Cümə , Oktyabr 23 2020
Ana səhifə / Media / Bazarları at-eşşək əti bürüyə bilər

Bazarları at-eşşək əti bürüyə bilər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli mətbuata açıqlamasında Azərbaycan və Moldova arasında at ətinin ixracı barədə müqavilə bağlandığını bildirib. Mətbuat katibinin sözlərindən bəlli olub ki, bir sıra regionlarda, o cümlədən Gəncə regionunda at kəsimi məntəqəsinin tikilməsi planlaşdırılır.

Y.Xanvəli məntəqənin soyuducularla təmin olunacağını və həmin məntəqələrdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcəyini bildirib.

“Bundan sonra heyvanlar qəbul olunacaq. Müayinə edildikdən sonra kəsiminə icazə veriləcək. At əti yalnız Moldovaya ixrac olunacaq. Yəni ölkə daxilində bu ətin satılması mümkün deyil. Bütün proseslər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarının nəzarəti altında həyata keçiriləcək” – deyə Y.Xənvəli fikirini konkretləşdirib.

Halbuki Azərbaycanda at, eşşək ətinin satışına qadağa yoxdur və olmayıb. Bu baxımdan, Y.Xanvəlinin niyə ətin məhz Moldovaya satılacağını israrla söyləməsi sualı yaranır.
Axı ölkədə piştaxtalara at, eşşək ətinin çıxması adi haldır. Sadəcə, belə heyvanların əti öz adı ilə deyil, mal əti adı ilə əhaliyə sırınır.

Bu haqda “Yeni Müsavat”ın 13 aprel 2016-cı il tarixli sayında “Azərbaycanda ”Leşyığanlar şəbəkəsi” milləti zəhərləyir – şok faktlar” sərlövhəli yazıda detallı məlumat vermişdik. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”ın müxbirinə demişdi ki, 15 ilə yaxındır ki, murdar at, qeyri-ənənəvi ətləri Bakıya gətirən şəbəkəni ifşa etmək istəyirlər. Amma buna nail ola bilmirlər

Həmin yazıdan sitat: “Dövlət orqanlarına Bakıda murdar ətlərin emal olunduğu, saxlandığı, satıldığı ünvan haqda məlumat vermişik. Nəsimi rayonu ərazisində 4-cü mikrorayonda yerləşən həmin sallaqxana illərdir fəaliyyətdədir. Bu yer haqda məlumat veririk, lakin dövlət orqanlarının ora ilə bağlı birgə fəaliyyətinə nail ola bilmirik. Polisə məlumat veririk, deyir, biz təhlükəsizliyi qoruyarıq, amma oradan ət götürüb ekspertizaya təqdim edə bilmərik. Çox təəssüflər olsun ki, dövlət orqanları bu haqda heç bir tədbir görmək istəmir”.

Belə bir halda Yolçu Xanvəlinin Gəncədə kəsiləcək at-eşşək ətinin Moldovada satılacağına israrla diqqət çəkməsi təsadüfdürmü?

Digər tərəfdən, Eyyub Hüseynov qəzetimizə elə həmin açıqlamasında çox maraqlı bir faktı da açıqlamışdı.

Sitat: “Sovet dövründə qəbul olunmuş qərara görə, Azərbaycanda at və eşşək əti yeməli ət kimi göstərilib. Həmin qərarın ləğv olunması haqda müvafiq əmr yoxdur. Əminəm ki, həmin qərarı o dövrdə ermənilər qəbul etdirib. 15 sovet respublikasından yalnız Azərbaycanda belə ətlərin yeyilməsinə rəsmi qərarla icazə verilib. Bu gün İqtisadiyyat Nazirliyinin səlahiyyəti var ki, həmin qərarı ləğv etsin”.

Bu ilin aprelində bu fakt yenidən gündəmə gəlsə də, İqtisadiyyat Nazirliyi sovetlər dönəmində qəbul olunmuş qərarı ləğv etməyə heç bir cəhd göstərmədi. Niyə? Nə səbəbə?
Bu gün at-eşşək ətinin satışından əldə olunan pulların qədəri, dövriyyəsi haqda konkret məlumat yoxdur. Amma gündəlik xəbər saytlarını izləyənlər Azərbaycanda at-eşşək ətinin satışının qoyun və mal ətindən sonrakı yerdə qərarlaşdığını söyləyə bilərlər. Çünki xəbər saytlarında tez-tez Bakıya gətirilən və çəkisi tonlarla olan at-eşşək ətinin saxlanılması haqda məlumatlar yer alır. Bəs hüquq-mühafizə orqanlarının diqqətindən yayınan və piştaxtalara çıxan, əhaliyə satılan belə ətlərin gətirdiyi gəlir nə qədərdir? Aydındır ki, söhbət milyonlarla manatdan gedir və belə dövriyyənin varlığı nazirliklərdə əyləşənlərin diqqətindən kənar deyil. Odur ki, at-eşşək əti biznesi çiçəklənməkdədir. Gəncədən Moldovaya göndəriləcək at-eşşək ətinin Azərbaycanın müxtəlif rayonlarındakı bazarlara ayaq açmayacağı da böyük sual altındadır.

Bu xəbərdən sonra Moldova ət bazarında qiymətləri də araşdırdıq. Məlum oldu ki, bu gün Moldova paytaxtı Kişinyovda mal ətinin 1 kiloqramı 6 manatdan bir qədər baha, konkret olaraq 6 manat 20 qəpikdir. Moldovanın pul vahidində desək, 1 kiloqram ət 70 leydir. Moldovada at ətinə maraq o qədər də çox deyil. Azərbaycanın at əti idxalçısı kimi məhz Moldovanını seçməsi də maraq doğurur. Çünki bu ölkədə at ətinə maraq o qədər də böyük deyil. Rusiyada isə əksinə, ildən-ilə at ətinə tələbat artır. Məsələn, 2016-cı ildə Rusiyada ət ətinə olan tələbatın yalnız 25 faizi ödənilib. Rusiyalı mütəxəssislər at ətinə tələbatın qiymətlə əlaqəli artdığı qənaətindədirlər. Mal ətinin kiloqramı istehsalçıya 170-180 rubla başa gəlirsə, at-eşşək ətinin maya dəyəri 20 rublu aşmır.

Mal-qaranın gündəlik yem təminatının nəzarətdə saxlanılmasına xərclənən pulların təxminən 15-20 faizi at-eşşək təsərrüfatının saxlanılması üçün kifayət edir.

Maraqlı mənzərə üzə çıxır. Azərbaycanda təqaüdçülərin 150-200 manat təqaüd aldıqları bir vaxtda, mal ətinin qiyməti 11-12 manata qədər artıb. Belə bir vaxtda ölkədə maya dəyəri qəpik-quruş olan at-eşşək ətinin kəsimi, tədarükü məntəqəsinin yaradılması təsadüfidir?
Moldovada mal əti 6 manatdırsa, Azərbaycan mənşəli at ətini hansı məntiqlə orada 16 dollara satacaqlar? Həmin ətin Moldovaya daşınması, soyuducularda saxlanması, əti satanların xərclərini də bura əlavə etsək, çoxlu suallar ortaya çıxır. Azərbaycan mənşəli at ətinin Moldovaya gedib çıxacağına böyük şübhələr yaranır. (Musavat.com)

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın