Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Baş redaktordan şikayətçi olan ana-bala məhkəməyə gəlmədi

Baş redaktordan şikayətçi olan ana-bala məhkəməyə gəlmədi

Bu gün Ağır Cinyətlər Məhkəməsində Criminal.az saytının baş redaktoru Anar Məmmədovun növbəti məhkəmə prosesi baş tutub. Criminal.az saytı xəbər verir ki, cinayət işində adları keçən şəhidlər məhkəməyə gəlməyiblər.A.Məmmədovun vəkili Elçin Sadıqov məhkəməyə şahidlərin məcburi gətrilməsi barədə qərar çıxarmasını xahiş edib. Prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, şahidlərin yenidən məhkəməyə çağırılması üçün rəsmi məktub göndəriləcək. Növbəti dəfə gəlməsələr, onların məhkəməyə məcburi qaydada gətirilməsinə baxıla bilər. Məhkəmə yanvarın 29-na kimi təxirə salınıb.A.Məmmədova qarşı cinayət işi üç qadın şahidin şikayəti əsasında qurulub. Belə ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən olan qadın və onun qızı Bakı Şəhər Prokurorluğuna müraciət edərək Criminal.az saytında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar yazılmış məqalələrdən sarsıntı keçirdiklərini bildiriblər. İddia ediblər ki, A.Məmmədovun yazılarında dövlət əleyhinə çağırış var. Həmin ana-bala prokurorluqdan sayt rəhbərinin məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Eksperiza da həmin qadınların iddiasına uyğun rəy verib.Cinayət işində adı keçən 3-cü şahid isə Gəncə şəhər Baş Polis İdarəsinin mərhum rəisi, general-mayor Rasim Musayevin köməkçisi olmuş qadındır. O, Bakı Şəhər Prokurorluğuna məcburi gətirilib və Anar Məmmədovun əleyhinə ifadə verib.A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bəzi media qurumları «çağırış xarakterli, ictimaiyyəti çaşdıran» məlumatlar paylaşmaqda günahlandırılırdı. İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az-a girişə məhdudiyyət qoyulmuşdu. Məhkəmə ittihamları təsdiqləsə, A.Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər. Jurnalist özünü təqsirli bilmir və ittihamları rədd edir.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …