Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Bayramdırsa, çirkab suları evinə dolsa da dözməlisən… – RAMANADA RƏZALƏT

Bayramdırsa, çirkab suları evinə dolsa da dözməlisən… – RAMANADA RƏZALƏT

“Bələdiyyə deyir bayramdır, icra hakimiyyətində qapıçıdan başqa heç kəs yoxdur. Yağış yağıb, yenə qrunt suları həyətlərimizə qədər dolub. Necə ki bu qədər insanı aldadıb, torpağı satıblar, indi gəlib suları təmizləsinlər”.

Bunu AzadlıqRadiosu-na Sabunçu rayonu, Ramana qəsəbəsindəki Südçülük sovxozu ərazisində yaşayan sakinlər deyir.

“HƏRƏMİZ BİR XƏSTƏLİK TAPMIŞIQ”

Son illərdə bu ərazidə əməlli-başlı yaşayış massivi salınıb. Yüzlərlə ailənin daimi yaşadığı ərazidə kommunal problemlər bitib-tükənmək bilmir. Ən vacibi isə kanalizasiya sisteminin qurulmamasıdır. Əsasən, yaz və payız vaxtı yağan yağışlar məhəllələrdə iri gölməçələrin yaranmasına səbəb olur. Çirkab sular tədricən həyətlərə və mənzillərə dolur. Məhəllə sakini Güllü İsayeva danışır:

“Burda böyrək xəstəliyi tapdım, 2 ildir ki, dializ alıram. Əvvəllər belə deyildi, buranı bizə satdılar, sonra da yuxarı tərəflərə keçdilər, oraları satdılar. İndi yuxarı məhəllələrin çirkab suları axıb məhəllələrimizə dolur. Yağış yağanda vəziyyət lap pis olur. Bu dəqiqə gəlsəniz, məhəlləmizdən keçmək üçün uzunboğaz rezin ayaqqabı geyməlisiz. Dünən axşam halım pisləşib, təcili yardım gəlməkdən imtina edib ki, məhəllələrdən üfunət iyi gəlir, maşın çirkab sulardan yaranan göldə ilişib qalır”.

Sakinlər bildirirlər ki, hazırda ərazidə dizdən yuxarı qrunt suları yığıldığından küçəyə çıxa bilmirlər. Daşdəmir Süleymanovun sözlərinə görə, evinin altı da suyla dolub:

“Daş alıb tökmüşəm ki, qarşısını ala bilim. Döşəmələr çürüyüb. Hərəmiz bir xəstəlik tapmışıq. Havasızlıqdır, 4 yaşlı oğlum astma xəstəliyinə tutulub. Əsas da ciyərlərimiz, böyrəklərimiz əldən gedir. Bir sözlə, ev-eşiyimizlə birlikdə özümüz də çürüyüb yoxa çıxırıq”.

GÖRÜNTÜ XƏTLƏRİ

Sakinlərin deməsinə görə, ev tikmək üçün bu torpaq sahələrini alarkən onlara tezliklə kommunal şəraitin yaxşılaşdırılacağı, üstəlik ərazidə məktəb, uşaq bağçası inşa ediləcəyi vəd olunub. Ancaq uzun illərdir ki, nə yolu, nə kanalizasiya xətti, nə qazı, işığı, nə də suyu var. Daha doğrusu, qaz, işıq xətləri olsa da, yalnız görüntü üçündür.

Qeyri-iş günü olduğundan məsələyə rəsmi münasibət öyrənmək mümkün olmayıb. Lakin Sabunçu rayon icra hakimiyyətindən Ramanadakı yeni salınmış yaşayış massivlərindəki eyni problemlərlə bağlı indiyədək verilən cavablar da eyni olub: “Bakıətrafı qəsəbələrdəki yeni yaşayış massivlərinin sosial problemləri dövlət proqramına uyğun olaraq aradan qaldırılır”.

Sakinlərsə bildirirlər ki, nədənsə, bu irəliləyişi rəsmi qurumların rəhbərlərindən başqa deyən, görən və hiss edən yoxdur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın