Cümə , Fevral 26 2021
Ana səhifə / Media / Baş Prokurorluq KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız olaraq həbs edilməsi nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış informasiyalar Baş Prokurorluq tərəfindən təkzib olunub.

Baş Prokurorluqdan verilən məlumata görə, bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabr ayında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişatına təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədi ilə qərəzli olaraq Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar dərc edilib: “Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli, həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanıb. İstintaqın gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.

Bir daha KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmağa çağırırıq”.

Həmçinin oxuyun

Əhməd İsmayılov: “Hazırda fəaliyyət göstərən media subyektləri özlərini biznes sahəsi kimi görmür”

“Keçən ilki fəaliyyət dövrümüzdə də biz təhlillər aparmışdıq. Təhlillər nəticəsində hazırda fəaliyyət göstərən media subyektləri …