Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Bayram yarmarkası: alıcı narazı, satıcı narahat… – QİYMƏTLƏR

Bayram yarmarkası: alıcı narazı, satıcı narahat… – QİYMƏTLƏR

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkaları bu gündən etibarən fəaliyyətə başlayıb. Dekabrın 31-dək davam edəcək yarmarkalar Bakıda beş, Sumqayıtda iki ərazidə təşkil olunub. Nazirlik yarmarkaya çıxarılan məhsulların bazarlardakı qiymətlərə nisbətən 30-40 faiz ucuz satılacağını vəd edib.

Meyvə-tərəvəz məhsullarının qiymətində endirim olsa da, quş əti və balığın qiyməti digər bazarlardan fərqli deyil.

“Elit” ticarət mərkəzinin yaxınlığındakı yarmarkada alıcı əlindən tərpənmək mümkün deyil. Bazarın girəcəyində mal, qoyun və quş ətinin, yumurtanın, eləcə də meyvə-tərəvəz məhsullarının qiymətləri yazılmış lövhə vurulub. Satıcılar isə deyirlər ki, lövhədəki qiymətlər tövsiyə edilmiş məbləğdir, məsələn, kənd yumurtasını 15 qəpiyə satmaq sərf etmir. Buna görə də, yumurta 20 qəpiyə satılır.

Diri toyuq çəkisinə görə 7-9, xoruz 15, hind toyuğu 18-35, qaz 20, ördək 15-25 manata satılır. Buzlanmış toyuq 5, xoruz 10, hind toyuğu (kiloqramı) 9-11 manatdan satılır. Balıq isə 4 manat 50 qəpikdən 8 manata qədərdir. Mal əti 7, qoyun əti isə 6 manat 50 qəpiyə təklif edilir.

Yarmarkaya çıxarılan meyvə-tərəvəzin birbaşa rayonlardan gətiridiyi iddia olunur. Nar 1-2 manat, banan 1 manat 80 qəpik, portağal 1 manat 50 qəpik, alma 80 qəpik-2 manat, üzüm 2 manata satılır. Badımcan 2 manat, pomidor 2 manat 50 qəpik-4 manat, xiyar 3 manat, göyərti 25 qəpikdir. Qusardan gətirildiyi iddia olunan pendirin qiyməti isə 5 manatdan başlayır.

Yarmarkada diqqət çəkən məqamlardan biri də qırmızı kartofun qiymətidir – 1 manat 30 qəpik. Halbuki, Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki 4 saylı bazarda qırmızı kartofu 90 qəpik-1 manata almaq mümkündür. Satıcı deyir ki, kartofu səhər tezdən Gədəbəydən gələn kəndlidən alıb, üstünə 10 qəpik qoyaraq satır. Bu yarmarkada alverçilərin deyil, fermerlərin, kəndlilərin məhsul satmalı olduğu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin xəbərdarlığını yada salırıq və “burdakı satıcıların 80 faizi qonum-qonşudur”, – cavabını alırıq.

Qoz, fındıq və şabalıdın qiyməti isə marketlərdəki qiymətlərdən fərqlənmir. Qoz ləpəsi 17-22, fındıq isə 15-19 manatdır. Satıcı deyir ki, qiymətlər məhsulun keyfiyyətindən asılıdır. Məsələn, Zaqatala və İsmayıllıdan gətirilən məhsullar nisbətən bahadır.

Satıcılardan fərqli olaraq, alıcılar yenə də bahalıqdan şikayətçidirlər. Alıcı Mətanət Həsənova deyir ki, hazırda digər bazarlarda da hind toyuğunun kiloqramı 9-10 manata satılır: “Diri toyuq 7-8 manatdır, buzlanmış toyuğu 5 manata aldıq. Yumurta da hər yerdə 20 qəpiyədir. Kartofun, soğanın, kələmin qiyməti 5-10 qəpik fərqlidir. Bayramda kələm, ya badımcan alan var?”

Quş əti satışı ilə məşğul olan Cəfər isə deyir ki, adi günlərdə qaz, ördək və hind toyuğuna təlabat az olduğundan, səbirsizliklə bayram bazarını gözləyirlər. “Bazara 30 hind toyuğu çıxarmışam, heç 15-ni sata bilməmişəm. Amma buna da şükür. Bəzən ayda 2-3 hind toyuğu alan olmur. İndi yalnız ad günlərində və ya bayramlarda qazancımız olur”, – Cəfər deyir.

Quş əti satanlardan fərqli olaraq, qəssablar alıcı azlığından şikayətçidirlər. “Bütün heyvanlar baytar nəzarətindən keçirilib. Baxın, sənədlər də var. Amma çoxları yarmarkada satılan ətlərin yaşlı heyvanları əti olduğunu, bu səbəbdən ucuz satıldığını düşünürlər. Amma digər yerlərdə satılan ətlərdən fərqi yoxdur”, – satıcılar deyir.

Onu da qeyd edək ki, satıcılar yarmarkanın son günləri qiymətin nisbətən bahalaşacağını da gizlətmirlər. (Virtualaz.org)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın