Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Media / Baş redaktorlardan MEDİA-nın müsabiqəsinə REAKSİYA: “Təsirləri çox olacaq”

Baş redaktorlardan MEDİA-nın müsabiqəsinə REAKSİYA: “Təsirləri çox olacaq”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb.

MEDİA 40-a yaxın sayta maliyyə yardımı göstərilməsi barədə qərar qəbul edib.

Modern.az-ınəməkdaşı müsabiqədə qalib olmuş bir neçə sayt rəhbərinin fikrini öyrənib.

“Visiontv.az” saytının rəhbəri Şöhrət Eldəniz qaliblər siyahıya düşən onlayn media subyektlərini təbrik edib:

“Qaliblərı təbrik edirəm. Qalib gəlməyənlərə gələcəkdə uğurlar əldə etməsini arzulayıram. Bir-iki kəlmə deyəcək sözüm var. Müsabiqədən sonra tənqid və təriflərin olmasi təbiidir. Amma edilən tənqidlərin dozası və iftirasının səviyyə dərəcəsindən asılı olduğunu nəzərə alaraq deyim ki, keçmiş KİVDF-nin və Əli Həsənovun əlaltısı olan bəzilərinin bu gün çıxıb qalib gələnləri onun adamı olmaqda ittiham etməsi gülüncdür. Mətbuat aləmində məni tanıyanlar bilir ki, ömrümün 30 ilini televiziyaya və yazılı mətbuata həsr edən biri kimi, düz 15 ili Əli və KİVDF-nin şayqası ilə mübarizə apardım. Və buna görə duz 15 il mənim ciddi mətbu orqanlarda və telekanallarda işləməyimə yasaq qoyuldu. 1 ildir ki, mətbuatda elan olunan islahatlar çağırışından sonra yenidən bu sahəyə qayıtdım. Və durmadan televiziya və yazılı mətbuatda medianın inkişafı, aparılan islahatlara öz təkliflərimi verməklə yanaşı, tənqidi fikirlərimi də ardıcıl və çəkinmədən dedim, yenə də deyirəm. Özümə söz vermişəm, bu cür də sona qədər davam edəcəyəm. Deməyim nədir. Əli Həsənovun “vatsap qrupu”nda olub ona buna torba tikən, sağlam və tənqidi jurnalistikanı, reket və söyüş jurnalistikasına çevirənlər bu gün çıxıb düzlükdən, qalib gələn saytları Əlinin, Vüqarın adına bağlamaqdan danışanlar əvvəlcə girdikləri ciblərdən çıxsınlar, sifətlərini dəqiq tanıyaq, sonra mənə söz atsınlar. Onlar kimlərinsə cibindən söz ata bilər, amma mən birbaşa üzlərinə deyə bilərəm və deyirəm də.

Bir daha bəyan edirəm. MEDİA-nin elan etdiyi layihə barədə ilk gündən tənqid və təklif verənlərdən bəlkə də birincisi mən olmuşam. Əksər telekanallarda və yazılı mediada açıqlamam, çıxışlarim və yazılarım var. Və bu gün qaliblər siyahısında adımızın olacağına  əslində heç ümidim də yox idi. Amma MEDİA-nın tutduğu obyektiv mövqe ümumilikdə bu sahədə aparılan islahatların uğuruna məndə çox boyük ümid yaratdı. Əminəm ki, başlanılan iş tam ciddiliyi ilə davam edib məntiqi nəticəyə çatacaq. Və Azərbaycan mediası dərindən nəfəs ala biləcək”.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadənin fikrincə, vəsaitin xərclənməsinə MEDİA ciddi nəzarət etməlidir:

“Keçirilən media müsabiqəsini çox müsabət qiymətləndirirəm. Ümid edirəm ki, qalib olan media qurumlarına ayrılan vəsait internet medianın inkişafına sərf ediləcək. Mən baş redaktor həmkarlarıma səslənirəm ki, əvvəlki illərin təcrübəsindən əl çəksinlər. Ayrılan vəsaiti konkret jurnalist əməkdaşlarımızın vəziyyətinin yaxşılaşdırılmasına xərcləsinlər. Dövlət bu pulu sayt rəhbərləri ciblərinə qoymağı üçün vermir. Arzu edirəm ki, MEDİA bu vəsaitin xərclənməsinə ciddi nəzarət etsin”.

“Demokrat.az”ın rəhbəri Vasif Həsənli:

“Medianın İnkişafı Agentliyinin elan etdiyi siyahı onu göstərdi ki, artıq Vüqar Səfərlinin dönəmindəki kimi milyonluq villaları olan oliqarx media rəhbərlərinin hökmranlığı dövrü bitib, kim yaxşı iş, potensial ortaya qoya bilirsə, ona dövlət dəstəyi veriləcək!”.

“Editor.az” portalının rəhbəri Fərid Şahbazlı qeyd edib ki, MEDİA-nın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması mətbuat cameəsi tərəfindən müsbət qarşılanıb:

“Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin yaranması və yarandığından dərhal sonra öz fəaliyyətində əsas istiqamətlərdən biri kimi internet resurslarını dəstəkləməyi seçməsi müsbət haldır. Çünki indiyə kimi bundan əvvəl fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyətində internet media subyektləri diqqətdən kənarda qalırdı. Baxmayaraq ki, ictimai rəyin formalaşmasında ən çox əməyi olan məhz internet media subyektləridi.

Bu mənada ümumiyyətlə yanaşmanın dəyişməyi və MEDİA-nın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyması Azərbaycanın mətbu cameəsi tərəfindən çox müsbət qarşılanır.  

İlk gündən bəri söyləmişdim ki, müsabiqədə elan olunan şərtlər qətiyyən mürəkkəb şərtlər deyil. Kifayət qədər başadüşülən, normal şərtlərdir. Düşünürəm ki, bu şərtlər normal fəaliyyət göstərən bütün interner media resursları üçün uyğundur”.

Jurnalistin sözlərinə görə, müsabiqənin nəticələri ölkənin  internet media məkanında rəqabətliliyi artıracaq:

“Əlbəttə mübarizə, seçim varsa, narazılıqların olması da başadüşülən, anlaşılandır. Bu narazılıqlar obyektiv də, subyektiv də ola bilər. Bu demokratik cəmiyyətlərə xas bir xüsusiyyətdir.

Hesab edirəm ki, qaliblər arasında kifayət qədər ölkəmizdə ictimai rəyin formalaşmasında ciddi rol oynayan, uzun illərdir fəaliyyət göstərən internet media resursları və xəbər saytları var.

Qalib həmkarlarımızı təbrik edirəm, digər həmkarlara isə növbəti mərhələlərdə uğurlar arzu edirəm. Bu müsabiqənin nəticələri ölkəmizin internet media məkanında rəqabətliliyi artıracaq, internet medianı keyfiyyətcə yeni mərhələyə qaldıracaq və ümumilikdə qazanan Azərbaycan mediası olacaq”.

“Qol.az” saytının redaktoru Aydın Bağırov deyib ki, bu, idman mediasının təmsil olunduğu ilk müsabiqədi:

“İdman mediası təmsil olunan ilk müsabiqə idi. Bu müsabiqədə 7 idman qurumu təmsil olunurdu. Müsabiqə  idman mediasına ciddi təkanlar verəcək. Əsas odur ki, idman mediasının bu müsabiqələrdə iştirakına şərait yaradıldı. İdman mətbuatı digər mətbuat sahələrindən qıraqda qalırdı. Əvvəllər idman mətbuatı medianın bir qolu deyilmiş kimi görünürdü.

Düşünürəm ki, MEDİA-nın idman mətbuatının da inkişafına müsbət təsirləri çox olacaq. Keçirilən bu müsabiqəni çox müsbət qiymətləndirirəm”.

Həmçinin oxuyun

Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Jurnalist, Azeronline.tv saytının baş redaktoru Elmira Hümbətova daxili işlər naziri Vilayət Eyvazova xüsusi təşəkkürünü çatdırıb: …