Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Baş redaktordan Prezidentə açıq müraciət

Baş redaktordan Prezidentə açıq müraciət

Şirin Cəfəri: “71000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı”

Bu günlərdə “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru cənab Əhməd İsmayılova müraciət edib. Beləliklə baş redaktorun müraciətini olduğu kimi təqdim edirik:

“Möhtərəm Prezident! Təsisçisi və baş redaktoru olduğum “Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzet 01 iyun 2009-cu il tarixindən çap mediası olaraq işıq üzü görüb. Qəzet ilk əvvəl həftədə bir dəfə, bir müddət keçdikdən sonra isə, həftədə iki dəfə, üç dəfə, dörd dəfə, beş dəfə və son olaraq həftədə altı dəfə işıq üzü görə bilirdi. Qəzetlərin yayımını təşkil edən köşklərdə və əldə yayımlarda “Gündəm Xəbər” qəzetinin ümumi sayının satış nüsxələri təqribən 70-80 faiz civarında olurdu ki, əldə olunan gəlirlər hesabına lazım olan xərclərimizi ödəyə bilirdik. Fəaliyyət göstərdiyimiz ötən illər ərzində başlıca amalımız dövlətimizə, xalqımıza xidmət etmək, dövlətçiliyimizi qorumaq və dövlətimizin ümumilli maraqlarına xəyanət edən hər kəsi ifşa etmək olurdu. Məhz, bu gün də həmin istək üzərində düşünürük və gələcəkdə fəaliyyətimizi bu yöndə davam etdirmək arzusundayıq. Belə bir mövqeyimizin varlığına baxmayaraq, dövlətçilik amallarının müdafiə olunub yaşadılması yolunda uğurlu addımlarını atan “Gündəm Xəbər” qəzeti, məhz Sizin sabiq köməkçiniz Əli Həsənov tərəfindən olmazın təzyiqlərlə üz-üzə qaldı. Belə ki, 2011-ci ildə Əli Həsənov hansısa maraqları çərçivəsində Mətbuat Şurasına göstəriş verdi ki, bu qəzeti susdurmaq üçün istintaq əməliyyat tədbirləri həyata keçirilsin. Verilmiş belə bir tapşırıqdan sonra Mətbuat Şurası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə rəsmi məktub göndərdi ki, “Gündəm Xəbər” qəzetinə qarşı korrupsiya adı altında istintaq işi qaldırılsın. Belə bir əsassız məktubu adı çəkilən idarənin sabiq rəisi Kamran Əliyev heç bir araşdırma işləri aparmadan geri qaytarır. Onu da qeyd edim ki, həmin vaxtlarda Mətbuat Şurasının Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərdiyi məktub bizdə narahatçılıq yaratdığından, bununla bağlı bir neçə dəfə Sizə müraciət etməli oldum. Düzdür, ünvanladığım müraciətlərin heç bir nəticə vermədiyini görüb həm özümü, həm də təsisçisi və baş redaktoru olduğum “Gündəm Xəbər” qəzetini müdafiə etmək məqsədilə mətbuat konfransı keçirməyə qərar verdim. Bundan sonra Azərbaycanda “Diffamasiya qanunu”nun qəbul olunması üçün Mətbuat Şurasının binasında Bakıya dörd günlük səfər edən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin iştirakı ilə tədbir keçirildi. Keçirilən tədbirdə belə qənaətə gəlindi ki, mətbuat tam şəkildə azad və toxunulmaz olmalıdır. Belə bir halın varlığına əsaslanaraq, jurnalistlər Əli Həsənova sual ünvanladılar. O isə cavabında bildirir ki, “mətbuat toxunulmaz və azaddır”. Bu cür cavabı eşidən jurnalistlər ”Gündəm Xəbər” qəzetinə qarşı baş verən təziyiqləri ona xatırladırlar. Əli Həsənov budəfəki cavabında isə qeyd etdi ki, “bəzi qəzetlərin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə verilməsinə səbəb, məmurların fəaliyyətlərinin araşdırılması yöndə mətbuat səhifələrində dərc olunan əksər məqalələrin varlığı olur”. Biz ilk əvvəl belə bir hiyləyə inansaq da, iki aydan sonra bunun tam şəkildə yalan olmasının canlı şahidi olduq. Yəni, Əli Həsənovun vermiş olduğu sifariş əsasında Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetini təftiş etməyə başladı və haqqımızda heç bir əsası olmayan saxta qərar çıxarıb, bizi 71000 manat məbləğində cərimə etdilər. Beləliklə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində istintaq prosesi başladı və yekun qərar Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə göndərildi. Məhkəmə araşdırmalarından sonra 71000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı və barəmdə üç il şərti cəza hökmü elan olundu. Əli Həsənov səlahiyyət sahibi olarkən, “Gündəm Xəbər” qəzetinə qarşı göstərdiyi təzyiqlərini sonrakı illərdə də davam etdirdi. Belə ki, bu şəxs gecə-gündüz yuxusuz qalıb minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz və gündəlik nəşr olunan “Gündəm Xəbər” qəzetini iflic etdirmək üçün, dövlətin müxtəlif qurumlarının təsir imkanlarından istifadə etdi və bizə qarşı qeyri-qanuni basqılar həyata keçirtdi. Yəni, bu şəxsin verdiyi tapşırıqlar əsasında redaksiyamız “Azərbaycan” nəşriyyatındandakı ofisindən çıxardıldı. “Gündəm Xəbər”in çap işlərini həyata keçirən mətbəələrin rəhbərliyinə tapşırıq verdirdi ki, ”bu qəzeti çap etməyin, əgər çap edərsinizsə o halda mətbənizi bağlatdıraram” deyib, qəzetin çap versiyası dayandırtdırdı. Hətta, qəzetimizin onlayn versiyası olan GundemXeber.Az saytının bloklanması yöndə “Delta telekom”a tapşırıq verib saytımızı da bloklatdı. Xüsusi vurğulamaq yerinə düşər ki, Əli Həsənov “Gündəm Xəbər” qəzetinin heç bir layihə proqramına salınmaması üçün, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə lazımi tapşırığını da verir. Baxmayaraq ki, bu qəzet KİVDF-dən yardım almaq üçün bütün göstəricilərə cavab verir və adı çəkilən quruma üç dəfə layihə təqdim etsək də, Vüqar Səfərlinin diktəsi ilə sənədləri qəbul edən komissiya üzvləri layihə sənədlərimizin heç üzünə belə baxmırlar. Bundan əlavə, hal-hazırda yataqxanada müvəqqəti yaşamağıma və 22 il ərzində Azərbaycan mətbuatında çalışmağıma baxmayaraq, bir neçə dəfə sənədlərimi təqdim etsəm də, Sizin tapşırığınız əsasında jurnalistlərə tikilən binadan mənə mənzil vermədilər. Hansı ki, həmin binalardan mətbuata aydiyyatı olmayan şəxslər evlə təmin olunublar. Bu kimi məsələlərlə bağlı dəfələrlə Əli Həsənova yazılı müraciətlərimi təqdim etsəm də, sonra başa düşmüşəm ki, bu cür çirkin oyunların başında elə onun özü dayanmışdır. Biz ”Gündəm Xəbər” qəzetində və eyni adlı saytımızda Əli Həsənov başda olmaqla, qruplaşmaya daxil olan digər şəxslərin büdcə oğurluqları, korrupsiya əməlləri və digər qanunsuzluq əməlləri haqda dəfələrlə tənqidi açıqlamalar yayımladıq ki, köməkçinizin hansı əqidə sahibi olduğunu biləsiniz. Siz peşəkar jurnalistləri özünüzə yaxın dost bilirsiniz. Bizim də dostumuza yardımçı olmağımız həm vacibdir, həm də borcumuzdur. Əlavə olaraq onu da qeyd edim ki, “Gündəm Xəbər” qəzeti bir ildən artıq müddətdir ki, fəaliyyətini məcburi şəkildə dayandırıb. Buna da əsas səbəb, Əli Həsənov başda olmaqla Vüqar Səfərlinin və bu sahəyə məsul olan digər şəxslərin qəzetimizə qarşı qərəzçilik mövqeyində durmaları olub. Bu gün qəzetimizi yenidən çap etmək və geniş ictimaiyyətin təkrar görüşünə gəlmək istəyində olsaq da, maliyyə çatışmazlığı bizə belə bir addımı atmağa heç cür imkan vermir. Ona görə də yazıb Sizdən xahiş edirəm ki, iflic edilmiş qəzetimizin fəaliyyətinin bərpa olunması üçün, KİVDF vasitəsilə bizə lazım olan köməkliyinizi göstərəsiniz”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …