gündəmə gətirir. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də reallaşdırılmır. Çünki oxumaq havayı deyil. Oxumaq üçün pul ödəmək lazımdır. Bunu da ya dövlət ödəməlidir, ya da tələbənin valideyni. Özəl ali təhsil müəssislərində valideynlərin özləri ödəyir. Amma dövlət hesabına olan universitetlərdə bunu valideyn ödəməməlidir. Tələbə krediti olarsa, tələbə təhsil haqqını ödəyər, sonra da bir neçə il işləyib o pulu geri qaytarar”.

musavat.com

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın